Bu gün GEANT-ın beynəlxalq layihələr üzrə meneceri Veronika Di Luna, tədqiqatlar üzrə məsul şəxs Chris Atherton, satınalma üzrə mütəxəssis Rita Mazeikaite AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış şəraitlə tanış oldular. Görüşdə İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, institutun 4 saylı şöbəsinin baş mütəxəssisi Tural Mustafayev və digər məsul şəxslər iştirak edirdilər.
Qonaqları institut ilə tanış edən Babək Nəbiyev institutun fəaliyyət istiqamətləri haqqında danışdı, qurumda Big Data analitika, kibertəhlükəsizlik, Data mining, elektron tibb, bulud texnologiyaları, proqram mühəndisliyi, elektron elm və digər istiqamətlərdə elmi tədqiqatların aparıldığını qeyd edərək əldə olunan elmi nailiyyətlərin informasiya cəmiyyətinin formalaşmasında tətbiq olunduğunu diqqətə çatdırdı.
Azərbaycanda ilk dəfə İnternetə çıxışın 1991-ci ildə məhz bu institutda həyata keçirildiyini deyən B.Nəbiyev ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olan institutun AzScienceNet şəbəkəsinin xidmətləri barədə məlumat verdi. Şəbəkənin GEANT Assosiasiyasında Azərbaycanı təmsil etdiyini vurğulayan şöbə müdirinin sözlərinə görə, AzScienceNet və AzEduNet arasında inteqrasiyanın təmin olunması nəticəsində AMEA ilə yanaşı, AR Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin alim və mütəxəssisləri, doktorant və dissertantlarının da GEANT şəbəkəsi tərəfindən təqdim olunan çoxsaylı xidmətlərdən istifadəsinə geniş imkanlar yaradılmışdır.
Artıq ölkəmizin bir çox ali təhsil müəssisəsinin AzScienceNet şəbəkəsinə qoşulduğunu qeyd edən B.Nəbiyev hazırda digər ali məktəblərdə də bu istiqamətdə işlərin davam etdirildiyini vurğuladı.
B.Nəbiyev həmçinin institutun Tədris-İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verdi, burada respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanının qəbulu, AMEA-nın magistrlarına ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili, distant kursların, seminar və konfransların təşkili, eləcə də ölkədə həyata keçirilən təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstəyin göstərilməsinin həyata keçirildiyini diqqətə çatdırdı.
Sonra qonaqlar institutun Elmi tədqiqatlar, Distant Tədris və Elektron Kitabxana mərkəzləri, “İnformasiya texnologiyaları” nəşriyyatı, İnternet-kafedə yaradılmış şəraitlə yaxından tanış oldular.
Veronika Di Luna institutda yaradılmış innovativ şəraiti, xüsusilə də AzScienceNet şəbəkəsinin imkanlarını yüksək qiymətləndirdi. Qonaq Azərbaycanın, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun Avropanın elm və təhsil layihələrinə qoşulması üçün böyük imkanlar yaradıldığını qeyd edərək birgə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını dedi, ölkəmizi GEANT-ın layihələrində daha yaxından iştirak etməyə səslədi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.