AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2018-ci il üçün hesabatı dinlənildi. Hesabatı təqdim edən mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova cari ildə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi.
Məruzəçi informasiya mədəniyyətinin formalaşması problemləri istiqamətində “Şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işinin müdafiəsinin başa çatdırıldığını, eyni zamanda, bu istiqamətdə araşdırmaların davam etdirildiyini bildirdi.
Mərkəzdə “İntellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi” istiqamətində aparılan tədqiqatlardan bəhs edən R.Mahmudova tədrisyönümlü oyunlardan, intellektual testlərdən istifadə etməklə informatika fənninin tədrisində olan bəzi problemlərin həlli üçün təkliflərin işlənildiyini, intellektual oyunların informatika fənninin tədrisinə inteqrasiyasının pedaqoji və psixoloji aspektlərinin analiz edildiyini diqqətə çatdırdı.
Məruzəçi “Jest informatikasının problemləri” istiqamətində görülmüş işlərdən danışdı. Qeyd etdi ki, jest dilinin inkişaf istiqamətləri və problemləri, daktil jestlərin tanınması metodları analiz edilib, insanın müxtəlif emosional vəziyyətlərində onun üzündəki mimikanın analizi və sintezi məsələləri araşdırılıb.
Mərkəzin elmi-innovasiya və praktiki fəaliyyəti ilə bağlı hesabatında R.Mahmudova doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və imtahanların qəbulu işinin təşkili, o cümlədən Naxçıvan Muxtar Respublikasında, Gəncə şəhəri və ətraf bölgələrdə yaşayıb elmi fəaliyyətlə məşğul olan doktorant və dissertantları üçün distant dərs, konsultasiya və imtahanların keçirilməsi üçün görülmüş işlərdən danışdı.
Sonra məruzəçi 2018-ci il ərzində TİM-də respublikanın elm və təhsil müəssisələrindən informatika fənni üzrə təşkil olunmuş kurslarda iştirak edən doktorant və dissertanlar haqqında statistik göstəriciləri təqdim etdi. Eyni zamanda, 2003-2018-ci illər ərzində informatika fənnindən imtahan vermiş doktorant və dissertantlar haqqında olan məlumatların analitik emalı əsasında kitab hazırlandığını qeyd etdi.
Daha sonra məruzəçi AMEA-nın magistratura pilləsində təhsil alan magistrlərə ümumi və seçmə fənnlərdən dərslərin və imtahanların keçirildiyini vurğuladı. Həmçinin məruzəçi, institutun doktorant və dissertantlarının ixtisas imtahanlarının təşkili işlərinin görüldüyünü, AMEA üzrə fəlsəfə fənnindən doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkilinə dəstək göstərildiyini, TİM-in saytının hazırlandığını və istifadəyə verildiyini, müraciətlər əsasında proqramlaşdırma dilləri, qrafiki redaktorlar və s. kompüter proqramları üzrə dərslərin təşkil edildiyini qeyd etdi.
R.Mahmudova cari ildə şöbə əməkdaşları tərəfindən nüfuzlu beynəlxalq jurnallarda məqalələrin, konfrans materiallarının nəşr olunduğunu diqqətə çatdırdı.
O, həmçinin, şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, əldə edilən nəticələrin KİV-də təbliği çərçivəsində görülmüş tədbirlər haqqında məlumat verdi.
Sonda hesabat ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.