AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron idarəetmənin səmərəliliyinin artırılmasında Big data texnologiyalarının rolu” mövzusunda elmi seminar keçirildi.
Seminarda məruzə ilə çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev müasir cəmiyyətin idarə olumasında “Big Data” probleminin çox aktual olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, İKT-nin sürətlə inkişafı aparılan müxtəlif tədqiqatlarda “Big Data” konsepsiyasından istifadə zərurətini yaratmışdır. Bu gün böyük verilənlər bazasına və intellektual sistemlərə malik olan dövlətlər daha böyük inkişaf potensialına malikdir.
İnformasiya cəmiyyətində biliklərin, böyük verilənlərin strateji məhsula, milli sərvətə çevrildiyini vurğulayan akademik qeyd etdi ki, bu resurslardan düzgün istifadə etməklə istənilən sahədə optimal qərarlar qəbul edərək səmərəli nəticələrə nail olmaq mümkündür. Alim onu da əlavə etdi ki, dövlət müəssisələrində toplanan məlumatların qorunması və səmərəli istifadəsi məsələləri dövlət siyasətinin prioritetləri sırasındadır. R.Əliquliyev rəhbərlik etdiyi qurumda Big data sahəsində aparılan elmi-tədqiqat işlərindən söz açaraq bu araşdırmaların çox aktual olduğunu və zamanın tələblərinə cavab verdiyini diqqətə çatdırdı.
Daha sonra mövzu ilə əlaqədar həyata keçirilən tədqiqatlarla bağlı geniş müzakirələr aparıldı. İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev qeyd etdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da e-demoqrafiya üzrə tədqiqatların aparılması zərurəti meydana çıxmışdır və bu tədqiqatlar dövlətin informasiya məkanının təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, vətəndaşların rifahı üçün çox əhəmiyyətlidir. Alimin fikrincə, bu tədqiqatlarda sistemin işlənməsi, idarəolunması, əlyetərliliyi, təhlükəsizliyi kimi məsələlər ardıcıllıqla həll olunmalıdır.
İnstitutun şöbə müdiri Rasim Mahmudov Big Data strategiyasının formalaşdırılması və inkişafı üçün zəruri ekosistemin yaradılmasının konseptual əsasları, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və analizi istiqamətində aparılan tədqiqatları diqqətə çatdırdı.
Aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva bulud əsaslı elektron dövlətin kibertəhlükəsizliyi sahəsində problemlərin aşkarlanması və onların aradan qaldırılması ilə bağlı aparılan araşdırmalardan danışdı. Bu istiqamətdə həyata keçirilən tədqiqatlara münasibətini bildirən R.Əliquliyev bulud əsasında e-dövlət konsepsiyasının xüsusiyyətinin analizinin də aparılmasının vacib olduğunu qeyd etdi. Müvafiq tədqiqatların nəticələrinin e-dövlətin inkişafı, dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm praktiki əhəmiyyət daşıdığını vurğuladı. Onun sözlərinə görə, cəmiyyətin təhlükəsizliyini təmin edən strateji obyektlər bulud texnologiyaları ilə sıx bağlıdır.
Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov e-idarəetmə üçün Big data analizi platformasının tədqiqi, e-idarəetmənin nüvəsini təşkil edən e-demoqrafiyanın konseptual modelinin işlənməsi istiqamətində tədqiqatların davam etdiyini, əldə edilən nəticələrin məqalə şəklində nüfuzlu xarici jurnallara təqdim olunduğunu bildirdi.
Baş mütəxəssis İradə Ələkbərova e-dövlətin formalaşmasında sosial kredit sisteminin rolundan danışdı. Qeyd etdi ki, vətəndaşın sosial kredit balının müəyyən olunması üçün, sosial kapital, maliyyə kapitalı, vətəndaşın etimadının qiymətləndirilməsi kimi məsələlərin həlli üçün Big data texnologiyalarından istifadə səmərəli nəticələr verə bilər. Bu məsələ ilə əlaqədar R. Əliquliyev qeyd etdi ki, tarix boyu insanların bu və ya digər xüsusiyyətinə görə qiymətləndirilməsi aparılıb və indi də bu proses davam edir: “Artıq cəmiyyətdə İKT-nin inkişafı ilə əlaqədar insan fəaliyyəti şəffaflaşır, cəmiyyətin elektron idarə edilməsi prosesi genişlənir. E-dövlət mühitində insanların fəaliyyəti ilə bağlı məlumatlar müxtəlif bazalarda toplanmaqdadır, insanların vətəndaş və qanun müstəvisində vəzifə öhdəlikləri öz əksini tapır. Apardığımız tədqiqatın məqsədi ondan ibarətdir ki, biz yeni şəraitdə – müasir informasiya cəmiyyətində, e-dövlət quruculuğunda, e-demoqrafiya çərçivəsində insanları qiymətləndirməyə cəhd edirik”.
Akademik qeyd etdi ki, qanun qarşısında hər bir vətəndaşın çəkisi vardır və tədqiqatda bu nəzərə alınmalıdır. Bu gün bütün məlumatlar reyestrlərdədir və bu reyestrlər üzərində bir intellektual sistem yaradılmalıdır: “İntellektual sistem ölkədə baş verən hadisələri müəyyən etmək və proqnozlaşdırmağa imkan verəcəkdir. Məsələn, ölkədə hər hansı xəstəliyin, yüksək təhsil səviyyəsinin, cinayətkarlığın coğrafiyası və s. Bu da o deməkdir ki, ümumi demoqrafiyanın tərkib hissəsi kimi tibbi demoqrafiya, iqtisadi demoqrafiya, təhsilin demoqrafiyası və s. araşdırılmalıdır. Bunun üçün isə təhsil, gömrük, səhiyyə və s. dair müxtəlif müəssisələrdə saxlanılan statistik məlumatlar bir bazaya toplanaraq intellektual analiz olunmalıdır”.
İnstitutun gənc tədqiqatçıları Yusif Sadıyev və Xəyyam Nurəliyev isə müvafiq olaraq e-idarəetmə sahəsində veb-resursların analiz texnologiyaları və Big data mühitində veb-spamlarla mübarizə problemləri ilə bağlı apardıqları araşdırmalar haqqında məlumat verdilər.
Sonda R.Əliquliyev elmi tədqiqatların səmərəli aparılması üçün işlərin əməkdaşlar arasında optimal bölünməsi və həll yollarının dəqiqləşdirilməsinin vacib olduğunu bildirdi. Müzakirələr əsasında tədqiqatçılar üçün bir sıra yeni məsələlər müəyyənləşdirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.