AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2018/2019-cu tədris ili üzrə qurumun magistrantura və doktoranturasına qəbul olunmuş magistrant və doktorantlar ilə görüş keçirildi.
Tədbirdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun elmi katibi Mədinə Səidova və Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov iştirak edirdilər.
Akademik Rasim Əliquliyev magistrant və doktorantları salamlayaraq onlara yeni tədris ilində uğurlar arzuladı. İnstitutda magistratura təhsilinin artıq 3-cü ildir təşkil olunduğunu deyən alim qurumda 2018/2019-cu tədris ili üçün magistrantura pilləsinə qəbul üzrə keçirilmiş müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, cari ildə magistratura pilləsinə “249178 – Kompüter mühəndisliyi”, “249186 – İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “249161 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı”, “249291 – Kompüter sistemləri və şəbəkələri” ixtisasları üzrə ümumilikdə 6 yer ayrılmışdır.
Alim doktorantura pilləsinə 1203.01 – “Kompüter elmləri” 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, 3339.01 – “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasları üzrə cari ildə ümumilikdə 3 doktorantın qəbul olunduğunu diqqətə çatdırdı.
R.Əliquliyev gənc kadrların elmi fəaliyyətinin daha səmərəli təşkili üçün institutda hər cür şəraitin yaradıldığını bildirərək qeyd etdi ki, qurumda təhsil alacaq magistrant və doktorantların hər biri ilə fərdi qaydada işləmək, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün imkanlar yaratmaq təhsil prosesinin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edən əsas amillərdir.
İnstitut direktoru qurumun magistratura və doktoranturasına qəbul olunmuş gənclərin ixtisasları üzrə dərin biliklərə yiyələnəcəklərini, təhsil aldıqları müddətdə işlə təmin olunacaqlarını, eləcə də onların dünyanın nüfuzlu elmi-tədqiqat müəssisələrində təcrübə keçmələri üçün şəraitin yaradılacağını nəzərə çatdırdı.
Akademik, həmçinin magistrantların xarici dil biliklərinin təkmilləşdirilməsi məqsədilə qurumda təşkil olunan ingilis dili üzrə kurslara cəlb olunmasının vacibliyini vurğuladı.
Sonda müzakirələr aparıldı, magistrant və doktorantları maraqlandıran suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.