AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin “Xarici ölkələrdə mövcud olan tədrisin idarə edilməsi sistemlərinin imkanlarının araşdırılması” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.
Məruzəni təqdim edən şöbənin əməkdaşı Təranə Məcidova tədrisin idarə edilməsi sistemlərinin (Learning Management System – LMS) əsas məqsədinin tədrisin metodiki, didaktik, informasiya dəstəyinin səviyyə və keyfiyyətinin yüksəldilməsi, tədris resurslarının idarə edilməsi olduğunu bildirdi. O, elektron tədris sisteminin tərkib hissələrini təqdim etdi, sistemin proqram təminatı haqqında məlumat verdi. Proqram təminatına müəllif sistemləri, tədrisin, kontentin və tədris kontentinin idarəolunması sistemlərinin aid olduğunu diqqətə çatdırdı.
LMS-in üstünlüklərindən danışan məruzəçi onun istənilən yerdən əlçatanlıq, tədrisə olan xərclərin azaldılması, fərdi kurslar və tədris proqramları, məzmunun bir yerdə saxlanılması, tələbələrin effektiv oxumasının asan monitorinqinin həyata keçirilməsi və s. üstünlüklərə malik olduğunu vurğuladı.
T.Məcidova LMS-lərə verilənlərin mübadilə standartlarının dəstəklənməsi, bütün tədris proqramları və məhsullarının vahid verilənlər bazasının mövcudluğu, mətnlə dərhal mübadilənin dəstəklənməsi, analitik hesabatların sazlanması mexanizminin mövcud olması kimi tələblərin irəli sürüldüyünü diqqətə çatdırdı.
O, LMS-lərin funksionallıq, etibarlılıq, stabillik, “SCORM” standartının dəstəklənməsi, əlçatanlığın təmini, miqyaslılıq və genişlənmə imkanı və s. xüsusiyyətlərə malik olduğunu qeyd etdi, bu sistemin əsas funksiyalarından danışdı. Məruzəçinin sözlərinə görə, sistemdə tədris prosesi və müəllimlə öyrənən arasında qarşılıqlı əlaqə üçün interfeys təqdim olunur, tədris proqramları formalaşdırılır, onların keçilməsinə nəzarət, tədrisin nəticəsi haqqında hesabatlar hazırlanır, tələbələrlə müəllimlər arasında əlaqələrin təşkili üçün lazımi alətlər təqdim olunur, dinləyicilər ümumi kurslar və hesabatların tərtibinin təqdimi üçün qruplara yerləşdirilir, tədrisin əlavə elementləri inteqrasiya edilir, elektron tədrisin şəbəkə mühiti üçün lazımi müdafiə mexanizmləri təmin edilir.
O, həmçinin sərbəst şəkildə istifadə olunan “Moodle”, “ILIAS”, “Atutor”, “Chamilo”, “Claroline”, “Dokeos”, “SAKAI” və digər LMS-lər haqqında ətraflı məlumat verdi.
Sonda LMS-lərin təqdim etdiyi mobil qurğuların, müxtəlif standartların dəstəklənməsi, quraşdırılmış sosial alətlər, bulud həlləri, məzmunun müxtəlif formalarının inteqrasiyası, adaptivlik imkanları barədə danışdı.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.