Dissertasiya Şurasının seminarında iki dissertasiya işi müzakirə olundu

17 Yanvar 2018 - 14:00 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti seminarı keçirildi. İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədovanın sədrliyi və şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin elmi katibliyi ilə keçirilən tədbir 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin müzakirəsinə həsr olunmuşdur.

Öncə institutun sektor müdiri İradə Ələkbərova dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. Bildirdi ki, dissertasiya işi giriş, 4 fəsil, əsas nəticələr, 155 adda ədəbiyyat siyahısı və əlavədən ibarətdir. Mövzu üzrə 21 elmi iş çap edilmiş, 2 kitab və 2 ekspress-informasiya işıq üzü görmüşdür.

Məruzəçi bildirdi ki, dissertasiya işinin əsas məqsədi viki-mühitdə xalqların milli-mənəvi dəyərləri, tarixi həqiqətlərinin qorunması, real vəziyyətin qiymətləndirilməsi və nəzarəti, müvafiq qərarların qəbul edilməsi məqsədilə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsidir.

İ.Ələkbərova dissertasiyada tədqiqat metodları, müdafiəyə çıxarılan əsas müddəalar, elmi yeniliklər, işin praktiki əhəmiyyəti haqqında məlumat verdi. Bildirdi ki, viki-mühitdə informasiya müharibəsi (İM) texnologiyalarının reallaşdırılmasından yaranan problemlər və onların həlli yolları müəyyənləşdirilmiş, İM-ə səbəb olan konfliktli viki-səhifələrin aşkarlanması üçün metod işlənmiş, konfliktli viki-səhifələrin məzmuna görə klasterləşdirilməsi, viki-mühitdə İM aparan gizli sosial şəbəkələrin aşkarlanması və multimedia fayllarının düzgün strukturlaşdırılması və İM-də onlardan səmərəli istifadə üçün metod və alqoritmlər işlənmiş, əldə olunan nəticələrin yoxlanması məqsədi ilə eksperimentlər aparılmışdır.

Sonra “Qeyri-hamar  relyefli  ərazilərdə  maye təchizatı sistemlərinin optimal idarəetmə model  və alqoritmlərinin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edən iddiaçı Gülnarə Abbasova işin aktuallığı, məqsədi, elmi yeniliyi, tədqiq olunan məsələlər, tədqiqat üsulları və praktiki əhəmiyyəti barədə danışdı. Bildirdi ki, əsas məqsəd Azərbaycanın qeyri-hamar relyefli ərazilərində çay əkin sahələrinin yaradılması üçün optimal su təchizatı, suvarılması və aqrotexniki işləri təmin edən kompleks avtomatlaşdırılmış intellektual informasiya idarəetmə sisteminin sintezi üçün model və alqoritmin işlənməsidir.

İddiaçı dissertasiya işində qeyri-hamar relyefli ərazilərdə avtomatlaşdırılmış su təchizatı sisteminin magistral boru kəmərinin optimal marşrutunun seçilməsi üçün riyazi modelin işlənildiyini, bu ərazilərdə avtomatlaşdırılmış su təchizatı sisteminin iş rejimini təyin etmək üçün optimal idarəetmə modelinin işlənildiyini və su təchizatı sisteminin ümumi strukturu və idarəetmə alqoritminin işləndiyini diqqətə çatdırdı.

Təqdimatlardan sonra iddiaçılar çoxsaylı sualları cavablandırdılar. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvləri, tex.e.d., prof. Məsumə Məmmədova və tex.e.d., prof. İsmayıl İsmayılov, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, tex.e.d., prof. Bayram İbrahimov, tex. f. d., dosent Məkrufə Hacırəhimova, tex. f. d., dosent Şəfəqət Mahmudova, tex. f. d., dosent Mehman Hüseynov, tex. f. d., dosent Gülarə Muradova və tex. f. d., dosent Fədai Gəncəliyev və tex. f. d., Bikəs Ağayev dissertasiya işlərinin aktuallığını önə çəkərək alınmış elmi nəticələri yüksək qiymətləndirdilər, təkliflərini səsləndirdilər.

Hər iki mövzuya dair rəylər nəzərə çatdırıldı. İ.Ələkbərovanın dissertasiya işinə dair təyin olunan rəyçilər – AMEA-nın müxbir üzvü İsmayıl İsmayılov və dosent Gülarə Muradova, G.Abbasovanın dissertasiya işinə dair təyin olunan rəyçilər – professor Bayram İbrahimov və dosent Məkrufə Hacırəhimova çıxış edərək dissertasiya işlərində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Alimlər yerinə yetirilən tədqiqat işlərinin Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.

Sonda səsvermə keçirildi və dissertasiya işlərinin növbəti mərhələyə keçirilməsi yekdilliklə tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.