AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbənin sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova “Rəqəmsal irsin saxlanmasında texnoloji problemlər” mövzusunda məruzəsini təqdim etdi. Bildirdi ki, rəqəmsal resurslara tibbi informasiyalar, peyklərdən müşahidə verilənləri, mültimedia resursları, insan genomunu qeyd edən elmi verilənlər bazaları, arxivlərdən muzey kataloqları və s. daxildir. “Rəqəmsal mənşəli” resurslar yalnız “rəqəmsal orijinal” şəklində mövcud olur.
R.Qasımova qeyd etdi ki, rəqəmsal irs (Rİ) mədəniyyət, təhsil, elm, idarəetmə resurslarından, həmçinin texniki, hüquqi, tibbi və digər xarakterli məlumatlardan ibarətdir. Rİ-nin problemlərindən söz açan məruzəçi buraya itmə təhlükəsi, texnoloji infrastruktur, saxlama, əlçatanlıq, təhlükəsizlik və s. amillərin daxil olduğunu bildirdi. Qeyd etdi ki, müasir dövrdə Rİ-nin gələcək nəsillərin maraqları üçün qorunub saxlanması aktual və ümumdünya əhəmiyyətli məsələlərdəndir.
Sonra R.Qasımova qeyd olunan problemlərin araşdırılması və tədqiq olunmasının zəruriliyini önə çəkərək Rİ-nin saxlanmasında texnoloji problemlərdən danışdı. Onun sözlərinə görə, yaradılmış və ya toplanmış rəqəmsal verilənlər yalnız onların dayanıqlığı, autentikliyi və əlçatanlığı təmin olunduqda irsə çevrilirlər. Lakin ən böyük problemlərdən biri onların yaradılmasını idarə edən texnoloji yerdəyişmələrdir.
Məruzəçi Rİ-nin yaranma tarixindən da söz açaraq qeyd etdi ki, XX əsrin sonunda şəbəkələrin ümumiləşdirilmiş qarşılıqlı əlaqəsi və İnternetin inkişafı, xüsusilə onun veb və poçt tətbiqləri rəqəmsal dünya və irs problemlərini kəskinləşdirdi. Rİ-nin itmə təhlükələrinə rəqəmsal informasiya resurslarının dəstəyinə ayrılmış maliyyə vəsaitinin kəsilməsi, lokal fəlakətlər, yeni texniki və texnoloji platformaların kəşfi ilə bağlı texnologiyaların köhnəlməsi və s. kimi səbəblər daxildir.
O, həmçinin Azərbaycanda Rİ sahəsində mövcud vəziyyəti şərh edərək, ölkəmizdə milli irsin qorunması, saxlanması və rəqəmsallaşdırılması istiqamətində bir sıra təklif və tövsiyyələri səsləndirdi.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Məruzənin mayın 17-də keçiriləcək “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransına təqdim olunması qərar alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.