İnternetdə təhlükələrin qarşısının alınması üçün mövcud texnoloji üsul və vasitələrin imkanları araşdırılıb

21 İyun 2016 - 12:05 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində “İnternetdə təhlükələrin qarşısının alınması üçün mövcud texnoloji üsul və vasitələrin analizi” mövzusuna həsr olunmuş növbəti elmi seminar keçirildi. Məruzəni təqdim edən mərkəzin sektor müdiri Sabirə Ocaqverdiyeva internetdə uşaqların psixologiyasına və sağlamlığına təsir edən məlumatlar və onların təbliğatını aparan kontentlərin ziyanlı informasiya daşıyıcıları olduğunu bildirərək uşaqların internetdə zərərli saytlardan müdafiəsinə imkan verən proqramlar haqqında məlumat verdi.

S.Ocaqverdiyeva “McAfee Family Protection” və “Norton Family” kimi proqramların veb-saytlar, sosial şəbəkələr və axtarış saytlarının filtrlənməsi, məlumatın göndərilməsinə və qəbul olunmasına nəzarət, onlayn alış-satış zamanı təhlükəsizliyin təmin olunması və s. funksiyalarının uşaqların internetdə təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malik olduğunu qeyd etdi. 

2014-cü ildə yalnız 10 ölkədə kompüterlərin təqribən 65 faizində “Valideyn İdarə Modulu”nun tətbiq edildiyini söyləyən məruzəçi qeyd olunan modulun daha çox Çin, Amerika, Almaniya, İngiltərə və Rusiyada istifadə olunduğunu vurğuladı.

Verilənlərin sanitarizasiyasının üstünlükləri barədə söz açan sektor müdiri qeyd etdi ki, məlumatları dərc etməzdən əvvəl konfidensial məlumatlar üzərində müxtəlif “təmizləmə” əməliyyatlarının (verilənlərin sanitarizasiyası) aparılması zərurəti yaranır. Onun sözlərinə görə, bu metod təhlükələrdən qorunmağa və məxfi məlumatların gizli saxlanılmasına imkan verir: “Verilənlərin sanitarizasiyası elektron resuslardan istifadə zamanı, verilənlərin analizi və bizneslə bağlı qərarların qəbulu kimi fəaliyyətlər üçün əhəmiyyətlidir. Burada gizlilik və təhlükəsizlik tədbirləri mühüm rol oynayır”.

O, həmçinin sanitarizasiyanın həyata keçirilməsinin “Sıfırlama ”, “Verilənlərin maskalanması”, “Əvəzləmə”, “Ədədlərin variasiyası”, “Şifrələmə və Deşifrələmə” və digər üsulları barədə məlumat verdi, bu üsulların fərqli cəhətlərini nəzərə çatdırdı.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.