“Nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sistemlərin qurulması” mövzusunda dissertasiya işi müdafiə olundu

06 İyun 2016 - 11:00 | Konfranslar, İclaslar

İyunun 3-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələ haqqında məlumat verdi, iclasın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Ali Amoojinin 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sistemlərin qurulması” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.

Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

Sonra A.Amooji dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.

A.Amooji yanlış diaqnoz qoyulması nəticəsində ölümlərin sayının artması, MRI (Magnetic Resonance Imaging), SCAN və EEG (Electroencephalogram) nəticələrindən əldə edilmiş verilənlərin həcminin çox olması, nevroloji xəstələrdə müşahidə olunan əlamətlərin mürəkkəbliyindən bəhs edərək bu sahədə həkim diaqnozunun qoyulmasını dəstəkləyən intellektual sistemlərin yaradılmasının vacibliyini nəzərə çatdırdı və bu baxımdan tədqiqat işinin aktuallığını vurğuladı.

Qeyd etdi ki, dissertasiya işinin məqsədi nevroloji xəstəliklərin dəqiq diaqnozunun qoyulması, onların proqnozunun verilməsi, eyni zamanda yeni metod və alqoritmlərdən istifadə etməklə müalicə ardıcıllığının sistemli şəkildə aparılmasına imkan verən ekspert sisteminin qurulmasıdır.

İddiaçının sözlərinə görə, tədqiqat işində alternativ fərziyyələrin analizi modeli əsasında nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sistemi üçün biliklər bazası yaradılmış, diaqnostika biliklərinin təsviri üçün ontologiyaya əsaslanan freym metodu işlənilmiş, diaqnostika məsələsinin riyazi modelləşdirilməsində xəstəliklərin başvermə ehtimalının hesablanması üçün Bayes düsturundan istifadə edilmiş və “Biliklərin əldə edilməsinin inkişafı standartı”na (Knowledge Acquisition Development Standard-KADS) əsasən diaqnostika məsələsinin problemyönümlü həlli işlənilmişdir.

A.Amooji həmçinin işin praktiki əhəmiyyətindən bəhs edərək bildirdi ki, dissertasiya işində nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sistemlərin yaradılması üçün işlənmiş metod və alqoritmlər tibbin digər sahələrində xəstəliklərin tez və dəqiq diaqnozu və iqtisadiyyatın digər sahələrində qəbul edilən qərarların dəqiqliyi və keyfiyyətinin artırılması üçün ekspert sistemlərinin yaradılması üçün istifadə oluna bilər.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.

Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və texnika üzrə elmlər doktoru, dosent Valeh Mustafayev çıxış edərək dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirdilər, təklif və iradlarını səsləndirdilər.

Müzakirələrdə İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika üzrə elmlər doktorları, professorlar Cavanşir MəmmədovVidadi Musayev və Nadir Ağayev, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev çıxış edərək dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqatlar aparıldığını bildirdilər, gələcəkdə bu istiqamətdə araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdilər.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və A.Amoojiyə texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.