“Qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma” mövzusunda dissertasiya işi müdafiə olundu

31 May 2016 - 10:00 | Konfranslar, İclaslar

Mayın 27-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan şuranın sədri, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın Məmməd Həşimovun dissertasiya işi üzrə rəsmi opponentlərin, aparıcı təşkilatın, müdafiənin tarixinin təyin edilməsi və Möhübbət Əhmədovun “Qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.

Öncə 1203.01 – “Kompüter elmləri” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Məmməd Həşimovun “Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda təqdim olunmuş dissertasiya işi üzrə rəsmi opponentlər texnika üzrə elmlər doktoru, professor Vidadi Musayev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova, aparıcı təşkilat Sumqayıt Dövlət Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası, dissertasiya işinin müdafiəsi 30 iyun 2016-cı il tarixinə təyin olundu və təsdiq edildi.

Sonra Möhübbət Əhmədovun dissertasiya işinin müdafiəsi keçirildi.

Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

M.Əhmədov dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.

İddiaçı mövzunun aktuallığından söz açaraq qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma üsullarının linqvistik dəyişənli proqnozlaşdırma probleminin həlli üçün təklif edildiyini, bu elmi problemin klassik zaman sıraları ilə bağlı çatışmazlıqların aradan qaldırılması və dinamik proseslərin müşahidə olunması nəticəsində meydana gələn, hədləri linqvistik dəyişənin qiymətlərindən ibarət olan sıraların proqnozlaşdırılması ilə əlaqədar olduğunu söylədi.

Qeyd etdi ki, tədqiqat işinin məqsədi qeyri-səlis zaman sıralarında proqnoz dəqiqliyini artırmaq üçün biliklər bazasının effektiv seçilməsi və məntiqi çıxarış mexanizmi üçün optimal implikasiyanın tapılmasıdır.

O, dissertasiya işinin elmi yeniliyini diqqətə çatdıraraq bildirdi ki, insan biliyi və təcrübəsinin nəzərə alınması və hesablama səmərəliliyinin yüksəldilməsi baxımından linqvistik dəyişənlərə malik olan qeyri-səlis zaman sıralarının klassik zaman sıralarına nəzərən daha əlverişli olması tədqiq edilmişdir. Qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma probleminin həlli məqsədilə nəticəçıxarma mexanizmi kimi qeyri-səlis implikasiyanın seçilməsini nəzərdə tutan imitasiya modeli təklif olunmuşdur. Qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma probleminin həlli üçün təklif olunmuş yeni proqnozlaşdırma metodu ilə elektrik enerjisi istehsalının proqnozlaşdırılması məsələsi həll edilərək effektiv nəticə əldə olunmuşdur.

İşin elmi-praktiki əhəmiyyətindən bəhs edən M.Əhmədovun sözlərinə görə, qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma məsələlərinin həlli məqsədilə təklif olunmuş alqoritm və prosedurlar istehsal prosesinin xarakterindən asılı olmayaraq biznes və iqtisadiyyatın müxtəlif sahələrində tətbiq oluna bilər.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Elmi rəhbər AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Rafiq Əliyevin tədqiqat işi ilə bağlı rəyləri səsləndirildi.

R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.

Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika üzrə elmlər doktoru, professor Məhəmməd Əhmədov və texnika üzrə elmlər doktoru, dosent Ramin Rzayev çıxış edərək əldə olunmuş nəticələrin elmi yenilik olduğunu vurğulayaraq tədqiqatın praktiki əhəmiyyətini qeyd etdilər, təklif və iradlarını bildirdilər.

Müzakirələrdə akademik Rasim Əliquliyev, texnika üzrə elmlər doktorları, professorlar Məsumə MəmmədovaCavanşir Məmmədov və Nadir Ağayev, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova çıxış edərək dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqat aparıldığını, əhəmiyyətli elmi nəticələrin əldə edildiyini bildirdilər.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və M.Əhmədova texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.