“İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmlərinin işlənməsi” mövzusunda dissertasiya işi müzakirə olundu Noyabr 22, 2021 | 03:16 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında institutun şöbə müdiri Rasim Mahmudovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 5306.01 – “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirildi

R.Mahmudov “İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmlərinin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək bildirdi ki, iş giriş, 3 fəsil, əsas nəticələr və 120 adda ədəbiyyat siyahısından ibarətdir.

İddiaçı mövzunun aktuallığı və işlənilmə dərəcəsi, tədqiqatın məqsəd və vəzifələrindən söz açaraq bildirdi ki, İKT-nin dinamik inkişafı və hərtərəfli tətbiqi, bütün fəaliyyət sahələrində olduğu kimi, iqtisadi sferada da köklü dəyişikliklərə səbəb olur. İqtisadi fəaliyyətin struktur, forma və üsulları, inkişaf istiqamətləri ciddi transformasiyaya məruz qalır. Baş verən transformasiya prosesləri iqtisadiyyatın qloballaşmasını, virtuallaşmasını, konvergensiyasını və diversifikasiyasını özündə əks etdirir. İqtisadi sferadakı transformasiya prosesləri həm makro, həm də mikro səviyyədə müşahidə edilir.

İddiaçının sözlərinə görə, İnternetin təsiri ilə transformasiya olunan ənənəvi iqtisadiyyatın, həmçinin İnternet mühitində formalaşan yeni iqtisadi münasibətlərin mahiyyətinin, qanunauyğunluqlarının, spesifik xüsusiyyətlərinin, prinsiplərinin, inkişaf xüsusiyyətlərinin öyrənilməsi mühüm elmi aktuallıq kəsb edir. Çünki bütün bunları öyrənmədən informasiya cəmiyyətinin iqtisadiyyatını formalaşdırmaq, inkişaf etdirmək, idarə etmək mümkün deyil.

R.Mahmudov qeyd etdi ki, İnternetin virtual və qlobal xüsusiyyətləri, heç bir dövlətin və ya beynəlxalq təşkilatın tebeliyində olmaması fiziki və ərazi prinsiplərinə əsaslanan ənənəvi idarəetmə və tənzimləmə sistemlərinin bu mühitdə tətbiq edilməsində böyük problemlər yaradır. Belə bir şərait ənənəvi ənənəvi idarəetmə və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsini, yaxud tamamilə yeni mexanizmlərin işlənməsini tələb edir.

R.Mahmudovun sözlərinə görə, dissertasiya işində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün İnternetin mahiyyəti, xüsusiyyətləri, funksiyaları, imkanları, cəmiyyətin müxtəlif sahələrinə təsiri, perspektivləri və təhlükələrinin araşdırılması və təhlili, İnternetin təsiri ilə mövcud iqtisadi sistemdə baş verən transformasiya proseslərinin araşdırılması, təhlili, müvafiq qanunauyğunluqların, problemlərin müəyyən edilməsi, İnternet iqtisadiyyatının mahiyyətinin, xüsusiyyətlərinin araşdırılması, bu sahədəki elmi-nəzəri baxışların təhlili və problemlərin müəyyən edilməsi və digər məsələlərə baxılmışdır.

İddiaçı dissertasiya işi üzrə aparılmış tədqiqatlar zamanı qarşıya qoyulmuş məsələlərin həll edildiyini, elmi-nəzəri və elmi-paktiki nəticələrin əldə olunduğunu dedi: “İnformasiya cəmiyyətində bazar iqtisadiyyatının transformasiyasına səbəb olan amillər və proseslər araşdırılmış, yeni iqtisadiyyatda baş verən əsas tendensiyalar müəyyən edilmişdir. İnternet iqtisadiyyatının mahiyyəti, xüsusiyyətləri, elmi-nəzəri əsasları araşdırılmış, əsas qanunauyğunluqları, üstünlükləri və problemləri müəyyən edilmişdir. İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsi və intellektual mülkiyyətin qorunması, İnternetin perspektiv texnologiyalarına (Əşyaların İnterneti, Big Data və bulud xidmətləri) əsaslanan iqtisadiyyatın inkişafı üçün mexanizmlər işlənmiş, təkliflər irəli sürülmüşdür”.

Dissertasiyanın nəticələri üzrə 25 elmi iş,  o cümlədən nüfuzlu elmi jurnallarda 15 məqalə, beynəlxalq və respublika səviyyəli konfranslarının materiallarında 10 məruzə çap olunmuşdur.

O, söylədi ki, dissertasiya işində alınmış elmi-nəzəri nəticələrdən informasiya cəmiyyətinin, innovativ inkişafın, biliklər iqtisadiyyatının inkişafına yönəlmiş bir sıra məsələlərdə, o cümlədən İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsində, həmçinin ali məktəblərin, doktoranturanın müvafiq tədris proqramlarınnın, mühazirələrin hazırlanmasında istifadə edilə bilər.

İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavid Bədəlov və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov işi yüksək qiymətləndirərək fundamental tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Dissertasiyanın Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, eləcə də irad və təkliflərini səsləndirdilər.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Dissertasiya işi üzrə elmi rəhbər  – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək mövzunun aktuallığını önə çəkdi. Elmi məsləhətçi iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdi. Alim işin yüksək səviyyədə yerinə yetirildiyini, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın 5306.01 – “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiyalarına irəli sürdüyü tələblərə tam cavab verdiyini və iddiaçının dissertasiya işinin müdafiəyə tövsiyə olunduğunu söylədi.

Akademik İnternetin təsiri ilə ənənəvi iqtisadi sistemin köklü dəyişikliklərə məruz qalması, İnternet mühitində yeni iqtisadi münasibətlərin formalaşması, iqtisadi təhlükəsizliyin təmin olunmaması, intellektual mülkiyyət hüquqlarının qorunmaması, Əşyaların İnterneti, Big Data, bulud texnologiyaları və s. ilə bağlı iqtisadi münasibətlərin tənzimlənməsi zərurətinin mövzunun aktuallığını səciyyələndirən əsas məsələlərdən olduğunu diqqətə çatdırdı.

“İnternetin meydana gəlməsi, qeyri-maddi iqtisadiyyatın yaranması, ölkədə yeni iqtisadi münasibətlərin artıq virtual əsaslarla, onlayn mühitdə formalaşması milli iqtisadiyyat üçün ciddi təhlükələr yaradır. Biz informasiya təhlükəsizliyi ilə iqtisadi təhlükəsizlik arasında müəyyən mənada bağlılıq olduğunu müəyyənləşdirdik. Maddi resurslara əsaslanan iqtisadiyyatın təhlükəsizliyinin dövlət tərəfindən tənzimlənmə mexanizmləri mövcuddur. Bu baxımdan qeyri-maddi iqtisadiyyatın, yəni İnternet iqtisadiyyatının da tənzimlənməsi olduqca zəruridir. Beləliklə, biz iqtisadi təhlükəsizlik kontekstində araşdırmalara başladıq, ümumiyyətlə, milli təhlükəsizliyin komponentləri arasındakı sıx əlaqə, onların qarşılıqlı münasibətləri, İnternet və Azərbaycan iqtisadiyyatı istiqamətində əsaslı tədqiqatlar apardıq ki, bu da milli maraqların təmin olunmasına xidmət edir”, – deyə akademik bildirdi.

Alim dissertasiya işində elmtutumlu araşdırmaların aparıldığını, beynəlxalq təcrübənin öyrənildiyini, tədqiqat zamanı qarşıya qoyulan məsələlərin uğurla həll edildiyini, mühüm elmi nəticələrin əldə olunduğunu, problemin həlli üçün yeni yanaşmaların ortaya qoyulduğunu nəzərə çatdırdı. Əldə olunmuş elmi-nəzəri nəticələrin sistemləşdirilməsi ilə müvafiq mövzuda hazırlanmış dissertasiya işinin gərgin əməyin nəticəsi olduğunu bildirərək, tədqiqat işini yüksək qiymətləndirdi. Akademik gələcəkdə də İnternet iqtisadiyyatının müxtəlif problemlərinin həlli istiqamətində fundamental tədqiqatların aparılmasının vacibliyini önə çəkdi, təklif və tövsiyələrini səsləndirdi.

R.Əliquliyev elmi işin ölkədə yeni bir elmi istiqamətin başlanğıcı olması baxımından əhəmiyyətini önə çəkərək, iddiaçının dissertasiya işinin müdafiəyə tövsiyə olunduğunu söylədi.

Daha sonra dissertasiya işi ətrafında müzakirələr aparıldı. Müzakirələrdə texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova,  AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu bildirdilər və müdafiəyə tövsiyə etdilər.

R.Mahmudovun İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmlərinin işlənməsi istiqamətində apardığı tədqiqatların nəticələrinin dünyanın nüfuzlu beynəlxalq jurnallarında çap olunduğunu söylədilər. İddiaçının həm də uğurlu pedaqoji fəaliyyət göstərdiyini, institutun ictimai həyatında fəal iştirak etdiyini qeyd etdilər.

Sonda açıq səsvermə keçirildi. Dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasına yekdilliklə qərar verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı