Dissertasiya Şurasının seminarında iki dissertasiya işi müzakirə olundu Oktyabr 15, 2018 | 01:58 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti seminarı keçirildi. İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədovanın sədrliyi və şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin elmi katibliyi ilə keçirilən tədbir 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin müzakirəsinə həsr olunmuşdur.

Tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini təqdim edən institutun böyük elmi işçisi Rəhilə Həsənova işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. Tədqiqat işinin giriş, 4 fəsil, nəticə və 167 adda ədəbiyyat siyahısından ibarət olduğunu bildirdi, mövzu üzrə 23 elmi işin nəşr olunduğunu diqqətə çatdırdı.

Məruzəçi elmi informasiyanın sürətlə artdığı bir dövrdə tədqiqatçının elmi əsərlərinin qiymətləndirilməsi, onların müxtəlif mükafatlarla təltif edilməsinin vacib məsələlərdən olduğunu bildirərək hər 10-15 ildən bir tədqiqatçıların və elmi məqalələrin sayının ikiqat artdığını, 1967-ci ildən etibarən elmin vəziyyətinin qiymətləndirilməsi üçün statistik göstəricilərlə yanaşı, bibliometrik göstəricilərdən də istifadə olunmağa başlandığını söylədi. Qeyd etdi ki, bibliometriyada mövcud qanunlar vasitəsilə verilmiş elm sahəsinə dair elmi jurnalların əsas hissəsinin təyin edilməsi (Bredford qanunu), istənilən elm sahəsində məqalələrin yayılma qanunauyğunluğunun öyrənilməsi (Lotka qanunu), axtarış sistemlərinin alqoritmlərinin hazırlanması, saytın axtarışının optimallaşdırılması (Zipf qanunu) və s. mümkündür. O, həmçinin müasir dövrdə konkret elm sahəsinin müxtəlif regionlarda inkişafını qiymətləndirmək, elmi cəmiyyətlərin (ali təhsil müəssisələrinin) reytinqini təyin etmək üçün elmmetrik göstəricilərdən istifadə olunduğunu diqqətə çatdırdı.

Bildirdi ki, işin məqsədi tədqiqatçının elmi fəaliyyətinin və elmi əsərlərin qiymətləndirilməsi üçün mövcud sistemlərin analizi, yeni metod və alqoritmlərin işlənilməsidir.

R.Həsənova dissertasiya işində əldə olunan nəticələri təqdim etdi. Məruzəçinin sözlərinə görə, işdə elmmetriya, o cümlədən bibliometriya və vebometriyanın  müasir vəziyyəti öyrənilmiş və elmmetrik qiymətləndirmədə istifadə olunan indekslər analiz edilmiş, tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni indekslər işlənilmiş, dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası üçün yeni metod təklif edilmiş, elmi jurnalların qiymətləndirilməsi üçün indekslər və elmi məqalələrin qiymətləndirilməsi üçün metod işlənilmişdir.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə elmlər doktoru, professor Bayram İbrahimov və texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova  çıxış edərək dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Alimlər tədqiqatın Ali Attestasiya Komissiyası (AAK) tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.

Müzakirələrdə iştirak edən professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor İsmayıl İsmayılov, texnika üzrə fəlsəfə doktorları, dosentlər Məkrufə Hacırəhimova, Şəfəqət Mahmudova, Bikəs Ağayev, Mehman Hüseynov, Zəfər Cəfərov və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək alınmış elmi nəticələri yüksək qiymətləndirdilər, rəy və təkliflərini bildirdilər.

Sonda səsvermə keçirildi və dissertasiya işinin növbəti mərhələyə keçirilməsi yekdilliklə tövsiyə olundu.

Sonra professor M.Məmmədova gündəlikdə duran digər məsələ – “Elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi” adlı dissertasiya işi haqqında məlumat verdi.

İnstitutun şöbə müdiri Gülnarə Nəbibəyova dissertasiya işini təqdim edərək işin məqsəd və vəzifələri, aktuallığı, elmi yeniliyi və s. haqqında ətraflı məlumat verdi. Bildirdi ki, dissertasiya işi giriş, 4 fəsil, nəticə, 141 adda ədəbiyyat siyahısı və 1 əlavədən ibarətdir. Dissertasiya materialları əsasında respublika və beynəlxalq səviyyəli jurnal və konfranslarda 18 elmi iş çap edilmişdir.

G.Nəbibəyova qeyd etdi ki, dissertasiya işinin əsas məqsədi xarici siyasətin səmərəliliyinin artırılması məqsədilə elektron dövlət mühitində beynəlxalq inteqrasiya proseslərinin kompleks qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsidir.

Məruzəçi dissertasiya işində ölkələrin inteqrasiyasınının qiymətləndirilməsi üçün aktual metod və yanaşmaların təhlili, fiziki, eləcə də virtual məkanla əlaqəli göstəricilərə əsaslanan ölkələrin inteqrasiyası dərəcəsinin müəyyənləşdirilməsi üçün yeni yanaşmanın işlənilməsi, elektron dövlət mühitində beynəlxalq inteqrasiya proseslərinin qiymətləndirilməsi (BİPQ) üçün qərarların qəbulunu dəstəkləyan sistemin (QQDS) sintezinin arxitektur-texnoloji modelinin və onun Verilənlər Anbarı arxitekturasının işlənilməsi, qeyri-səlis OLAP kubunun işlənilməsi, iki səviyyəli göstəricilərin iyerarxiyasından istifadə edərək e-dövlət mühitində ölkələrin inteqrasiya dərəcəsinin ölçülməsi üçün metodların işlənib hazırlanması, eləcə də təklif olunan üsul və modellərin adekvatlığının qiymətləndirilməsi məqsədilə kompüter eksperimentinin aparılması üçün proqram paketinin hazırlanması ilə bağlı yerinə yetirilmiş işləri diqqətə çatdırdı.

G.Nəbibəyova dissertasiya işində əldə olunmuş nəticələri təqdim etdi. Qeyd etdi ki, işdə elektron dövlət mühitində BİPQ-ə dair mövcud yanaşmaların müqayisəli analizi aparılmış, onun elmi-nəzəri problemləri aşkar edilmiş, yalnız fiziki deyil, virtual məkanları da nəzərə alaraq ölkələrin inteqrasiya dərəcəsinin ölçülməsinə dair konseptual yanaşma hazırlanmış, BİPQ üçün QQDS-in arxitektur-texnoloji modeli təklif edilmiş, həmçinin onun informasiya qarşılıqlı təsir modeli işlənilmiş, polukubik qeyri-səlis OLAP-kub modeli hazırlanmışdır. Həmçinin qeyri-səlis sorğu nəticəsində istifadəçiyə yönəlmiş qeyri-səlis kəsimin formalaşmasının modifikasiya olunmuş alqoritmi təklif edilmiş, inteqrasiyanın inteqral indeksinin təyini üçün ekspert qiymətləndirmələri metodları əsasında ölkələrin inteqrasiyasının iyerarxiya strukturlu indikatorlarının əhəmiyyətlilik dərəcələrinin hesablanması məqsədilə hesab düsturları hazırlanmış və məsələnin reallaşdırılması və təklif edilmiş metodların adekvatlığının qiymətləndirilməsi üçün kompüter eksperimentinin aparılması üçün proqram alətlər dəsti hazırlanmışdır.

Daha sonra iddiaçı seminar iştirakçılarının suallarını cavablandırdı.

Dissertasiya işinə dair təyin olunan rəyçilər – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor İsmayıl İsmayılov və texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova çıxış edərək dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu qeyd etdilər, irad və təkliflərini səsləndirdilər. Alimlər tədqiqatın AAK tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini bildirdilər.

Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvləri Məsumə Məmmədova və Ramiz Alıquliyev, professor Bayram İbrahimov, dosentlər Mehman Hüseynov, Zəfər Cəfərov və Şəfəqət Mahmudova mövzusunun aktual məsələlərə həsr olunduğunu bildirdilər, dissertasiya işini yüksək qiymətləndirdilər.

Müzakirələrdən sonra səsvermə keçirildi və dissertasiya işinin növbəti mərhələyə keçirilməsi yekdilliklə tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı