Avropa Təhsil Fondu və İrlandiyanın davamlı təhsil və təlim üzrə Agentliyinin nümayəndələri ilə görüş keçirildi Sentyabr 28, 2017 | 04:00 / Konfranslar, iclaslar

Artıq uzun illərdir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutu Avropa Komissiyasının “Avropa qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində Avropa Təhsil Fondunun ölkədə əmək bazarının dinamikasının təhlili, insan resurslarının intellektual idarə olunması, kadrlara olan perspektiv tələbatın proqnozlaşdırılması, tələb və təklifin uyğunlaşdırılması üçün yanaşma, metodologiya, vasitə və institusional mexanizmlərin inkişafına yönəlmiş tədqiqat layihələrində iştirak edir.

Əməkdaşlıq çərçivəsində əmək bazarının İT-mütəxəssisləri seqmentində tələb və təklifin tədqiqi, intellektual informasiya texnologiyalarının tətbiqi ilə insan resurslarının səmərəli idarə olunması problemlərinin həlli mexanizmlərinin işlənilməsi, əmək bazarında ixtisaslı kadrlara olan tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması istiqamətlərində layihələr uğurla həyata keçirilmiş, Azərbaycanda ixtisaslı işçi qüvvəsinə olan tələb və təklifin proqnozlaşdırılması və uyğunlaşdırılması metodologiyası üzrə yol xəritəsi hazırlanmışdır.

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin ekspert şəbəkəsinin Azərbaycan üzrə nümayəndəsi, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədovanın rəhbərliyi ilə institutun 15 saylı şöbəsində müvafiq istiqamətlər üzrə aparılan tədqiqatların bir sıra elmi-nəzəri və praktiki nəticələri institutun mühüm nailiyyətləri sırasına daxil edilmişdir.

Qeyd olunan istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda Avropa Təhsil Fondunun Siyasət və peşə təhsili sistemləri üzrə baş mütəxəssisi Eduarda Kastel Branko və İrlandiyanın davamlı təhsil və təlim üzrə Agentliyinin (SOLAR) Əmək resursları və əmək bazarının tədqiqi üzrə şöbə müdiri Con Mak Qrat ilə görüş keçirildi.

Görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü M.Məmmədova, institutun elmi-katibi Mədinə Səidova, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cabrayılova iştirak edirdilər.

Prof. M.Məmmədova görüşün əsas məqsədinin Azərbaycanda Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması və qonaqların bu istiqamətdə institutun elmi potensialı ilə tanışlığı olduğunu bildirdi.

Akademik R.Əliquliyev çıxış edərək institutda aparılan elmi-tədqiqatlar, yaradılmış innovativ şərait haqqında ətraflı məlumat verdi. Alim ölkədə elektron demoqrafiya sisteminin yaradılmasının əhəmiyyətindən danışdı, bu problemlərə diqqət cəlb etməyin vacibliyini vurğuladı. Ölkəmizdə hazırda bir çox sahələr üzrə reyestr sisteminin mövcud olduğunu qeyd edən R.Əliquliyev elektron dövlət çərçivəsində bu sistemlərin, məlumat bazalarının inteqrasiya olunmasının və demoqrafiya problemlərini öyrənən milli intellektual metaverilənlər sisteminin yaradılmasının önəmini qeyd etdi. Bildirdi ki, bu sistem əmək problemləri də daxil olmaqla, demoqrafiya sahəsində problemləri aşkar etməyə imkan verəcək.

İnstitutda elektron demoqrafiya problemlərinin araşdırıldığını önə çəkən R.Əliquliyev qurumda prof. M.Məmmədovanın rəhbərliyi ilə ölkənin demoqrafiya sisteminin tərkib hissəsi olan elektron-tibb və elektron sağlamlıq demoqrafiyası problemlərinin də tədqiq olunduğunu diqqətə çatdırdı.

Akademik, həmçinin Avropanın bu sahədə fəaliyyət göstərən müvafiq qurumları ilə əlaqələrin qurulması və birgə seminarların keçirilməsinin vacibliyini qeyd etdi.  

Alim, həmçinin “Şərq tərəfdaşlığı” çərçivəsində həyata keçirilən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (Gigabit European Advanced Network Technology, GEANT) “EapConnect” layihəsindən bəhs edərək ölkəmizi bu layihədə institutun AzScienceNet şəbəkəsinin milli operator statusunda üzvlüyə qəbul olunaraq yeganə səlahiyyətli qurum kimi təmsil etdiyini diqqətə çatdırdı. Bildirdi ki, bu şəbəkə dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən Avropa Birliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələri quraraq AMEA-nın institut və təşkilatları, o cümlədən ölkənin ali təhsil müəssisələrinin dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi texnologiyalardan və xidmətlərdən istifadə etmələrinə şərait yaradır.

Akademik Azərbaycanın əmək bazarında insan resurslarının proqnozlaşdırılması, tələb və təklifin uyğunlaşdırılması sisteminin qurulmasının, ölkədə demoqrafik vəziyyətin monitorinqinin, xüsusilə tibbi seqmentdə fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılmasının vacibliyini, e-tibbin formalaşdığı müasir dövrdə belə problemlərin həllinin ölkəninin əsas prioritetləri ilə vəhdət təşkil etdiyini vurğuladı. Bu baxımdan Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılmasının zəruriliyini qeyd etdi.

Qonaqlar bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən İrlandiyada yaradılmış Milli Observatoriyaların fəaliyyət istiqamətləri haqqında məlumat verdilər və bu qurumun əsas məqsədinin əmək bazarında insan resurslarına olan tələb və təklifinin elmi əsaslandırılmış idarə olunması, proqnozlaşdırılması, onların kəmiyyət və keyfiyyət baxımından ölkədə biliklər iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, demoqrafik vəziyyətin analizi, proqnozlaşdırılmasını sistematik həyata keçirən və aidiyyatı istiqamətlər üzrə müxtəlif idarəetmə səviyyələri üzrə qərarların qəbuluna intellektual dəstək olan milli informasiya sisteminin yaradılması olduğunu nəzərə çatdırdılar.

Sonda Azərbaycanda əmək bazarının idarə olunması üçün Observatoriyanın yaradılması ətrafında geniş aspektli fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı