İnstitutda magistr dissertasiyalarının müdafiəsi keçirildi 12.06.2018    17:10 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda magistrantların magistrlik dissertasiyalarının müdafiəsi üçün təşkil olunmuş ixtisaslaşdırılmış Müdafiə Şurasının iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev bildirdi ki, AMEA Prezidentinin 10 aprel 2018-ci il tarixli “AMEA-nın II kurs magistrantlarının dissertasiya müdafiəsinin təşkili haqqında” Sərəncamına əsasən, İnformasiya Texnologiyaları İnstitutuna “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı”, “Kompüter mühəndisliyi”, “İnformasiya mühafizəsi və təhlükəsizliyi”, İdarəetmə Sistemləri İnstitutuna “İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə 2016/2017-ci tədris ilində qəbul olunmuş magistrantların magistrlik dissertasiyalarının müdafiəsi məqsədilə rəhbərlik etdiyi qurumda ixtisaslaşdırılmış Müdafiə Şurası yaradılmışdır.

Sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) magistrantı Lamiyə Nəcəfova 249153 – “İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə “Azərbaycan dilindəki mətnlərin müəlliflərinin identifikasiyası üçün alqoritm və proqram təminatının işlənilməsi” mövzusunda dissertasiya işini təqdim etdi. Bildirdi ki, tədqiqat işinin məqsədi Azərbaycan dilində yazılmış mətnlərin müəlliflərinin identifikasiyası üçün mətnlərin yazı üslubunu təyin edən müxtəlif əlamətlərin araşdırılması, onların bir neçə göstəricilərə əsasən analizi üçün proqram təminatının hazırlanması, müəlliflərin tanınması üçün alqoritmin təklif olunmasından ibarətdir.

Məruzəçinin sözlərinə görə, mətnlərin müəlliflərinin identifikasiyası müəllifi məlum olmayan mətnlərin müəllifinin müəyyən olunması baxımından vacib məsələlərdəndir. O, qeyd etdi ki, dissertasiya işində “C sharp” proqramlaşdırma dilində mətnlərin müxtəlif parametrlərinə görə statistik analizini aparan proqram təminatı  hazırlanmış, mətnlərin müəlliflərinin tanınması “Matlab” riyazi proqram paketində aparılmışdır.

Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun magistrantı Şəlalə Mansurova 249161 – “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisaslaşması üzrə “Kompüter şəbəklərində bulud xidmətlərinin səmərəli təşkili üsullarının tədqiqi” mövzusunda dissertasiya işini təqdim etdi. O, işin məqsədi, aktuallığı, qarşıya qoyulmuş məsələlər və s. barədə məlumat verdi.

Ş.Mansurova işin məqsədinin kompüter şəbəkələrində bulud texnologiyaları vasitəsilə mövcud xidmətlərin səmərəliyinin təmin edilməsi üsullarının tədqiqi, təklif edilən model əsasında infrastruktur xidmətinin effektivliyinin artırılması olduğunu söylədi, əldə olunmuş əsas nəticələri təqdim etdi. 

Bildirdi ki, dissertasiya işində  bulud modellərinin təhlükəsizlik baxımından qiymətləndirilməsi üçün kriteriyalar çoxluğu təyin edilmiş, seçilmiş kriteriyalar əsasında multiplikativ aqreqatlaşma metodu vasitəsilə bulud modellərinin təhlükəsizliyinin qeyri-səlis çoxkriteriyalı qiymətləndirilməsi həyata keçirilmiş, bulud xidməti modellərinin qiymətləndirilməsi üçün keyfiyyət əlamətləri tədqiq edilmiş və səciyyəvi keyfiyyət əlamətləri əsasında qiymətləndirmə metodları verilmişdir. Həmçinin, infrastruktur xidmət kimi modelinin səmərəliyinin artırılması üçün bulud, duman, şeh arxitekturası nəzərdən keçirilmiş və təklif edilən infrastruktur xidmətinin səmərəliliyinin təşkili üçün müraciət intensivliyi əsasında Bulud-şeh yanaşması işlənilmişdir.

“İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə “Hidroelektrik stansiyaların aqreqatlarının diaqnostikası üçün intellektual informasiya texnologiyalarının işlənilməsi (Mingəçevir Su Elektrik Stansiyası (SES) misalında)” adlı dissertasiya işini təqdim edən İSİ-nin magistrantı Nigar Alışzadə işin elmi yeniliyi barədə məlumat verdi. Qeyd etdi ki, intellektual diaqnostikanın həyata keçirilməsi üçün zaman sıralarının emalında perseptron əsaslı rekurrent arxitekturaya malik “Elman” şəbəkəsinin məsələyə uyğun modifikasiyasının modelləşdirilməsi və seçilmiş öyrətmə alqoritmi ilə realizasiyası, eləcə də, tədqiqat obyekti haqqındakı ekspert biliklərinin qeyri-səlis produksion qaydalar vasitəsilə modelləşdirilməsi və texniki vəziyyətin qiymətləndirilməsi üçün Soft Computing modelinə uyğun qeyri-səlis çıxarış sisteminin işlənilməsi işin elmi yeniliyini səciyyələndirir.

Məruzəçi dissertasiya işinin əsas məqsədinin araşdırma obyektinin cari texniki vəziyyətinin qiymətləndirilməsi üçün obyektdən vibrodiaqnostika vericiləri vasitəsilə toplanmış siqnalların emalını həyata keçirən üsulların işlənilməsi və bu üsullar əsasında müvafiq proqram təminatının hazırlanması olduğunu bildirdi.

O, tədqiqatın nəticələrini təqdim edərək qeyd etdi ki, Mingəçevir SES-nın əsas hidroaqreqatlarından biri olan K-300-240-3 turbininə quraşdırılmış vericilərdən toplanan siqnallar əsasında “MS Access” sistemində verilənlər bazası işlənmiş, verilənlərin emalı üçün “Matlab” riyazi proqram paketində rekurrent “Elman” şəbəkəsi qurulmuş və “Levenberq-Markvardt” alqoritmi ilə öyrədilmiş, eləcə də, şəbəkə vasitəsilə diaqnostika aparılmış, verilənlər bazasından seçilmiş müxtəlif vektorlarla eksperimentlər edilmişdir.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun magistrantı Cabir Əmirxanlı 249178 –“Kompüter mühəndisliyi” ixtisaslaşması üzrə “Elektron dövlətin təkmil modellərinin analizi və qiymətləndirilməsi” mövzusunda dissertasiya işini təqdim etdi.

İşin aktuallığından danışan məruzəçi bildirdi ki, e-dövlət İKT vasitələrindən istifadə etməklə dövlət proseslərini transformasiya edir və öz müştərilərini (vətəndaşlar, biznes sahəsi və digər dövlət qurumları) informasiya, bilik və xidmərlərlə təmin edir. E-dövlət göstərilən xidmətlərin keyfiyyətinin artırılması və demokratiyanın inkişaf etdirilməsi məqsədilə dövlətə aid prosesləri köklü sürətdə dəyişdirmək üçün İnternet, mobil hesablamalar və bulud texnologiyaları kimi İKT vasitələrindən istifadə edir. 

C.Əmirxanlı dissertasiya işinin məqsədini diqqətə çatdıraraq bildirdi ki, məqsəd bir sıra təşkilatlar və tədqiqatçılar tərəfindən təklif olunan e-dövlətin təkmil modellərinin müqayisəli analizi və qiymətləndirilməsidir.

O, dissertasiya işində alınmış nəticələri təqdim etdi. İşdə e-dövlətin təkmil modellərinin bir sıra aspektlər baxımından müqayisəli analizinin aparıldığını, modellərin çatışmazlıqları, ortaq və fərqli cəhətlərinin aşkarlandığını, təkmil modellərinin qiymətləndirilməsinə dair yanaşmaların analiz olunduğunu və meyarların müəyyənləşdirildiyini, eləcə də, “Ən pis hal” yanaşması və “TOPSIS” metodu əsasında e-dövlətin təkmil modellərinin qiymətləndirildiyini nəzərə çatdırdı.

İnformasiya Texnologiyaları İnstitutunun magistrantı Elşən Bağırov 249186 – “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisaslaşması üzrə “İnformasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi metodları” adlı dissertasiya işini təqdim etdi. O, dissertasiya işinin giriş, üç fəsil, nəticə, əlavələr və ədəbiyyat siyahısından ibarət olmaqla 75 səhifədən təşkil olunduğunu dedi.

Bildirdi ki, informasiya təhlükəsizliyi insidentlərinin (İTİ) effektiv və səmərəli idarə edilməsi biznes-proseslərin fasiləsizliyinin təmin edilməsi baxımından mühüm rol oynayır. Məruzəçi informasiya təhlükəsizliyi insidentlərinin sürətli və effektiv idarə edilməsi üçün yanaşma və təkliflərin işlənməsinin tədiqatın əsas məqsədi olduğunu vurğuladı.

E.Bağırov dissertasiya işində əldə olunmuş nəticələri təqdim etdi. Tədqiqat zamanı İTİ-nin idarə edilməsi üçün nəzərdə tutulmuş informasiya sisteminin komponentlərinin və İTİ-nin qarşısını almaq məqsədilə proqram təminatı boşluqlarının analiz edildiyini, İTİ biletlərinin klassifikasiyası üçün verilənlərin intellektual analizi metodlarının tətbiq edildiyini, həmçinin İTİ-nin idarə edilməsi mövcud metrikalarının analiz edildiyini və bir sıra metrikaların təklif olunduğunu diqqətə çatdırdı.

Dissertasiya işləri təqdim edildikdən sonra müzakirələr aparıldı. Müzakirələrdə akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva, texnika elmləri doktoru Abbas Rzayev və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev çıxış edərək öz sual, təklif və tövsiyələrini səsləndirdilər.

İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov L.Nəcəfova (rəsmi rəyçi: fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Səxavət Talıbov, elmi rəhbər: AMEA-nın müxbir üzvü Kamil Aydazadə), Ş.Mansurova (rəsmi rəyçi: tex.f.d. Məmməd Həşimov, elmi rəhbər: AMEA-nın müxbir üzvü R.Alıquliyev), N.Alışzadə (rəsmi rəyçi: tex.e.d. Fəhrad Paşayev, elmi rəhbər: riy.f.d., dosent Gülçin Abdullayeva), C.Əmirxanlı (rəsmi rəyçi: tex.f.d. Rəna Qasımova, elmi rəhbər: dosent F.Yusifov) və E.Bağırovun (rəsmi rəyçi: tex.f.d., dosent  Ramiz Şıxəliyev, elmi rəhbər: dosent Y.İmamverdiyev) dissertasiya işlərinə dair rəyləri nəzərə çatdırdı.

Dissertasiya işlərinin müzakirəsindən sonra açıq səsvermə keçirildi, hər bir iş üzrə qiymətləndirmə aparıldı. Qiymətləndirmənin nəticələrinə əsasən, L.Nəcəfova, Ş.Mansurova, N.Alışzadə, C.Əmirxanlı və E.Bağırova magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul olundu. 

Sonda çıxış edən akademik Rasim Əliquliyev dissertasiya işlərinin yerinə yetirilməsinə dəstək verən elmi rəhbərlərə təşəkkürünü bildirdi. Alim magistrantların nəzəri və praktiki hazırlığını yüksək qiymətləndirdi, gənc tədqiqatçılara gələcəkdə elmi fəaliyyətlərini davam etdirməyi tövsiyə etdi.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR