Yaranma tarixi və strukturu İnstitutun Tədris-İnnovasiya Mərkəzi 2003-cü ildə yaradılmışdır və üç sektordan ibarətdir: Doktorant və dissertantlarla iş sektoru, Tədrisin təşkili sektoru və Layihələrin idarə edilməsi sektoru. Bunlardan başqa, Tədris-İnnovasiya Mərkəzinin nəzdində iki mərkəz fəaliyyət göstərir: Distant Tədris Mərkəzi və Wiki-Mərkəz. Kadr təminatı Hazırda mərkəzdə pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşların sayı 40 nəfərdən artıqdır. Bunlar institutun elmi işçiləri və İT üzrə yüksək ixtisaslı mütəxəssislərdir. Mərkəzin maddi-texniki təminatı və tələbələrə yaradılmış şərait Mərkəz institutun 1-ci mərtəbəsində yerləşir və 11 otaqdan ibarətdir. - Mərkəz 60-a yaxın müasir tipli kompüter, proyektor, çap qurğusu və digər texniki avadanlıqlarla təmin olunmuşdur;
- Bütün kompüterlərin İnternetə fasiləsiz çıxışı təmin edilmişdir;
- Dərs otaqlarının hamısında interaktiv elektron lövhələr quraşdırılmışdır.
- Mərkəzdə tədris olunan dərslərin keyfiyyətinə nəzarət etmək üçün videonəzarət sistemi mövcuddur;
- Mərkəzin daxili televiziyası fəaliyyət göstərir. Burada mütəmadi olaraq mərkəzin fəaliyyəti və təklif olunan xidmətlər, eləcə də İKT yenilikləri, təhsil xəbərləri, tədrisdə tətbiq olunan yeni texnologiyalar və s. barədə məlumatlar verilir;
Mərkəzin əsas fəaliyyət istiqamətləri Respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanının qəbulu; AMEA-nın magistrlərinə ümumi fənnlərin tədrisi və imtahanların qəbulu; Müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili; Distant kursların, seminar və konfransların təşkili; Ölkədə həyata keçirilən təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstək göstərilməsi; İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələrin həyata keçirilməsi; İnformasiya texnologiyaları sahəsində biliklərin sertifikatlaşdırılması. Mərkəzin əsas nailiyyətləri - 2003-2013-cü illər ərzində 13 min nəfərə yaxın doktorant və dissertant üçün informatika fənnindən kurslar təşkil edilmiş və imtahan qəbul olunmuşdur;
- Naxçıvan MR-da yaşayan doktorant və dissertantlar, eləcə də Naxçıvan Dövlət Universitetinin tələbələri və magistrləri üçün 2011-ci ildən başlayaraq distant dərslər keçilir. 2014-cü ilin sentyabrından isə Gəncə şəhəri və ətraf bölgələrdə yaşayan gənc elmi tədqiqatçılar da mərkəzin distant tədris xidmətlərindən istifadə edəcəklər;
- Bir sıra nazirlik, komitə və müəssisələrin, məsələn AR Auditorlar Palatası, AR Müdafiə Sənayesi Nazirliyi, AR Fövqəladə Hallar Nazirliyi, AzərTAC, AR Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Sağlam ailə” Tibb Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Kollecinin və s. əməkdaşları üçün müxtəlif proqramlar üzrə kurslar təşkil edilmişdir;
- Müxtəlif illərdə mərkəzin əməkdaşları tərəfindən respublikanın bir sıra rayonlarında (Goranboy, Tərtər, Qax, Ağstafa, Göyçay, Astara və s.) məktəb müəllimləri üçün kompüter kursları təşkil olunmuş və onların biliklərinin sertifikatlaşdırılması işləri həyata keçirilmişdir;
- Vətəndaşların kompüter savadının artırılması məqsədi ilə həyata keçirilən innovativ layihə çərçivəsində 2008-ci ildə “İTV” kanalı, 2010-2011-ci illərdə isə “Günaz.tv” peyk televiziyası vasitəsi ilə tele-dərslər keçilmişdir;
- Mərkəz H.Əliyev Fondu, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 2007-ci ildən başlayaraq hər il keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın təşkilində yaxından iştirak edir və qaliblərin beynəlxalq olimpiadaya hazırlaşdırılmasına dəstək göstərir;
- Qazax, Ağstafa, Mingəçevir, Şirvan, Hacıqabul, İsmayıllı, Qax, Balakən, Şəki, Zaqatala rayonlarında yerləşən bir sıra Kompüter Tədrisi Mərkəzlərinə metodiki dəstək göstərilmiş, eyni zamanda həmin mərkəzlərdə tədris alan 2000 nəfərə yaxın dinləyicinin biliklərinin yoxlanılıb sertifikatlaşdırılması işləri həyata keçirilmişdir;
- Mərkəzin innovativ layihəsi çərçivəsində 2008-2012-ci illərdə BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə “İnformasiya cəmiyyətinin əsasları” kursu tədris edilmişdir;
- AMEA Rəyasət Heyətinin 15 yanvar 2014-cü il tarixli ““Wikipedia” ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” qərarına əsasən yaradılmış Wiki-Mərkəz tərəfindən wiki-kurslar tədris olunur.
| |