“Ağıllı OLAP” konsepsiyasına dair yeni yanaşma təqdim olunub

18 Noyabr 2025 - 09:23 | Yeni nəşrlər
“Ağıllı OLAP” konsepsiyasına dair yeni yanaşma təqdim olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyovanın “Elektron hökumət platformasında paylanmış ağıllı OLAP sisteminin memarlıq və texnoloji modelinin hazırlanması” (Development of an architectural and technological model of a distributed smart OLAP system on the e-government platform) adlı məqaləsi Springer nəşriyatına daxil olan “Journal of Electrical Systems and Information Technology”də çap olunub.

Məqalədə hökumət ilə vətəndaşlar arasında (G2C), hökumətlə özəl sektor (G2B), hökumət və işçilər arasında (G2E), hökumətlərlə digər dövlət qurumları (G2G) elektron dövlət modelləri araşdırılıb, xüsusilə G2G modelinin imkanları nəzərdən keçirilib. Qeyd olunub ki, G2G modeli dövlət qurumları və departamentləri arasında milli və beynəlxalq səviyyələrdə məlumat, xidmət və informasiya sistemləri mübadiləsinə əsaslanan dövlət qurumları arasında münasibətləri təsvir edir.

Bildirilib ki, Sənaye 4.0 dövrü yeni informasiya və kommunikasiya texnologiyalarının meydana çıxması, sürətli texnoloji inkişaf, yeni növ təhdidlər və çox sayda mənbədən yaradılan məlumatların mövcudluğu ilə xarakterizə olunur. Elektron dövlət kontekstində də məlumatların həcmində və müxtəlifliyində, eləcə də çox sayda məlumat mənbəyində artım müşahidə olunur. Nəticə etibarilə, OLAP kimi faydalı və geniş yayılmış texnologiyanın ənənəvi formasında istifadəsi təsirsiz və praktik deyil, bəzi hallarda isə təsnifat, klasterləşdirmə, proqnozlaşdırma, məlumatların təhlili və qərar qəbuletmə proseslərinin mürəkkəbliyi səbəbindən qeyri-mümkün hala gəlmişdir. Bu, ənənəvi OLAP-dan “ağıllı” OLAP-a keçidi zəruri etmişdir.

Məqalədə “ağıllı OLAP” konsepsiyasına dair yeni bir yanaşma təqdim edilmişdir. Bu yanaşma elektron hökumət mühitində “ağıllı” OLAP sisteminin hazırlanmış hibrid modelinin əsasını təşkil edir.