Viki Mərkəzin yaradılması ilə bağlı qərar

Viki Mərkəz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin 2014-cü il, 15 yanvar tarixli, 1/2 saylı Qərarı ilə yaradılmışdır. Qərarda bildirilir ki, Vikipediya virtual ensiklopediyasında Azərbaycan xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri haqqında düzgün məlumatların yetərincə olmaması alimlərimizin, mütəxəssislərimizin bu layihəyə cəlb olunmasına, Azərbaycan haqqında obyektiv, operativ, dolğun informasiyanın, audio-video materialların Vikipediayaya daxil edilməsinə ehtiyac yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı Milli təhlükəsizlik konsepsiyasında informasiya təhlükəsizliyi əsas istiqamətlərdən biri kimi təsbit olunub. Vikipediyada Azərbaycanın milli maraqlarının qorunması da informasiyta təhlükəsizliyi siyasətinin tərkib hissəsidir. Bu siyasətinin həyata keçirilməsi AMEA-nın üzərinə də mühüm vəzifələr qoyur.

Həmçinin, AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxış edən Prezident İlham Əliyev xüsusi qeyd etmişdir ki, “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik”.Məqsədə çatmaq üçün AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının İnternetin müxtəlif qlobal layihələrində, sosial media vasitələrində və xüsusi ilə də Vikipediya virtual ensiklopediyasında fəal olmaları üçün şəbəkə texnologiyaları üzrə zəruri biliklərin tədrisi və praktiki bacarıqların aşılanmasını Viki Mərkəz öz üzərinə götürmüşdür.

 

Viki Mərkəzin vəzifəsi

1. Vikipediya virtual ensiklopediyasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, 

2. Ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi,

3. Azərbaycanın tarixi həqiqətlərini, müasir reallıqlarını, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin Vikipediyada yerləşdirilməsi,

4. Ayrı-ayrı sahələrin mütəxəssisləri üçün Vikipediyaya aid nəzəri və praktiki dərslərin tədrisi,

5. Vətəndaşlar  arasında Vikpediyanın populyarlaşdırılması və onların Vikipediyada Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün təbliğat-təşviqat işlərinin aparılmasıdır.