Aprelin 8-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda müşavirə keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev tədbirin institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) doktorant və dissertantlara tədris olunan “Elmi informatika” fənninin yenidən tərtib olunmuş proqramının müzakirəsinə həsr olunduğunu diqqətə çatdırdı.
Bildirdi ki, müasir dövrdə Avropanın təhsil məkanına inteqrasiya edən Azərbaycanın təhsil sisteminin qarşısında duran ən başlıca vəzifə yeni tədris mexanizmlərinin işlənməsi, bu sahənin qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi, keyfiyyətinin yüksəldilməsi, tədris prosesində yeni elmi-metodiki nailiyyətlərin tətbiq edilməsidir. Bu baxımdan milli kadr hazırlığı siyasətinin həyata keçirilməsi üçün informatika fənninin tədrisi vacibdir.
R.Əliquliyev AR Ali Attestasiya Komissiyasının qərarına əsasən, respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və bu fənn üzrə imtahanların qəbulunun 2003-cü ildən başlayaraq mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda uğurla həyata keçirildiyini nəzərə çatdırdı. Qeyd etdi ki, institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantların ən müasir İKT biliklərinə yiyələnməsi məqsədilə yeni texnologiyalar əsasında formalaşan innovativ mühit yaradılmışdır.
TİM-in rəhbəri Rəsmiyyə Mahmudova “Elmi informatika” fənninin proqramı haqqında məlumat verərək proqramın “İnformatika elmi və onun cəmiyyətdəki vəzifələri”, “İnformasiya cəmiyyətinin əsasları”, “Bibliometriya, Elmmetriya, Vebometriya”, “İnformasiya təhlükəsizliyi. Elektron imza” və digər bölmələr üzrə tərtib olunduğunu qeyd etdi. Onun sözlərinə görə, superkompüter texnologiyaları, Big Data texnologiyaları, veb-texnologiyalar, 3D texnologiyalar və s. mövzular fənnin predmetinə daxildir. Bununla yanaşı, “Elmi informatika” fənninin tədrisində bir sıra həlli vacib problemlərin mövcud olduğunu dilə gətirdi.
Sonra geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.
İnstitut direktoru informasiya texnologiyalarının dinamik inkişafı ilə əlaqədar olaraq mühazirələrdə bu sahə üzrə terminlərin dəqiq izahının verilməsinin vacibliyini, təkliflər nəzərə alınmaqla proqramın daha da təkmilləşdirilməsinə ehtiyac duyulduğunu qeyd etdi, müvafiq tapşırıqlar verdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.