“Big Data” problemləri üzrə araşdırmalar davam etdiriləcək

11 Fevral 2015 - 12:00 | Konfranslar, İclaslar
“Big Data” problemləri üzrə araşdırmalar davam etdiriləcək

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub. İnstitutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova 1 saylı şöbədə cari ildə planlaşdırılmış işlər haqqında məlumat verib. Bildirib ki, şöbədə böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi, böyük verilənlərin analitikası problemlərinin tədqiqi və analizi, böyük verilənlərin vizuallaşdırılması problemlərinin analizi və s. mövzular üzrə elmi-tədqiqat işlərinın aparılması nəzərdə tutulur.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri diqqətə çatdıran M.Hacırəhimova bu istiqamətdə “Elmi Problemlər Reyestri” sisteminin konseptual əsaslarının işlənməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlərdən danışıb. Eyni zamanda AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyələşdirdiyi qrant layihəsi üzrə tədqiqatların davam etdiriləcəyini söyləyib.

Qeyd edib ki, “Big Data” texnologiyaları: müasir vəziyyət, imkanlar və problemlər” ekspres-informasiya kitabının hazırlanıb.

O, həmçinin elmi-pedaqoji, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, aparılan elmi-tədqiqat işləri və innovativ layihələrin КİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi, o cümlədən İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlərin nəzərdə tutulduğunu dilə gətirib.

Sonda şöbənin plan layihəsinin institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.