ADA Universitetində İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı keçirilir

15 Oktyabr 2026 - 15:26 | Konfranslar, İclaslar

ADA Universitetində İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimi keçirilib.

Konfrans ADA Universiteti, ABŞ-ın Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) müvafiq Azərbaycan bölmələri, Turin Politexnik Universiteti, Corc Vaşinqton Universiteti, Nazarbayev Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Qazax-Britaniya Texniki Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, SDU Universiteti, Nikola Tesla Elektrik Mühəndisliyi İnstitutu və “Alessandro Faedo” İnformasiya Elmləri və Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfransın açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev konfransın 20 illik yubileyinin universitetin fəaliyyətə başlamasının 20-ci ildönümü ilə eyni vaxta təsadüf etdiyini bildirib. Rektor konfransın uzun illər ərzində davamlı olaraq keçirilməsini onun elmi əhəmiyyətinin göstəricisi kimi dəyərləndirib.

Rektor Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq imkanlarına diqqət çəkərək İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Turin Universiteti ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Alim ADA Universitetinin müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlığa və qarşılıqlı təcrübə mübadiləsinə açıq olduğunu bildirib, qonaqları universitetin fəaliyyəti ilə daha yaxından tanış olmağa dəvət edib.

IEEE-nin Azərbaycan bölməsinin rəhbəri, ADA Universitetinin professoru Abzətdin Adamov çıxış edərək “Elmi, texnologiyanı və cəmiyyəti birləşdirən 20 il” devizi ilə keçiriən konfransın 20 illik yubileyinin elmi ictimaiyyət, sənaye nümayəndələri və cəmiyyət arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, AICT konfransı bugünədək mühüm elmi nailiyyətlərə imza ataraq beynəlxalq elmi platforma kimi formalaşmışdır.

Prof. Abzətdin Adamov konfransın 20 illik tarixi ərzində 7 minə yaxın müəllif tərəfindən 5 minədək elmi məqalənin təqdim olunduğunu, onlardan 70-dək ölkəni təmsil edən müəlliflərin 1500-dən çox məqaləsinin qəbul edilərək konfrans çərçivəsində təqdim edildiyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AICT2026 konfransının İKT sahəsində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, qabaqcıl tədqiqat nəticələrinin mübadiləsi və elmi əlaqələrin inkişafı baxımından mühüm platforma olduğunu bildirib. Qeyd edib ki, artıq 20-ci dəfə təşkil olunan konfrans uzun illər ərzində İKT sahəsində aktual elmi problemlərin müzakirəsinə və beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verən nüfuzlu beynəlxalq tədbirlərdən birinə çevrilib.

Akademik Rasim Əliquliyev konfransın dəvətli qonaqlarından olan Polşa Elmlər Akademiyasının üzvü, London Kral Kollecinin professoru Erol Gelenbenin ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən elmi seminarda iştirakına da toxunub. AMEA-nın vitse-prezidenti alimin təsadüfi neyron şəbəkələri ideyasının və nəzəriyyəsinin müəllifi olduğunu bildirib. Prof. Erol Gelenbenin bu nəzəriyyənin süni intellekt, kibertəhlükəsizlik, proqram mühəndisliyi və kənar hesablamalar (edge computing) sahələrində tətbiqi ilə bağlı apardığı tədqiqatların əhəmiyyətini vurğulayaraq, alimin elmi təcrübəsinin və araşdırmalarının müasir informasiya texnologiyalarının inkişafı baxımından önəmini qeyd edib.

Alim konfransın yüksək səviyyədə təşkilinə görə ADA Universitetinin rəhbərliyinə, universitetin rektoru professor Hafiz Paşayevə təşəkkürünü bildirib. Alim professor Hafiz Paşayevin elmin inkişafına, innovativ təşəbbüslərin dəstəklənməsinə və beynəlxalq akademik əməkdaşlığın genişlənməsinə göstərdiyi diqqəti xüsusi vurğulayıb. Həmçinin konfransın gənc tədqiqatçılar üçün yaratdığı elmi ünsiyyət və təcrübə mübadiləsi imkanlarından səmərəli istifadə etməyin vacibliyini diqqətə çatdırıb.

Beynəlxalq konfransda həmçinin ABŞ-ın Corc Vaşinqton Universitetinin Elektrik və Kompüter Mühəndisliyi kafedrasının müdiri, professor Tarek El-Ghazawi, İtaliyanın Turin Politexnik Universitetinin Energetika kafedrasının professoru Aldo Canova, eləcə də Serbiyanın Nikola Tesla Elektrik Mühəndisliyi İnstitutunun şöbə müdiri, doktor Maja Grbic çıxış ediblər. Natiqlər informasiya və kommunikasiya texnologiyalarının inkişafı, müasir elmi tədqiqatların aktual istiqamətləri və beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti ilə bağlı məsələlərə toxunublar.  Çıxışlarda AICT konfransının 20 illik fəaliyyəti ərzində beynəlxalq elmi dialoqun genişlənməsinə, qabaqcıl tədqiqat nəticələrinin paylaşılmasına və elm ilə texnologiya arasında əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyi vurğulanıb. Konfransın yubiley tədbirinin müxtəlif ölkələrdən olan alim və mütəxəssislər arasında təcrübə mübadiləsi baxımından mühüm imkanlar yaratdığı qeyd edilib.

Daha sonra tədbir işini plenar məruzələri ilə davam etdirib. Sessiyada Polşa Elmlər Akademiyasının üzvü və London Kral Kollecinin professoru Erol Gelenbenin “Süni intellektə optimallaşdırma və simulyasiya prizmasından baxış” və Nazarbayev Universitetinin Ağıllı Sistemlər və Süni İntellekt İnstitutunun direktoru, professor Hüseyn Atakan Varolun “Aşağı resurslu mühitlər üçün generativ süni intellekt modellərinin yaradılması: verilənlər toplusunun hazırlanması, modelin öyrədilməsi və xidmətin tətbiqi” adlı məruzələri dinlənilib.

Qeyd edək ki, üç gün davam edəcək konfransda kompüter elmləri sahəsində mühüm töhfələri ilə dünyada tanınan alimlərin plenar və seksiya çıxışları dinləniləcək. Konfransda həmçinin ETN İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – böyük elmi işçi Könül Daşdəmirova və texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudovanın, eləcə də texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və institutun doktorantı Elvin Qurbanovun həmmüəllifi olduqları məruzələr təqdim edilib.