AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunmuş toplantı keçirilib.
Tədbirdə əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bu günün Azərbaycan tarixində xüsusi yer tutduğunu, xalqımızın yaddaşına ən şərəfli və qürurverici səhifələrdən biri kimi həkk olunduğunu bildirib. Qeyd edib ki, torpaqlarımızın 30 il ərzində işğal altında qalması Azərbaycan xalqına və dövlətinə ağır mənəvi, sosial və maddi itkilər yaşatmış, bu dövr ərzində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüşdür.
Alim bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi, ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsi, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün möhkəm zəmin yaratmışdır: “2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkəmizin müasir tarixində mühüm hadisələr kimi yadda qaldı”.
Baş direktor həmçinin 44 günlük müharibə dövründə Dövlət başçısının xarici media nümayəndələrinə verdiyi çoxsaylı müsahibələrin Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması və informasiya müstəvisində inamlı mübarizənin aparılması baxımından mühüm rol oynadığını vurğulayıb.
Akademik Rasim Əliquliyev Vətən müharibəsi şəhidlərimizin qəhrəmanlığı və fədakarlığının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağına, onların müqəddəs xatirəsinin gələcək nəsillərə dövlətçilik və Vətənə sədaqət nümunəsi kimi çatdırılacağına əminliyini ifadə edib.
Çıxışının sonunda akademik Rasim Əliquliyev həm Birinci, həm də İkinci Qarabağ müharibələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Daha sonra tədbirdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, institutun YAP Yasamal rayon təşkilatı üzrə ərazi partiya təşkilatının sədri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, Qadınlar şurasının sədri, institutun baş elmi işçisi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, institutun Həmkarlar Komitəsinin sədri Anar Səmidov, eləcə də Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Əlizadə çıxış ediblər. Çıxışlarda 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının tarixindəki əhəmiyyətindən, Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canından keçən şəhidlərin göstərdiyi qəhrəmanlıqdan bəhs olunub. Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycanın müasir tarixində mühüm mərhələ təşkil etdiyi, şəhidlərin və qazilərin fədakarlığının gələcək nəsillər üçün örnək olduğu qeyd edilib.
Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.