İnstitutun əməkdaşının məqaləsi Scopus bazasında indeksləşən jurnalda çap olunub

06 İyul 2026 - 16:11 | Yeni nəşrlər
İnstitutun əməkdaşının məqaləsi Scopus bazasında indeksləşən jurnalda çap olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Şakir Mehdiyevin məqaləsi Scopus bazasında indeksləşən “International Journal of Information and Computer Security” jurnalında dərc olunub.

“Daşınıla bilən tibbi cihazlarda batareya tükənməsi hücumlarının aşkarlanması və qarşısının alınması” (Detecting and countering battery-depletion attacks in wearable medical devices) adlı məqalədə qeyd olunur ki, hazırda daşınıla bilən tibbi cihazların getdikcə daha mürəkkəb və şəbəkəyə bağlı hala gəlməsi yeni riskləri gündəmə gətirir. Xüsusilə kardiostimulyatorlar, insulin nasosları və neyrostimulyatorlar kimi həyati əhəmiyyət daşıyan cihazların enerji mənbəyindən asılılığı onları batareyanın məqsədli şəkildə boşaldılmasına yönələn kibertəhdidlər qarşısında həssas edir.

Araşdırmada enerji sərfiyyatının artmasına səbəb ola bilən amillər sensorların fəaliyyəti, hesablama prosesləri və kommunikasiya modullarına edilən kibermüdaxilələr kontekstində təhlil olunur. Eyni zamanda, bu problemlərin qarşısının alınması üçün adaptiv enerji idarəetməsi ilə yanaşı, daşınıla bilən tibbi cihazların xüsusiyyətlərinə uyğunlaşdırılmış yüngül çəkili müdaxilələrin aşkarlanması sisteminin tətbiqi təklif edilir. Məqalədə vurğulanır ki, enerji baxımından səmərəli və qabaqlayıcı yanaşmaların tətbiqi bu kimi cihazların gələcəkdə yarana biləcək kiber-fiziki təhlükələrə qarşı davamlılığının gücləndirilməsində mühüm rol oynaya bilər.

Qeyd edək ki, “International Journal of Information and Computer Security” jurnalının Web of Science elmi platformasında impakt faktoru 0.6-ya bərabərdir.