İnstitut əməkdaşlarının məqaləsi Scopus bazasında indeksləşən jurnalda dərc olunub

10 İyun 2026 - 10:52 | Mühüm hadisələr
İnstitut əməkdaşlarının məqaləsi Scopus bazasında indeksləşən jurnalda dərc olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Şakir Mehdiyev və institutun baş mütəxəssisi Təhmasib Fətəliyevin həmmüəllifi olduqları məqalə Scopus bazasında indeksləşən “The Beijing International review of Education” jurnalında dərc olunub.

“Elm və təhsildə rəqəmsal transformasiyaya hazırlıq səviyyəsinin qiymətləndirilməsi: inteqrasiya olunmuş elm-təhsil-cəmiyyət ekosisteminə doğru” (Assessing Digital Transformation Readiness in Science and Education: Towards an Integrated Science-Education-Society Ecosystem) adlı məqalədə qeyd olunur ki, elm və təhsilin rəqəmsal transformasiyası texnoloji inteqrasiya, institusional adaptasiya, idarəetmədə uyğunluq və insan kapitalının inkişafı ilə bağlı mürəkkəb çağırışlar yaradır. Bu kontekstdə Sənaye 4.0-dan Cəmiyyət 5.0-a keçid şəraitində rəqəmsal transformasiyaya hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün inteqrativ və çoxsəviyyəli yanaşma irəli sürülür. Rəqəmsal hazırlıq kəmiyyət göstəricisi kimi deyil, institusional, təhsil, elmi və sosial komponentlərin qarşılıqlı əlaqəsinə əsaslanan sistem kimi şərh edilir və transformasiyanın uğurunun etik idarəetmə ilə səviyyələrarası uyğunluqdan birbaşa asılı olduğu vurğulanır.

Qeyd edək ki, “The Beijing International review of Education” jurnalı Scopus elmi bazasında indeksləşir.