Bakı Dövlət Universitetinin SABAH qruplarının “Kompüter elmləri” ixtisası üzrə təhsil alan IV kurs tələbələri 16 fevral - 03 iyul tarixlərində İnformasiya Texnologiyaları İnstitutunun müvafiq şöbələrində təcrübə keçəcəklər. Təcrübənin əsas məqsədi tələbələrin bilik və bacarıqlarının istehsalat şəraitində tətbiq olunmasını təmin etmək, onların ali məktəbdə əldə etdikləri nəzəri bilikləri möhkəmləndirmək, lazımi təcrübəni formalaşdırmaqdan ibarətdir.
AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda SABAH tələbələri ilə görüş keçirilib. Görüşdə əvvəlcə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək gənclərə institutun əsas fəaliyyət istiqamətləri, burada həyata keçirilən elmi-innovativ layihələr, dövlətin strateji maraqlarına xidmət edən prioritet istiqamətlərdə aparılan araşdırmalar haqqında ətraflı danışıb: “İnstitutda süni intellekt, data science, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim, böyük verilənlərin analitikası istiqamətində tədqiqatlar aparılır, əldə olunan mühüm elmi nəticələrə dair məqalələr nüfuzlu, yüksək istinad indeksli beynəlxalq jurnallarda çap olunur. Eyni zamanda institut dövlət proqramları, strategiyalar, yol xəritələri və digər mühüm dövlət sənədlərinin icrasında fəal iştirak edir”.
İcraçı direktor bildirib ki, əldə olunmuş qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsi, eyni zamanda gənclərin elmi fəaliyyətinə dəstək göstərilməsi institutun qarşısında duran əsas vəzifələrdəndir.
Dos. Rəşid Ələkbərov çıxışı zamanı “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planının mahiyyətinə toxunaraq bildirib ki, yeni arxitekturanın əsas məqsədi vahid və inteqrasiya olunmuş rəqəmsal mühitin formalaşdırılması, dövlət qurumları arasında koordinasiyanın təmin edilməsi və kibersuverenliyin möhkəmləndirilməsidir.
Dos. Rəşid Ələkbərov əmək bazarının xarakterinin tədricən dəyişməsi nəticəsində yeni peşələrin meydana çıxdığını, proqram mühəndisliyi, kompüter mühəndisliyi, data elmləri, kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı kadrlara tələbatın daha da artdığını bildirib. Tələbələri daim öz bilik və təcrübələrini artırmağa, elmi fəaliyyətlə məşğul olmağa çağırıb.
Sonra tədbirdə dos. Fərhad Yusifov çıxış edərək gənclərə institutun struktur bölmələrinin fəaliyyəti, burada aparılan tədqiqatlarla yaxından tanış olmağı tövsiyə edib. Tələbələrə təcrübə müddətində təhkim olunduqları şöbə və təcrübə rəhbərləri ilə mütəmadi əlaqə saxlayaraq öz bilik və təcrübələrini artırmağı, verilən tapşırıqları vaxtında icra etməyi tövsiyə edib, hər birinə uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.