İnstitutun 17 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub

15 Yanvar 2015 - 15:26 | Konfranslar, İclaslar
İnstitutun 17 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub.

Planı təqdim edən sektor müdiri Rasim Mahmudov bildirib ki, şöbədə 15 doktorant və dissertant “İnformasiya texnologiyaları” və “İnformasiya cəmiyyəti” istiqamətləri üzrə müxtəlif aktual mövzularda elmi-təqdqiqat işləri aparır.

Cari ilki elmi-tədqiqat işlərinin nəticələri əsasında müxtəlif yerli və nüfuzlu beynəlxalq elmi konfranslara 40 tezisin təqdim edilməsi, respublika və beynəlxalq səviyyəli elmi jurnallarda 30 məqalənin nəşri planlaşdırılır. Həmçinin qeyd olunan elmi-tədqiqatlarla bağlı 12 elmi seminarın keçirilməsi, 3 əməkdaşın isə dissertasiya işinin müdafiəsi gözlənilir.

Şöbənin fəaliyyət planında elmi-innovasiya istiqamətində də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Burada 3 mühüm dövlət planına elmi dəstəyin verilməsi üzrə işlərin davam etdirilməsi, AR Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən maliyələşdirilən iki qrant layihəsinin icrası, ötən il təşkil edilən Viki-Mərkəzin fəaliyyətinin davam etdirilməsi kimi məsələlər öz əksini tapıb.

Şöbə əməkdaşlarının elmi-pedoqoji fəaliyyət istiqamətinə uyğun olaraq, əvvəlki illərdə olduğu kimi, bu il də institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara, dövlət qulluqçularına, fərdi tələbələrə müxtəlif mövzularda nəzəri və praktiki biliklərin tədris olunması nəzərdə tutulur.

Cari ildə şöbədə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, kadr potensialının gücləndirilməsi kimi mühüm vəzifələr qarşıya qoyulmuşdur.

Müzakirələr zamanı AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi 17 saylı şöbənin plan layihəsi ilə bağlı müəyyən irad və təkliflərini bildirib. Qərara alınıb ki, irad və təkliflər nəzərə alınmaqla plan layihəsi institutun Elmi Şurasının müzakirəsinə təqdim olunsun.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.