İntellektual proqram sistemlərinin sintezi problemləri üzrə alınmış elmi-nəzəri nəticələr müzakirə olunub

13 İyun 2025 - 15:11 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti şöbə seminarı keçirilib. Tədbirdə çıxış edən texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “İntellektual proqram sistemlərinin sintezi üçün metod və modellərin işlənməsi” adlı dissertasiya işi (üçüncü, dördüncü və beşinci fəsillər) üzrə alınmış elmi nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.

Sonra institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova dissertasiya işini təqdim edərək mövzunun aktuallığı, tədqiqatın məqsədi, obyekti, predmeti, metodları və s. haqqında ətraflı məlumat verib.

Tədqiqatçı dissertasiya işinin məqsədinin proqram sistemlərinin səmərəlilik göstəricilərinin qiymətləndirilməsi və onun əsasında proqram sisteminin seçilməsi, təhlükəsizliyinin təmin olunması və  müxtəlif təyinatlı proqram sistemi texnologiyalarının sintezi üçün model, metod və alqoritmin işlənməsindən ibarət olduğunu bildirib.

Ş.Mahmudova dissertasiya işinin “Proqram sistemlərinin səmərəlilik göstəricilərinin qiymətləndirilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” və “Proqram sisteminin təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlərin işlənməsi” diqqətə çatdırıb. Qeyd edib ki, tədqiqat işi çərçivəsində TOPSIS metodunu tətbiq etməklə proqram sisteminin səmərəlilik göstəricilərinin qiymətləndirilməsi və proqram sisteminin seçilməsi, Analytic Hierarchy Process metodunu tətbiq etməklə proqram sisteminin funksionallığının qiymətləndirilməsi və Vikor metodunu tətbiq etməklə proqram sisteminin etibarlılığının yüksəldilməsi üçün alqoritmlər işlənmişdir.

Həmçinin proqram sisteminin layihələndirilməsində istifadə olunan alqoritmin optimallaşdırılmasında qarışqa alqoritmi tətbiq edilmiş, proqram sisteminin təhlükəsizliyinin təmin olunması üsulları müqayisəli təhlil edilmiş, fərdi məlumatların proqram vasitələri ilə qorunması üsulları araşdırılmış və müqayisəli təhlili aparılmış, süni immun sistemləri əsasında proqram sisteminin kibertəhlükəsizliyinin təmin edilməsi alqoritmi işlənmişdir. O cümlədən ontologiyanın köməyi ilə kibertəhlükəsizliyin təmin olunması üçün intellektual proqram sistemi işlənmişdir.

Ş. Mahmudova müxtəlif təyinatlı proqram sistemi texnologiyalarının sintezi üçün intellektual model, metod və alqoritmin işlənməsi” fəsilləri üzrə əldə olunmuş elmi-nəzəri nəticələri də təqdim edib. Tədqiqatçının sözlərinə görə, fəsil çərçivəsində intellektual proqram sistemlərinin layihələndirilməsi üçün model, müasir intellektual texnologiyalardan istifadə etməklə intellektual proqram sisteminin sintezi üçün metod işlənmişdir. Əlavə edib ki, loq fayllardakı məlumatlardan səmərəli istifadə etmək məqsədilə Squid proxy vasitəsilə MySQL bazasına məlumatların yerləşdirilməsi və onların klasterləşdirilməsi üçün  alqoritmin  işlənilməsi, Əşyaların İnterneti üçün istifadə olunan proqram sisteminin seçilməsi üçün modelin təklif edilməsi, fotoportretlər əsasında insan sifətinin tanınması üzrə biometrik intellektual identifikasiya sisteminin təkmilləşdirilməsi iş çərçivəsində aparılmış tədqiqatlara aiddir.

Məruzəçi bildirib ki, tədqiqatın nəticələri 8-i Web of Science, 10-u Scopus bazasında olmaqla 27 məqalədə, o cümlədən 4-ü Web of Science və 4-ü Scopusda olmaqla 20 konfrans materialında, ümumilikdə 53 nəşrdə öz əksini tapmışdır. İş çərçivəsində 2-si Web of Science və 2-si Scopusda olmaqla 4 kitab nəşr olunmuşdur.

Mövzu ətrafında gedən müzakirələrdə dosent R.Ələkbərov, institutun baş mühəndisi Şakir Mehdiyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, baş elmi işçi,  texnika üzrə elmlər doktoru, dosent Zərifə Cəbrayılova, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova və institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva iştirak ediblər. Ş.Mahmudova ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.

Sonda dissertasiya işi ilə bağlı səsləndirilən təklif və tövsiyələr nəzərə alınmaqla işin institutun elmi seminarının müzakirəsinə təqdim olunması tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.