ETN İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının 3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə elmi seminarının iclası keçirilib.
Tədbiri giriş nitqi ilə açan Dissertasiya Şurasının elmi seminarının iclasının sədri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev iclasın institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyevanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirib.
Sonra S.Ocaqverdiyeva çıxış edərək “Uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi haqqında ətraflı məlumat verib. O, elmi-tədqiqat işinin məqsədinin uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi üçün intellektual texnologiyaların tətbiqi ilə metod və alqoritmlərin işlənməsi olduğunu bildirib.
İddiaçı dissertasiya işinə dair 2-si “Web of Science”, 5-i “Scopus” bazasında olmaqla, ümumilikdə 12 məqalənin, o cümlədən 5 konfrans materialının nəşr olunduğunu söyləyib.
Mövzunun aktuallığından bəhs edən məruzəçi qeyd edib ki, virtual məkanda, əsasən də sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan ziyanlı kontentlərin (pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilər, terrorizm, vandalizm, pis vərdişlərin təbliğatı və s.) böyük sürətlə artması uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. O, yeni virtual layihələrin İnternet təhlükələrinin artmasına təsiri və kiberqurbanların sayının çoxalması, bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi, eləcə də beynəlxalq aləmdə və ölkəmizdə uşaqların təhlükəsizliyi ilə bağlı müxtəlif qanun və sərəncamların olmasına baxmayaraq zərərli informasiyaya tam nəzarətin mümkün olmamasının dissertasiya işinin aktuallığını şərtləndirən amillərdən olduğunu vurğulayıb.
Tədqiqatçının sözlərinə görə, İnternet asılılıq problemləri və yaşa uyğun olmayan məlumatlar uşaq psixologiyasına, tərbiyəsinə və davranışına mənfi təsir edir. Bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi halları informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Bu problemlər həm texnoloji, həm də sosial məsələlərin həllini tələb edir.
S.Ocaqverdiyeva hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatı və təhlükəsizlik sistemlərinin mövcud olduğunu, əksər ölkələrdə bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlərin görüldüyünü bildirib. Əlavə edib ki, bu tədbirlərə baxmayaraq, virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha müasir texnologiyaların və təhlükəsizlik mexanizmlərinin yaradılmasına böyük ehtiyac vardır.
İddiaçı dissertasiya işi çərçivəsində əldə olunmuş nəticələri diqqətə çatdırıb. Bildirib ki, işdə İnternet mühitində uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsində müasir vəziyyət analiz olunmuş, mövcud problemlər müəyyənləşdirilmiş və konseptual model işlənmişdir.
O, həmçinin qeyd edib ki, veb-kontentlərdə vulqarizmlərin aşkarlanması üçün alqoritm, zərərli təsvirlərin klassifikasiyası və filtrasiyası üçün metod işlənmiş, loq-faylların analizi əsasında uşaqların İnternet asılılığının qiymətləndirilməsi aparılmışdır. O cümlədən uşaqların yaş qrupuna uyğun veb-konentin seçilməsində çoxkriteriyalı qərar qəbulu metodu və qeyri-səlis məntiqi çıxarış əsasında uşaqların informasiyaya girişinin idarə edilməsi metodu işlənmişdir.
Dissertasiya işi üzrə rəyçilər – Azərbaycan Texniki Universitetinin “Radioelektron və aerokosmik sistemlər” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Bayram İbrahimov və Bakı Mühəndislik Universitetinin “Avtomatika, telekommunikasiya və energetika” kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamov çıxış edərək aktual elmi problemlərə həsr olunmuş dissertasiya işində kompleks məsələlərin qoyulduğunu, zərərli təsvirlərin klassifikasiyası məsələlərinə baxıldığını bildiriblər. Həmçinin nəzəri və praktiki əhəmiyyətə malik dissertasiya işinə dair tövsiyə xarakterli iradlar və təkliflər səsləndiriblər. Rəyçilər tədqiqat işinin yüksək səviyyədə yerinə yetirilmiş, tamamlanmış elmi iş olduğunu və Ali Attestasiya Komissiyasının elmi dərəcələrin verilməsinə dair tələblərini tam ödədiyini vurğulayıblar.
Sonra mövzuya dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları - İradə Ələkbərova, Gülnarə Nəbibəyova, Babək Nəbiyev və digərləri mövzunun aktuallığını önə çəkiblər, dissertasiya işində mühüm elmi-nəzəri nəticələrin əldə olunduğunu bildiriblər, tədqiqatçıya mövzu ilə bağlı təklif və tövsiyələr veriblər.
Sonda gizli səsvermə əsasında dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasına yekdilliklə qərar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.