İnformasiya Texnologiyaları İnstitutunda “Təbii dilin emalı və dərin təlimdən istifadə edərək e-poçt kompromentasiyasının aşkarlanması metodu” mövzusu üzrə əldə edilmiş elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunmuş növbəti elmi seminar keçirilib.
Məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat fişinqin hazırda kibercinayətkarlar tərəfindən həyata keçirilən ən geniş yayılmış hücumlardan olduğunu bildirib: “Bu, həssas məlumatın aşkarlanması və ya zərərli proqram təminatının qurbanın infrastrukturuna daxil edilməsini hədəfləyən, kibercinayətkarın şəxsi aldatmaq üçün fırıldaq mesajı göndərdiyi sosial mühəndisliyin bir növüdür”.
Onun sözlərinə görə, maşın təlimi üsulları ənənəvi e-poçt təhlükəsizliyi həllərini yan keçmək üçün nəzərdə tutulmuş kiçik dəyişiklikləri tapmaqla müxtəlif fişinq hücumlarını aşkar edə bilər. L.Suxostat qeyd edib ki, təbii dil emalı (Natural Language Processing, NLP) həlləri sosial mühəndisliyin əlamətlərini aşkarlanmağa imkanı verir.
Tədqiqatçı dərin təlimindən istifadə edərək e-poçt kompromentasiyasını aşkarlanmaq üçün təklif olunan BERT+BiGRU+CNN yanaşması haqqında məlumat verib. O, eksperimentlərin “Python” proqramlaşdırma dilində aparıldığını qeyd edərək, təcrübələri aparmaq üçün müxtəlif ölçülü verilənlərin istifadə edildiyini də vurğulayıb. Məruzəçi qeyd edib ki, digər üsullarla müqayisə NLP-nin potensialını dərin təlim ilə birlikdə fişinq aşkarlamasını yaxşılaşdırdığını nümayiş etdirib.
Sonra təqdim olunan mövzuya dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Müzakirələrdə AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, institutun baş mühəndisi Şakir Mehdiyev, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və digər əməkdaşlar iştirak edərək, müvafiq istiqamətdə elmi araşdırmaların davam etdirilməsinin zəruriliyi ilə bağlı fikirlərini bölüşüblər.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək mövzu üzrə təklif və tövsiyələrini səsləndirib. Alim mətnlərdə kibertəhlükələrin aşkarlanması sahəsində problemlərin daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.