Tibbi sosial media resurslarındakı informasiya əsasında klinikaların fəaliyyətinin identifikasiyası ilə bağlı tədqiqatlar aparılıb

03 İyun 2024 - 15:07 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Sentiment analiz və qeyri-səlis məntiqin tətbiqi ilə tibbi sosial media resurslarındakı informasiya əsasında klinikaların fəaliyyətinin identifikasiyası” mövzusunda məruzə dinlənildi.

Əvvəlcə şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d., professor Məsumə Məmmədova çıxış edərək bildirdi ki, tibbi xidmətin keyfiyyətin yaxşılaşdırılması ilə bağlı qəbul olunan qərarların obyektivliyinin və şəffaflığının artırılması hər bir ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindəndir. Bu kontekstdə tibbi sosial şəbəkələr, onlayn cəmiyyətlərin meydana gəlməsi və inkişafı qəbul olunan qərarların okeyfiyyətinin təmin olunması üçün qiymətli informasiya mənbəyinə çevrilmiş, ictimai rəyin, kütlə rəyinin nəzərə alınması üçün geniş imkanlar yaratmış, kraudsorsinq tədqiqatlara təkan vermişdir. Professor bu istiqamətində artıq bir neçə ildir ki, şöbədə tədqiqatlar aparıldığını və hazırkı seminarın tibbi sosial mediada toplanan pasiyent rəylərinin sentiment analizi və qeyri-səlis məntiqin tətbiqi ilə klinikaların fəaliyyətinin identifikasiyası məsələsinin həlli ilə bağlı tədqiqatın nəticələrinə həsr edildiyini nəzərə çatdırdı.

Sonra çıxış edən t.e.d. Zərifə Cəbrayılova bildirdi ki, şöbədə bu istiqamətdə aparılan tədqiqatlarda pasiyent rəylərinin statistik analizi, kontent analizi, sentiment analizi əsasında alınan uğurlu nəticələr nüfuzlu konfrans və nəşrlərdə dərc edilib. O, hazırkı tədqiqatda həkim və ya klinika haqqında pasiyent rəylərinin tonallığı ilə yanaşı, həm də şərhlərdə istifadə edilən təbii dilin qeyri-səlis, qeyri-müəyyən, keyfiyyət xarakterli anlayışlarına diqqət ayrıldığını, rəylərin sentiment analizindən alınan nəticələrin dəqiqləşdirilməsi üçün qeyri-səlis məntiqə istinad edildiyini nəzərə çatdırdı.

Məruzəçi klinikaların fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi məsələsinin həlli üçün təklif edilən metodikanı təqdim etdi, onun leksikon əsaslı sentiment analiz əsasında rəylərin təsnifləndirilməsinə, manual sentiment analiz əsasında klinikaların fəaliyyətini xarakterizə edən kriteriyaların təyin edilməsinə, rəylərin semantikasına görə onların linqvistik dəyişənə mənsubiyyət dərəcəsinin təyin edilməsinə, qeyri-səlis çoxkriteriyalı qiymətləndirmə məsələsinin həlli üçün additiv aqreqasiya metoduna əsaslandığını bildirdi.

Sonra digər məruzəçi N.Şıxəliyeva təklif edilən metodika əsasında  tibbi sosial medianın pasiyent-klinika seqmentində toplanan rəylər əsasında yaradılmış Kaggle şirkətinin cms_hospital_satisfaction_2020 adlı açıq məlumat bazasına daxil olan 442587 sayda pasiyent rəyinin leksikon əsaslı sentiment analiz və VADER yanaşması əsasında təsnifləndirilməsi, rəylər sayına görə klinikların reytinqinin təyini, fəaliyyətin qiymətləndirilməsi üçün manual sentiment analiz əsasında 6 yeni kriteriya və onların vaciblik əmsallarının  müəyyənləşdirilməsi ilə bağlı nəticələri təqdim etdi. O, rəylərin analizində  “always”, “usually”, “linear mean score”, “sometimes”, “never” kimi keyfiyyət səviyyələrinə diqqət ayrıldığını nəzərə çatdırdı, rəylər sayına görə reytinqdə birinci olan klinikanın fəaliyyətinin qiymətləndirilməsi üçün hər bir kriteriya üzrə rəylərin termlərə görə paylanmasını və alınan nəticələri təqdim etdi.

Sonda çıxış edən şöbə rəhbəri, professor Məsumə Məmmədova tədqiqatdan alınan nəticələr üzrə məruzə və məqalənin hazırlanması, nüfuzlu konfrans və jurnallara göndərilməsi ilə bağlı tövsiyələrini bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.