Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunda nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlərlə və müraciətlərlə iş sektorunun müdiri Pərviz Əliyev ilə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd elmi biliklərin təbliği və elmin populyarlaşdırılması istiqamətində fəaliyyətin təşkili və əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.
Görüş zamanı AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev qonaqlara institutun yaranma və inkişaf tarixi, funksional strukturu, burada həyata keçirilən innovativ layihələr və prioritet istiqamətlərdə aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verib.
Alim İnformasiya Texnologiyaları İnstitutunda elmin təbliği və populyarlaşdırılması məsələlərinə xüsusi diqqət göstərildiyini, ölkənin media qurumları ilə sıx əlaqələrin təşkil olunduğunu qeyd edib, institutun uzun illər ərzində formalaşan media siyasətindən danışıb. İnstitutun ict.az veb-saytının idarə edilməsi və informasiya təminatı haqqında məlumat verən baş direktor, saytın ölkəmizdə informasiya cəmiyyəti ideologiyasının, elm və innovativ texnologiyaların təbliği və yeni İKT biliklərinin yayılmasına xidmət etdiyini qeyd edib.
Müasir dövrdə elmi müəssisələrdə kommunikasiya və media fəaliyyətinin strateji əhəmiyyət daşıdığını deyən akademik R. Əliquliyev bu sahənin inkişafının dövlət siyasətinin də prioritet istiqamətlərindən olduğunu söyləyib: “Elmi nəticələrin geniş ictimaiyyətə daha effektiv çatdırılması üçün kommunikasiya proseslərinin menecmenti həyata keçirilməli, institusional sistem formalaşdırılmalıdır”. Alim İnformasiya Texnologiyaları İnstitutunun bu istiqamətdə lazımi dəstəyi göstərməyə hazır olduğunu da vurğulayıb.
Sonra Səbuhi Rzayev İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin fəaliyyəti, nazirlik tərəfindən elmi biliklərin təbliği istiqamətində həyata keçirilən yeni media layihələri, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
O, IV Sənaye İnqilabı, rəqəmsallaşma və süni intellektin yaratdığı reallıqlar kontekstində İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Həmçinin elmi müəssisələrin ictimaiyyətlə əlaqələr üzrə çalışan əməkdaşları ilə birgə fəaliyyətin zəruriliyinə toxunaraq, bu əlaqələrin daha sistemli və məqsədyönlü qurulmasının vacibliyini vurğulayıb: “Gənc alim və tədqiqatçıların fəaliyyəti, eləcə də əldə olunan mühüm elmi nailiyyətlərlə bağlı məlumatlar ictimaiyyətə daha populyar dildə təqdim edilməli, medianın imkanlarından səmərəli istifadə olunmalıdır”.
Sonra Pərviz Əliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqələrin möhkəmləndirilməsi və birgə fəaliyyətin daha effektiv koordinasiyasının təmin olunması istiqamətində məqsədyönlü addımların atılmasının vacib olduğunu diqqətə çatdırıb, aparılan müzakirələrin səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
Görüş çərçivəsində, həmçinin elmin təbliği sahəsində media fəaliyyətinin optimallaşdırılması və stimullaşdırıcı mexanizmlərin formalaşdırılması, cəmiyyətdə gənc alimlərin nüfuzunun artırılması, eləcə də əməkdaşlıq perspektivlərinə dair geniş fikir müabdiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.