Son illərdə ölkəmizdə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı istiqamətində yürüdülən dövlət siyasəti və həyata keçirilən genişmiqyaslı tədbirlərə müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyasında da məqsədyönlü işlər aparılmış, əhəmiyyətli nəticələr əldə olunmuşdur. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə innovativ multidissiplinar tədqiqatların genişləndirilməsi, xüsusilə süni intellektin humanitar və ictimai elmlər sahəsində tətbiqi istiqamətində mühüm addımlar atılmışdır. Bu islahatlar yüksəkixtisaslı kadrların hazırlanmasında və yeni elmi istiqamətlərin formalaşdırılmasında böyük rol oynamışdır.
AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Valeh oğlu Quliyev 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə (mövzu: “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı”) filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Dissertasiya işi təxminən 10 ilə yaxın müddətdə AMEA Folklor İnstitutu ilə AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun birgə elmi əməkdaşlığı çərçivəsində hazırlanmışdır.
Qeyd edək ki, dosent Hikmət Quliyevin “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası multidissiplinar metodologiya, sosial-antropoloji folklorşünaslıq yanaşmaları və informasiya-texnologiyalarının tətbiqi əsasında meydana çıxmışdır. Tədqiqatda bəşəriyyətin inkişafında epoxal dəyişikliklər yaradan informasiya inqilablarının, elmi-texnoloji tərəqqinin sosial-demoqrafik proseslərə təsiri geniş şəkildə araşdırılmışdır. Eyni zamanda H.Quliyevin tədqiqatlarında informasiya təhlükəsizliyi və folklor, Milli Rəqəmsal Folklor Resursları Verilənlər bazasının arxitekturunun hazırlanması, kollektiv təbii intellektdən qaynaqlanan süni intellekt texnologiyalarının analizi, texnoloji innovasiyaların təsiri ilə virtual kommunikasiyada meydana gələn dəyişikliklər kimi məsələlər araşdırılmışdır.
Xatırladaq ki, H.Quliyev 2015-ci ildə AMEA-nın Folklor İnstitutunda “Azərbaycan folklorunda Müdrik qoca arxetipi” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2018-ci ildə isə “Folklorşünaslıq” ixtisası üzrə dosent elmi adını almışdır.
O, Azərbaycandilli virtual folklor mühitinin spesifik xüsusiyyətləri, rəqəmsal folklor resurslarının dinamikası, İnternet folklorunun toplanması, təsnifi və çoxparametrli təhlili kimi prioritet istiqamətlərdə sistemli və ardıcıl elmi-tədqiqat işləri aparmışdır.
H.Quliyev ölkəmizdə bu sahədə aparıcı mütəxəssislərdən biri kimi tanınır. O, 6 kitabın və 60-a yaxın elmi məqalənin müəllifidir. Alimin elmi məqalələrinin bir qismi respublikada, digərləri isə beynəlxalq elmi nəşrlərdə çap olunmuşdur. Onun Web of Science və Scopus kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda 4 elmi məqaləsi dərc edilmişdir. Alim bir sıra respublika və beynəlxalq səviyyəli elmi konfranslarda ölkəmizi uğurla təmsil etmişdir.
H.Quliyev hazırda IV Sənaye İnqilabının çağırışları və rəqəmsal transformasiyalar fonunda xalq mədəniyyətində müşahidə olunan dəyişikliklər, süni intellekt və folklor münasibətlərinin araşdırılması, İnternet folklorunun müasir problemləri kimi aktual elmi istiqamətlərdə tədqiqatlarını davam etdirir.
İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından Hikmət Quliyevi bu əlamətdar elmi nailiyyəti münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.