ETN İnformasiya Texnologiyaları İnstitutunda “Red Hat Ansible Automation Platformasında təhlükəsizlik məsələləri” mövzusunda şöbə seminarı keçirilib. Məruzəni institutun baş mütəxəssisi Səməd Dursunov təqdim edərək Ansible Automation Platformasının komponentləri, təhlükəsizlik mexanizmləri və müasir İT infrastrukturlarında tətbiq imkanları barədə ətraflı məlumat verib. Qeyd edib ki, Ansible Automation Platformasının əsas məqsədi- IT infrastrukturunun konfiqurasiyasını, təkrarlanan tapşırıqların yerinə yetirilməsini və proqram təminatlarının istifadəçilər üçün hazır və işlək vəziyyətə gətirməkdir.
Tədqiqatçı, eyni zamanda bu platformanın əlavə proqram təminatları tələb etmədən avtomatik olaraq serverləri idarə etmək, bulud resurslarını konfiqurasiya etmək və monoton prosesləri sürətləndirmək məqsədilə istifadə olunduğunu bildirib.
S.Dursunov bildirib ki, Ansible Automation Platform – Ansible platformasının genişləndirilmiş və korporativ şəbəkələr üçün nəzərdə tutulmuş ödənişli versiyasıdır. O, platformanın əsas komponentləri – Ansible Core, Automation Controller, Automation Hub və s. barədə ətraflı məlumat verib.
Seminarda audit və tələblərə uyğunluğun təmin olunması, sistem dəyişikliklərinin izlənməsi və təhlükəsizlik siyasətlərinin tətbiqi, eyni zamanda zəif nöqtələrin idarə olunması məqsədilə Ansible Lint kimi statik analiz vasitələrinin rolundan bəhs edilib.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.
İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məruzəyə münasibətini bildirərək mövzunun aktuallığını önə çəkib, tədqiqatların davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.