ETN İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və institutun doktorantı Orxan Vəlixanlının həmmüəllifi olduqları “Yüngülçəkili kriptoqrafiya və təsvir steqanoqrafiyasından istifadə etməklə PUA uçuş məlumatlarının məxfiliyinin qorunması” (Securing UAV Flight Data Using Lightweight Cryptography and Image Steganography) adlı məqalə nüfuzlu Web of Science bazasına daxil olan “International Journal of Advanced Computer Science and Applications” jurnalında çap olunmuşdur.
Təklif olunmuş yanaşmada PUA-ların uçuş məlumatlarının məxfiliyinin qorunması üçün kriptoqrafik və steqanoqrafik metodlardan istifadə edilmişdir. Əvvəlcə PUA uçuş məlumatları müxtəlif kriptoqrafik metodlardan istifadə olunaraq şifrlənmiş, daha sonra isə şifrlənmiş məlumatlar steqanoqrafik alqoritmin tətbiqi ilə havadan çəkilmiş şəklin daxilində gizlədilmişdir.
Metod və alqoritmlərin tətbiqi prosesində PUA-ların resurslarının (əməli yaddaşın həcmi, prosessorun sürəti və s.) limitli olmasına xüsusilə diqqət yetirilmiş, icra sürəti ilə təhlükəsizlik arasındakı balans qorunub saxlanılmışdır. Bundan əlavə, ilkin (ing. seed) qiymətinin generasiyası alqoritmi də təklif olunmuşdur. Tədqiqat işinin effektivliyinin qiymətləndirilməsi üçün müxtəlif növ metrikalardan da istifadə edilmişdir. Əldə olunmuş nəticələr mövcud tədqiqat işləri ilə müqayisədə daha yüksək nəticələr göstərmişdir.
Qeyd edək ki, “International Journal of Advanced Computer Science and Applications” jurnalı WoS və Scopus bazalarında indeksləşir və aşağıdakı elmmetrik göstəricilərə malikdir:
CiteScore: 2.7
SJR: 0.285
SNIP: 0.516
IF: 0.9
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.