Akademik Rasim Əliquliyev GEANT-ın icraçı direktoru ilə görüşüb

25 İyun 2025 - 09:30 | Görüşlər

GEANT-ın Baş Assambleyasının iclası çərçivəsində AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevlə bu qurumun icraçı direktoru Lise Fuhr arasında görüş keçirilib. Görüşdə GEANT ilə İnformasiya Texnologiyaları İnstitutu arasında strateji əməkdaşlığın yeni mərhələdə davam etdirilməsi, AzScienceNet şəbəkə infrastrukturunun Avropa tədqiqat və təhsil şəbəkələri ilə inteqrasiyasının genişləndirilməsi, GEANT-ın təqdim etdiyi xidmətlərdən daha səmərəli istifadənin təmin edilməsi və birgə layihələrin reallaşdırılması ilə bağlı geniş fikri mübadiləsi aparılıb.

Həmçinin 2025-ci ilin oktyabr ayında AzScienceNet şəbəkəsinin mövcud vəziyyəti, imkanları və inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi məsələsi müzakirə olunub, GEANT Assosiasiyasının məsul nümayəndələrinin bu tədbirdə fəal iştirakının əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində akademik Rasim Əliquliyevə GEANT tərəfindən AzScienceNet şəbəkəsinin 2025-ci il üçün rəsmi üzvlük statusunu təsdiqləyən sertifikat  təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.