Virtual məkanda milli onomastikanın formalaşmasının elmi problemləri müzakirə olunub

13 Fevral 2024 - 14:47 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarındaVirtual məkanda dilmövzusunda dissertasiya işi ilə bağlı müzakirələr aparılıb.

İclasda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elmi seminarın institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yedgar Cəfərovun elmlər doktorluğu üzrə dissertasiya işi ilə bağlı alınmış elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Sonra Y.Cəfərov “Virtual məkanda dil” mövzusunda dissertasiya işini təqdim edərək, tədqiqatın məqsədinin virtual mühitdə dilin yerinə yetirdiyi funksiyaların və bu mühitdə dil vahidlərindən, o cümlədən xüsusi adlardan istifadə prinsiplərinin öyrənilməsindən, dilin inkişafı imkanlarının, milli dillərə qarşı təhdidlərin, onların aradan qaldırılması yollarının tədqiqindən, eləcə də mövcud problemlərin həlli imkanlarından istifadə üçün effektiv təşəbbüslərin irəli sürülməsindən ibarət olduğunu qeyd edib.

Məruzəçi bildirib ki, real həyatda həm mühüm ünsiyyət vasitəsi, həm də dünya haqqında bütün təsəvvürlərin formalaşdığı təbii intellektual sistem kimi çıxış edən dilin virtual reallıqdakı statusunun, istifadə funksionallığının müəyyənləşdirilməsi, qloballaşma şəraitində milli dillərin inkişafının təmin olunması, informasiya cəmiyyətinin formalaşdırdığı yeni dil mühitindən məqsədyönlü şəkildə istifadə, sosial medianın dil-üslub xüsusiyyətlərinin izlənməsi, həmçinin virtual məkanda etik hüdudların qorunması dissertasiya mövzusunu aktuallaşdıran amillərdir.

O, dissertasiya işində qarşıya qoyulmuş məsələlərdən də bəhs edib. Nəzərə çatdırıb ki, bu məsələlərə virtual kommunikasiyanın xarakterik xüsusiyyətlərinin nəzərdən keçirilməsi, virtual məkanda istifadə edilən dil vahidlərinin struktur, qrafik, orfoqrafik, orfoepik xüsusiyyətlərinin öyrənilməsi, virtual adların yaradılma formalarının təhlili və s. aiddir.

“Çoxdilli internet mühitində Azərbaycan və ümumilikdə türk dillərindən istifadə perspektivlərinin müəyyən edilməsi, bu sahədə mövcud problemlərin həlli yollarının axtarılması, “Adlar və Soyadlar” Dövlət İnformasiya Sisteminin imkan və perspektivlərinin qiymətləndirilməsi, virtual məkanda onomastik vahidlərin transliterasiyası probleminə baxış, virtual şəxsiyyət və onun formalaşmasında dil amilinin rolunun təhlili, virtual ünsiyyətin etik hüdudları və qlobal vulqarizmlər bazası ideyasının əsaslandırılması da dissertasiya işində qoyulmuş məsələlərdəndir”, – deyə tədqiqatçı bildirib.

İddiaçı diqqətə çatdırıb ki, dilin virtual mühiti şifahi nitqin yazılı şəkildə ifadəsi, dil normalarında demokratizm meylinin güclənməsi, yeni forma və janr xüsusiyyətlərinin ortaya çıxması, dil vahidlərinin virtual şəxsiyyətin eyniləşdirici vasitəsi kimi çıxış etməsi, adların rəqəmsal marketinq alətinə çevrilməsi və s. yeni aktual elmi problemləri ortaya qoyur. 

Y. Cəfərov qeyd edib ki, adların modelləşdirilməsi, vahid ad sisteminin yaradılması, ad və soyadlarda təhrif tiplərinin aradan qaldırılması, müxtəlif mənbələr əsasında adların elektron bazalarının yaradılması və onlardan istifadə mexanizmlərinin işlənib hazırlanması, onomastik vahidlərin transliterasiyası normalarının dəqiqləşdirilməsi, adların orfoqrafiyası qaydalarının nizama salınması və s. elektron hökumət quruculuğunun mühüm istiqamətləridir.

O, informasiyalı cəmiyyətdə etik davranış normalarının qorunması üçün “söz süzgəci” (Worldfilter) proqramlarının yaradılması və təkmilləşdirilməsi, türkdilli xalqlar arasında ümumi informasiya məkanının formalaşdırılması üçün müştərək şəkildə müvafiq konvertasiya, tərcümə və çevirmə sistemlərinin işlənib hazırlanmasının zəruri olduğunu bildirib. Vurğulayıb ki, xüsusi adların elektron lüğətinin tərtib olunması, eyni zamanda, azərbaycandilli mətnlərin analizi, yəni mətnin data mənbəyi kimi tədqiq olunması istiqamətində də işlər görülməli, modellər formalaşdırılmalıdır.

Sonra dissertasiya işi üzrə elmi məsləhətçi akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinə dair əldə olunmuş elmi nəticələrlə bağlı öz irad, təklif və tövsiyələrini səsləndirib. Alim müasir dövrdə virtual məkanda dil problemlərinin son dərəcə aktual olduğunu, dövlət başçısı cənab İlham Əliyevin qəbul etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda bu kimi məsələlərə xüsusi diqqət ayrıldığını nəzərə çatdırıb. Həmin dövlət proqramında müvafiq qurumlar və alimlər qarşısında bir sıra mühüm vəzifələrin müəyyənləşdirildiyini vurğulayıb. 

Akademik Rasim Əliquliyev dissertasiya işi çərçivəsində onomastika sahəsində dünya təcrübəsinin, müasir çağırışların, beynəlxalq konvensiyaların öyrənilməsinin vacibliyini önə çəkib. Diqqətə çatdırıb ki, Azərbaycanda da milli onomastika sahəsində yarana biləcək təhlükələr, problemlər dərindən araşdırılmalı, “milli onomastik təhlükəsizlik”, eləcə də “IoT-onomastika” ilə bağlı tədqiqatlar aparılmalıdır.

R.Əliquliyev dissertasiya işi çərçivəsində alınan nəticələrin Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, e-dövlət platformasında tətbiqi imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib, əldə olunan elmi-nəzəri nəticələrə dair məqalələrin nüfuzlu elmi jurnallarda nəşr olunmasına dair tövsiyələr verib.

Daha sonra iddiaçı  texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev, baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, böyük elmi işçi Səbinə Məmmədzadənin ona ünvanladığı çoxsaylı sualları cavablandırıb.

Sonda irad, təklif və tövsiyələr nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə təqdim olunması ilə bağlı qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.