AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) Bakı Biznes Universitetinin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələri imtahan veriblər.
İmtahanda institutun aparıcı mütəxəssisləri tərəfindən yaradılmış sertifikatlaşdırma komissiyası tərəfindən tələbələrin “MS Office (Word, Excel, PowerPoint, Access) proqramları” üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilib.
Komissiyanın üzvləri TİM-in rəhbəri, tex.f.d. Rəsmiyyə Mahmudova, institutun baş elmi işçisi, tex.f.d., dos. Şəfəqət Mahmudova və TİM-in rəhbər müavini Kəmalə Qurbanovadır. İmtahanda, həmçinin Bakı Biznes Universitetinin tədris hissə müdiri Səbuhi Həsənov iştirak edib.
Xatırladaq ki, İnformasiya Texnologiyaları İnstitutu və Bakı Biznes Universiteti arasında ötən ilin sentyabr ayında bağlanmış müqaviləyə əsasən, bu ali məktəbin tələbələrinə Tədris-İnnovasiya Mərkəzində institutun mütəxəssisləri tərəfindən bu fənlə yanaşı, proqramlaşdırma dilləri, kompüter qrafikası, veb sistemləri və texnologiyaları kimi fənlərin tədrisi və onların biliklərinin yoxlanılaraq sertifikatlaşdırılması nəzərdə tutulub.
Növbəti imtahan yanvarın 12-də keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.