İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib.
Öncə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dissertant Aysən Fərəcova “E-dövlət portallarının müqayisəli analizi” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etməsi və transformasiyası bütün fəaliyyət sahələrinə güclü təsir edir. Tarixi prosesdə inkişaf edən e-dövlət həm sosial strukturun, həm də idarəetmə yanaşmasının dəyişməsinin nəticəsidir. Bu araşdırmanın məqsədi bir neçə ölkənin dövlət və özəl qurumlarının e-xidmətlərinə ev sahibliyi edən e-dövlət portallarının çatışmazlıqlarını aşkar etmək və faydalı xidmətlərin inkişafına töhfə verməkdir. Elmi-tədqiqat işi çərçivəsində Rusiya Federasiyası, Moldova, Latviya, Litva, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə və Azərbaycanın e-dövlət portallarının imkanları araşdırılıb və onlar istifadənin asanlığı baxımından müqayisə edilib.
Məruzəçi e-dövlət portallarının funksional göstəricilərinin qiymətləndirilməsinə dair statistik göstəriciləri seminar iştirakçılarının diqqətinə çatdırıb.
“Dövlət portallarının e-xidmətlərindən səmərəli istifadənin artırılması məqsədilə portalın məzmunu, istifadəsi və yeni xidmətlər barədə davamlı məlumat verən xidmət mərkəzləri fəaliyyət göstərərsə, e-dövlət portallarından səmərəli istifadə edən vətəndaşların sayı hər gün artar. E-dövlət portalı xidmətlərinin və yaradılmış elektron sənədlərin etibarlılığı ilə bağlı müvafiq təhlükəsizlik tələblərinə riayət etməli, ölkə üzrə bütün təşkilatların portalları ilə məlumat mübadiləsi aparılmalıdır”, – deyə A.Fərəcova əlavə edib.
Sonra institutun əməkdaşı Jalə Daşdəmirova “Rəqəmsal iqtisadiyyat fonunda kriptovalyutalardan yeni valyuta forması kimi istifadə riskləri” adlı məruzəsini təqdim edib.
Kriptovalyuta anlayışı haqqında ətraflı məlumat verən məruzəçi bildirib ki, tədqiqat işində maliyyə sistemində yeni valyuta forması kimi kriptovalyuta dövriyyəsinin imkanları müzakirə olunub, kriptovalyutadan istifadənin hüquqi, iqtisadi və texniki riskləri nəzərdən keçirilib. Kriptovalyutaların istifadəsində əhəmiyyətli risklərin mövcudluğu rəqəmsal iqtisadiyyat kontekstində kriptovalyutaların müasir beynəlxalq maliyyə sisteminə inteqrasiyasını ləngidir. Lakin kriptovalyuta bazarının son dərəcə sürətli və aktiv olması yaxın perspektivdə texniki, iqtisadi və hüquqi risklərin aradan qaldırılması nəticəsində kriptovalyutaların dünya valyutalarından birinə çevriləcəyini deməyə əsas verir. O, həmçinin kriptovalyutalardan istifadə risklərinin azaldılması üçün irəli sürülən təklifləri nəzərə çatdırıb.
Daha sonra baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova, şöbə müdiri Rasim Mahmudov, doktorant Orxan Vəlixanlı və digər əməkdaşlar müzakirələrdə iştirak edərək, elmi-tədqiqat işlərinin müasir dövrdə böyük aktuallıq kəsb edən məsələlərə həsr olunduğunu bildiriblər, mövzulara dair fikirlərini bölüşüblər.
Sonda şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov hər bir tədqiqatçıya müvafiq istiqamətlərdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini verib. O, təqdim olunan hər bir mövzu üzrə beynəlxalq təcrübənin araşdırılmasının, əsaslı elmi tədqiqatların aparılmasının, tədqiqat nəticələrinin şöbənin və institutun elmi seminarlarında müzakirə olunmasının daha səmərəli nəticələrin əldə olunması baxımından vacibliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.