AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında 17 saylı şöbənin hesabatı dinlənildi.
Hesabatı təqdim edən sektor müdiri Rasim Mahmudov məlumat verdi ki, şöbədə 12 nəfər informasiya cəmiyyətinin müxtəlif aktual problemləri ilə bağlı elmi-tədqiqatla məşğul olur. O cümlədən e-dövlətin formalaşdırılması və effektli idarə olunması; İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi; Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi; gömrük işində risklərin idarə olunması; e-dövlət mühitində dövlət sirrinin təmin olunması; milli İnternetskopiya sisteminin formalaşması; intellektual elektron dərsliklərin yaradılması; sosial şəbəkələrin tətbiqi ilə layihələrin kollektiv idarə edilməsi və s. istiqamətlərdə araşdırmalar aparılır.
Aparılan tədqiqatların nəticəsi kimi cari ildə şöbə əməkdaşları tərəfindən beynəlxalq və ölkə səviyyəli nüfuzlu konfranslara 27 elmi məruzə təqdim olunmuşdur. Həmçinin 11 məqalə dərc olunmuşdur ki, onlardan da 5-i nüfuzlu xarici jurnalların payına düşür.
Şöbənin elmi-innovasiya istiqamətində fəaliyyəti də məhsuldar olmuşdur. Belə ki, 2 dövlət proqramına elmi dəstək verilmiş, 3 qrant layihəsi həyata keçirilmişdir. Bundan başqa, AMEA Rəyasət Heyətinin müvafiq qərarına uyğun olaraq, Viki-Mərkəz yaradılmışdır. Bu Mərkəz tərəfindən AMEA-nın institut və təşkilatları üçün Viki-kurslar təşkil edilmiş, kursu bitirənlərin bilikləri sertifikatlaşdırılmış və onların viki-layihələrdəki fəaliyyətinin müntəzəm monitorinqi aparılmışdır.
Şöbənin əməkdaşları tərəfindən institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara mühazirələr oxunmuş, praktiki dərslər keçilmişdir.
İnstitutun fəaliyyətinin KİV-də təbliği və reklam-marketinq işlərinin yaxşılaşdırılması istiqamətində də şöbə əməkdaşları fəallıq göstərmişlər. Belə ki, şöbənin əməkdaşları il ərzində 16 dəfə müxtəlif televiziya kanallarında informasiya cəmiyyətinin aktual məsələləri ilə bağlı çıxış etmişlər.
Şöbənin əməkdaşları müxtəlif elmi-təşkilati işlərin həyata keçirilməsində yaxından iştirak etmişlər. O cümlədən 5 elmi konfrans və seminarın keçirilməsi ilə bağlı təşkilat komitəsində, “informasiya cəmiyyəti” və “e-dövlət” mövzularında keçirilən 2 məqalə müsabiqəsinin münsiflər heyətində təmsil olunmuşlar. Həmçinin şöbə əməkdaşları tərəfindən müxtəlif elmi məqalələr, tezislər və dissertasiya işlərinə rəy verilmişdir.
Hesabat ətrafında fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi. Elmi şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.