İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının onlayn iclasında bu qurumun ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparılıb.
Bu barədə çıxış edən Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova cari ildə İnformasiya Texnologiyaları İnstitutu ilə Bakı Biznes Univeristeti, Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Dövlət Universiteti arasında əməkdaşlıq müqavilələrinin bağlandığını, eləcə də Dövlət Gömrük Komitəsinin Akademiyası ilə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparıldığını qeyd edib.
O, bildirib ki, Bakı Biznes Universiteti ilə bağlanmış müqaviləyə əsasən, universitetin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində institutun mütəxəssisləri tərəfindən proqramlaşdırma dilləri, kompüter qrafikası, veb sistemləri və texnologiyaları kimi fənlərin tədrisi həyata keçirilir. Sonda tədris olunan fənlər üzrə tələbələrin biliklərinin qiymətləndirilməsi və sertifikatlaşdırılması nəzərdə tutulur.
Sonra R.Mahmudova Moskva Dövlət Universitetinin Bakı filialı ilə qurulan əməkdaşlıq əlaqələrindən bəhs edib: “Artıq bir neçə ildir davam edən əməkdaşlıq çərçivəsində “Tətbiqi riyaziyyat” fakültəsinin tələbələri İnformasiya Texnologiyaları İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər”.
Daha sonra o, Bakı Dövlət Univeristeti ilə əməkdaşlıq əlaqələrindən danışıb, cari ildə universitetin “Tətbiqi riyaziyyat” fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə təhsil alan tələbələri üçün də elmi-tədqiqat təcrübəsinin təşkil olunduğunu söyləyib. Eyni zamanda, bir neçə ali təhsil müəssisəsinin də İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığının nəzərdə tutulduğunu qeyd edib.
R.Mahmudova iyun ayında institutda Dövlət Gömrük Komitəsinin Akademiyasının üzvləri ilə görüş keçirildiyini diqqətə çatdırıb: “Görüşdə birgə konfrans və seminarların təşkili, institutun elmi kitabxanasından istifadə, akademiyanın tələbələrinin buraxılış və dissertasiya işlərinə rəhbərliyin həyata keçirilməsi, onlara İKT ilə bağlı fənlərin tədrisi, yerli və beynəlxalq layihələrdə birgə iştirak və s. kimi istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə olunub”.
Sonda çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev ölkənin ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələrinin təşkilinin əhəmiyyətindən danışıb. Alim qabaqcıl informasiya texnologiyaları sahəsində yeni kadrların yetişdirilməsi ilə bağlı ölkənin müxtəlif ali təhsil müəssisələrindən instituta müraciətlərin daxil olduğunu deyib. İnstitutun qarşısında duran əsas vəzifələrdən birinin də yüksəkixtisaslı kadrların yetişdirilməsi ilə bağlı olduğunu vurğulayaraq rəhbərlik etdiyi qurumun alim və mütəxəssislərinin bu prosesdə fəal iştirak etməyə çağırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.