Dissertasiya Şurasının növbəti iclası keçirildi

01 Dekabr 2014 - 17:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirildi. 

Tədbirdə çıxış edən Dissertasiya Şurasının sədri, AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələ haqqında məlumat verdi. Bildirdi ki, iclas texnika üzrə elmlər doktoru elmi dərəcəsinə iddialı olan Valeh Azad oğlu Mustafayevin 1203.01 - “Kompüter elmləri” ixtisası üzrə “Petri şəbəkələri nəzəriyyəsinin tətbiqi ilə modelləşdirilmənin avtomatlaşdırılması” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunub.

Dissertasiya işini təqdim edən iddiaçı V.Mustafayev qeyd etdi ki, əsas məqsəd qarşılıqlı dinamik əlaqəli proseslərin adi, zaman, rəngli, cəbri, stoxastik, qeyri-səlis, stoxastik cəbri və qeyri-səlis cəbri Petri şəbəkəsinin (PŞ) tətbiqi ilə modelləşdirilmənin avtomatlaşdırılmasının metodoloji və alqoritmik əsaslarının işlənməsidir.

Alınan əsas elmi nəticələri diqqətə çatdıran iddiaçı  PŞ-nin matrislər nəzəriyyəsinə əsaslanan, verilənləri modelləşdirmə mühitində istifadə olunan effektiv formaya çevirən, modelin strukturu, dinamikası və mümkün vəziyyətlər çoxluğunu, keçidlərin yerinə yetirilmə ardıcıllığını vektorlar və matrislər toplusu şəklində təsvir edən, analiz üsullarını PŞ-nin genişlənmələri ilə uyğunlaşdıran yanaşma təklif edildiyini, verilənləri modelləşdirmə mühitində adi, zaman, rəngli PŞ-nin məhdudluğu üçün zəruri və kafi şərt teoremlərinin isbat olunduğunu, o cümlədən zaman PŞ-nin əsas xassələrinin analizi üçün invariantların varlığını təmin edən zəruri və kafi sərt hökmləri təklif edildiyini və digər elmi nəticələrin əldə olunduğunu söylədi.

Sonra dissertasiya işi üzrə elmi məsləhətçi, texnika üzrə elmlər doktoru, professor Məhəmməd Əhmədov çıxış edərək işin aktuallığını önə çəkdi və müasir dövrdə PŞ və onun müxtəlif genişlənmiş formalizmlərinin yaradılması və təkmilləşdirilməsinin zəruriliyini vurğuladı. Qeyd etdi ki, cəbri, stoxastik, qeyri-səlis, stoxastik cəbri və digər PŞ-nin tətbiqi ilə mürəkkəb və qeyri-səlis şəraitdə fəaliyyət göstərən qarşılıqlı dinamik əlaqəli proseslərin modelləşdirilməsinin avtomatlaşdırılması sisteminin işlənməsi aktual elmi-texniki məsələlərdəndir. Alim dissertasiya işinin həm praktiki, həm də nəzəri cəhətdən dərindən araşdırıldığını, uğurlu elmi nəticələrin əldə edildiyini və iddiaçının texnika üzrə elmlər doktoru adını almağa layiq olduğunu bildirdi. 

Dissertasiya Şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev dissertasiya işinə dair rəyləri nəzərə çatdırdı. 

Sonra iddiaçı V.Mustafayev Dissertasiya Şurası üzvlərinin suallarını cavablandırdı. 

Rəsmi opponentlər –texnika üzrə elmlər doktoru, professorlar Vidadi Musayev, Nailə MusayevaSəlahəddin Yusifov çıxış edərək rəylərini bildirdilər, təklif və tövsiyələrini səsləndirdilər. 

Müzakirələrdə iştirak edən Dissertasiya Şurasının sədr müavini, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev, texnika üzrə elmlər doktoru, professorlar Nadir KazımovSəyəddin Cəfərov, texnika üzrə fəlsəfə doktoru Qəzənfər Orucov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək, alınmış elmi nəticələri yüksək qiymətləndirdilər. Dissertasiya işində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün əsaslı tədqiqat aparıldığını, elmi yeniliklərin əldə edildiyini və uğurla təcrübədən keçirildiyini bildirdilər. 

İddiaçının yekun çıxışı dinlənildikdən sonra gizli səsvermə keçirildi və Dissertasiya Şurasının üzvləri tərəfindən Valeh Mustafayevə texnika üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsi üçün AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif olundu. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.