AMEA İnformasiya Texnologiyaları İnstitutunun 7 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib.
Şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov çıxış edərək seminarın “İntellektual proqram sistemlərinin layihələndirilməsi üçün konseptual modelin işlənilməsi” mövzusuna həsr olunduğunu bildirib.
Məruzəni təqdim edən institutun baş elmi işçisi v.i.e., texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova son dövrlərdə insanların həyatına sürətlə daxil olan intellektual sistemlərin müxtəlif sahələrdə geniş şəkildə istifadə olunduğunu diqqətə çatdırıb. İntellektual sistemlər konsepsiyasının ortaya çıxmasının süni intellekt və müasir idarəetmə nəzəriyyəsi konsepsiyası ilə sıx bağlı olduğunu deyən məruzəçi müasir intellektual texnologiyalara əsaslanan (sensor, genetik, nano, biotexnoloji və s.) sistemlərin kənardan dəstək olmadan da işləyə bildiyini qeyd edib. Bildirib ki, intellektual sistemlərin fərqli xüsusiyyəti müxtəlif növ mürəkkəb problemlərin həlli üçün lazım olan verilənlər bazasının olmasıdır.
Ş.Mahmudovanın sözlərinə görə, intellektual sistemlərin müsbət tərəfləri ilə yanaşı, bu sistemin tətbiqinin mənfi xüsusiyyətlərə (kiberasılılıq və s.) də malik olduğu, intellektual sistemlərin təsiri altında fərqli şəxsiyyət növünün - kiber dünyasına aid olan insanın formalaşdığı psixoloqlar, pedaqoqlar tərəfindən qeyd olunur. O, həmçinin intellektual sistemlərin insanın şəxsi həyatının təhlükəsizliyi, onun informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı problemlərinə də diqqət çəkib.
Süni intellekt metodlarının müxtəlif sistemlərdə tətbiqinin artması ilə əlaqədar olaraq intellektual proqram sistemlərinin qarşıdakı illərdə rolunun artacağını vurğulayan Ş.Mahmudova onun analitik interpretasiya, müştəri xidmətinin qarşılıqlı əlaqəsi, verilənlərə əsaslanan qərarların qəbulu, məzmuna əsaslanan təkliflər kimi istiqamətlərdə tətbiq olunacağını qeyd edib.
Ş.Mahmudova həmçinin intellektual sistemin strukturuna daxil olan əsas bloklar, bu sistemin işinin təmin olunmasında istifadə olunan aspektlər, sistem tərəfindən həll olunan vəzifələr, süni intellektin tətbiq sahələri haqqında ətraflı məlumat verib.
“Bir qrup mütəxəssisin cəlb olunduğu iterativ və təkamül prosesi olan intellektual proqram sistemlərinin layihələndirilməsi zamanı problemləri qiymətləndirərkən verilənlərin asan toplanması, intellektual sistemlərin işlənilməsinə çəkilən xərclər, ekspertlərin və lazımi ehtiyatların mövcudluğu kimi amillər nəzərə alınmalıdır”, - deyən Ş.Mahmudova intellektual proqram sistemlərinin layihələndirilməsi mərhələlərini təqdim edib, o cümlədən bu mərhələlərin hər biri barədə məlumat verib.
O, həmçinin intellektual sistemlərin layihələndirilməsində görüləcək vacib işlərin siyahısını diqqətə çatdırıb, bu sistemlərin mövcudluğunun nümayiş prototipi, tədqiqat prototipi, qüvvədə olan prototip, sənaye sistemləri, ticarət sistemləri kimi mərhələlərindən bəhs edib, fəaliyyət sahələri üzrə layihələndirmənin növlərinin bəzi nümunələrini təqdim edib.
“Müasir informasiya sistemlərinin işlənməsi üçün bir neçə yanaşma seçmək olar”, - deyə qeyd edən Ş.Mahmudova struktur, səthi, dərin və obyekli yanaşmaların əsas xüsusiyyətlərindən danışıb.
Məruzəçi çıxışının sonunda intellektual proqram sistemlərinin problemlərindən də bəhs edib, bu sistemlərin etibarsızlıq, dinamik olmama, hesablamaya sərf edilən vaxtın çox olması kimi problemlərinin mövcud olduğunu diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.