AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının növbəti onlayn iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev iclasın institutun dissertantı İsmayıl Sadıqovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunduğunu diqqətə çatdırdı.
Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov iddiaçı İ.Sadıqovun şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.
Sonra dissertant İ.Sadıqov “Statistik təhlillər əsasında Azərbaycan dilində mətnlərin oxunabilirliyinin qiymətləndirilməsi metodları və alqoritmlərinin işlənməsi” adlı dissertasiya işini təqdim edərək, onun giriş, 4 fəsil, nəticə, 120 adda ədəbiyyat və bir əlavədən ibarət olduğunu bildirdi. Qeyd etdi ki, elmi-tədqiqat işi çərçivəsində 8 elmi məqalə, 1 ekspress-informasiya çap edilmiş, 1 tətbiqi proqram və 1 veb-sayt hazırlanmışdır.
İddiaçı işin aktuallığı və məqsədə çatmaq üçün qarşıya qoyulmuş məsələləri nəzərə çatdırdı. Bildirdi ki, dissertasiya işində mətnlərin mürəkkəblik dərəcəsinin müxtəlif metodlarla, ən başlıcası riyazi və statistik metodlarla qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübənin araşdırılması, mətnlərin mürəkkəblik dərəcəsinin qiymətləndirilməsi üçün riyazi modellərin qurulması və ingilis dilindəki mətnlər üçün olan mövcud qiymətləndirmə düsturlarının Azərbaycan dilinin özəllikləri nəzərə alınmaqla modifikasiya edilməsi zəruriliyinin əsaslandırılması kimi məsələlər qoyulmuşdur.
O, dissertasiya işinin əsas məqsədinin Azərbaycan dilində olan mətnlərin mürəkkəblik dərəcəsini qiymətləndirmək üçün riyazi modellərin (oxunabilirlik düsturlarının) və riyazi modellərin əlverişli istifadəsi üçün avtomatlaşdırma vasitələrinin (müvafiq proqram təminatının) hazırlanması, eyni zamanda, hazırlanan riyazi və informasiya modelləri əsasında Azərbaycanın ümumtəhsil məktəblərində istifadədə olan dərsliklərdəki mətnlərin şagirdlərin yaş səviyyəsinə uyğunluğunun obyektiv qiymətləndirilməsi olduğunu qeyd etdi.
Dissertasiya işində əldə olunmuş nəticələri təqdim edən məruzəçi bildirdi ki, tədqiqat işində ingilis dilində mətnlər üçün ən məşhur oxunabilirlik düsturlarından olan “Fleş”in oxuma asanlığı və “Fleş-Kinkeyd”in təhsil səviyyəsi düsturlarının Azərbaycan dili mətnləri üçün modifikasiya edilməsi məqsədilə metodika işlənib hazırlanmış və həmin metodika əsasında müvafiq düsturlar Azərbaycan dilində olan mətnlər üçün modifikasiya edilmişdir. Eyni zamanda, xüsusi metodika işlənib tətbiq edilərək, ilk dəfə olaraq Azərbaycan dilinin əsas lüğət fondunu təşkil edən və ibtidai sinif şagirdlərinin əksəriyyətinin anladığı 1000 və 3000 sözdən ibarət siyahılar hazırlanmışdır. Bundan başqa, Azərbaycan dilində olan mətnlərin statistik göstəricilərinin hesablanması prosesinin, eləcə də modifikasiya edilmiş oxunabilirlik düsturlarının tətbiqinin avtomatlaşdırılması məqsədilə müvafiq proqram təminatı vasitələri işlənib hazırlanmış, Azərbaycan dilində olan mətnlərin statistik göstəricilərinin və oxunabilirliyinin hesablanması üçün hər kəsin istifadəsinə açıq olan veb-sayt (www.oxunabilir.az) yaradılmışdır.
“İstənilən şəxs bu dissertasiya işi çərçivəsində hazırlanmış İnternet resursundan istifadə edərək, Azərbaycan dilində olan hər hansı mətnin statistik göstəricilərini və oxunabilirlik səviyyəsini müəyyənləşdirə biləcək. Azərbaycan dilində hazırlanan dərslik və dərs vəsaitləri, eləcə də digər kitab müəllifləri hazırladıqları mətnlərin mürəkkəblik dərəcəsinin hədəf auditoriyasına nə qədər uyğun olub-olmadığını bu veb-sayt vasitəsilə qiymətləndirə biləcəklər. Həmçinin, dərslik mətnlərinin oxunabilirliyinin yüksəldilməsinə dair verilmiş tövsiyələr müəlliflərə uyğun mətnlər hazırlamaqda yardımçı olacaq, bu İnternet resursu dərsliklərin qiymətləndirilməsi zamanı ekspert qruplarının üzvlərinə normalara uyğun olmayan, yəni çox uzun söz və cümlələrin avtomatik aşkarlanmasında kömək edəcək, tərcüməçilər ingilis dilindən Azərbaycan dilinə çevirdikləri mətnlərin oxunabilirlik dərəcələrini ingilis dilindəki orijinal mətnlərin oxunabilirlik dərəcələri ilə müqayisə etmək imkanı əldə edəcəklər”, – deyə tədqiqatçı bildirdi.
Sonra dissertasiya işinə dair təyin olunan rəsmi opponentlər – texnika elmləri doktoru, professor Nadir Ağayev, texnika elmləri doktoru, professor Ramin Rzayev, texnika üzrə fəlsəfə doktoru, dosent Nərmin Rzayeva çıxış edərək, dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll edildiyini və əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirdilər. Alimlər tədqiqatın AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini bildirdilər, irad və təkliflərini səsləndirdilər.
İddiaçı irad, rəy və təkliflərə öz münasibətini bildirdi.
Daha sonra F.Yusifov dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi, qeyd olunan iradları diqqətə çatdırdı.
Sonra dissertasiya işi ətrafında geniş fikir mübadiləsi aparıldı. iddiaçı çoxsaylı sualları cavablandırdı.
Müzakirələrdə çıxış edən akademik Əli Abbasov, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika elmləri doktoru, professor İqbal Babayev, texnika elmləri doktoru Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva tədqiqat işini yüksək qiymətləndirərək, iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdilər.
Çıxış edənlər ölkəmiz üçün böyük əhəmiyyətə malik olan dissertasiya işinin Azərbaycanda müvafiq istiqamətdə aparılan işlərə təkan verəcəyini bildirdilər. Qeyd olundu ki, hər zaman məsuliyyəti, zəhmətkeşliyi və təvazökarlığı ilə seçilən, informatika elminin inkişafına töhfələr verən İ.Sadıqovun dissertasiya işi çərçivəsində hazırladığı məqalələrin nüfuzlu jurnallarda çap olunması işin yüksək səviyyədə yerinə yetirildiyini bir daha sübut edir.
Daha sonra dissertasiya işi üzrə elmi rəhbər – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış etdi. Mövzunun aktuallığı və qarşıya qoyulmuş problemin ölkə üçün əhəmiyyətindən danışan alim dissertasiya işinin Azərbaycan dilindəki mətnlərin mürəkkəblik səviyyəsinin qiymətləndirilməsinə dair ilk elmi iş olduğunu bildirdi. Alim tədqiqat zamanı həm təhsil, pedagoqika, həm də dilçilik kimi müxtəlif sahələri əhatə edən məsələlərə baxıldığını, dissertasiya işinin bir çox fənlərin kəsişməsindən yaranan tədqiqat kimi multidissiplinar və multikriterial xarakter daşıdığını vurğuladı. Qeyd etdi ki, tədqiqat çərçivəsində çox sayda meyarlara əsasən dərs vəsaitləri, dərsliklər və mətn tipli məlumatların qiymətləndirilməsi nəzərdə tutulur.
Elmi rəhbər təbii dillər sırasında olan Azərbaycan dilinin özünün kompüter emalının xüsusi əhəmiyyət kəsb edən məsələlərdən olduğunu, son zamanlar virtual məkanda dil problemləri ilə bağlı tədqiqatların aktuallıq kəsb etdiyini söylədi.
Dissertasiya işinin riyazi modelinin iki parametr – sözlərin orta uzunluğu və cümlələrin orta uzunluğunun əsasında qurulduğunu, tədqiqat zamanı beynəlxalq təcrübədən uğurla istifadə edildiyini vurğuladı.
“Dil məsələləri təkcə humanitar elmlərin probemi deyil”, – söyləyən akademik əlavə etdi ki, bu kimi problemlər təkcə filoloqların yox, həm də riyaziyyatçılar, sosioloqlar və digər müvafiq sahə alimlərinin tədqiqat obyekti olmalıdır.
İddiaçının şəxsi keyfiyyətlərindən bəhs edən R.Əliquliyev uzun illərdir ki, onun İnformasiya Texnologiyaları İnstitutunda tədqiqatlar apardığını, nəcib insani keyfiyyətləri ilə kollektiv arasında dərin hörmət qazandığını, cəmiyyətdə sayılıb-seçilən ziyalılardan olduğunu dedi. Tədqiqatçının ölkəmizdə termin yaratmaq işində də yaxından iştirak etdiyini vurğulayaraq çoxsaylı məqalə və kitabların müəllifi olduğunu bildirdi. Akademik müvafiq istiqamətdə tədqiqatların gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayaraq bu baxımdan bir sıra təklif və tövsiyələr verdi.
Akademik R.Əliquliyev elmi işin ölkəyə yeni bir texnologiyanın gətirilməsi baxımından əhəmiyyətini önə çəkərək, iddiaçının texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdi, hər kəsi iddiaçını dəstəkləməyə çağırdı.
İddiaçının yekun sözləri dinlənildikdən sonra AAK-ın rəsmi saytında “Şəxsi kabinet”ə daxil olmaqla gizli elektron səsvermə keçirildi.
Səsvermənin nəticələrinə əsasən, İ.Sadıqova texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.