AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev İctimai Televiziyanın “Xəbərimiz var” proqramının qonağı olub.
Alim verilişdə süni intellekt vasitəsilə saxta foto, video və audio materialların hazırlanmasının yaratdığı təhlükələrdən bəhs edib. Azərbaycanda kibercinayətkarlıqla mübarizə istiqamətində görülən işlər barədə məlumat verərək rəqəmsal inkişafın sürətləndirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirləri diqqətə çatdırıb.
Süni intellektin cəmiyyətin həyatına geniş şəkildə daxil olması ilə daha ciddi problemlərə yol açdığını vurğulayan akademik Rasim Əliquliyev bu sahədə normativ-hüquqi bazanın formalaşdırılmasının vacibliyini qeyd edib, Milli Məclisin bu yaxınlarda keçirilən iclasında Cinayət Məcəlləsinə sözügedən istiqamətdə təklif olunan dəyişikliklərin müzakirəyə çıxarıldığını diqqətə çatdırıb.