Proqram təminatının sınağında süni intellekt texnologiyalarının tətbiqi məsələləri araşdırılır

29 Aprel 2022 - 09:18 | Konfranslar, İclaslar
Proqram təminatının sınağında süni intellekt texnologiyalarının tətbiqi məsələləri araşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 7 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Şöbənin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov tədbirin “Proqram təminatının sınağında süni intellekt texnologiyalarının tətbiqi” mövzusunun müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Mövzuya dair çıxış edən institutun böyük elmi işçisi Nəzakət Məlikova çoxprosessorlu, çoxnüvəli və klaster texnologiyalarının geniş yayılması ilə paralel proqramların işlənilməsinin daha da aktuallaşdığını bildirib. Qeyd edib ki, proqram təminatı, paralel proqramlar da daxil olmaqla, kompüter sistemlərinin etibarlı işinin əsas elementinə çevrilmişdir. Onun inkişafı effektiv və etibarlı proqram sistemlərinin əldə olunması üçün metodlar, alətlər və prosedurlar toplusunu özündə saxlayan və “Proqram mühəndisliyi” adlanan yeni elm sahəsinin yaranmasına gətirib çıxarmışdır.

Məruzəçinin sözlərinə görə, proqram təminatının testləşməsi zamanı onun həyat dövrünün müxtəlif mərhələlərində sınaq üsullarından istifadə etməklə səhvlər aradan qaldırılır. Avtomatlaşdırılmış sınaq alətləri sınağı əhəmiyyətli dərəcədə asanlaşdıra və sürətləndirə bilər. “Soft computing” metodları əsasında proqram təminatının testləşməsi prosesinin avtomatlaşdırılması üçün ən yeni metod və alətlər işlənib hazırlanır.

O, paralel proqramlaşdırma texnologiyalarının tətbiqinin adi proqram təminatı səhvlərinə paralelləşdirmə ilə bağlı spesifik səhvlərin də əlavə olunmasına gətirib çıxardığını söyləyib. Bu səhvləri aşkarlamaq və onların qarşısını almaq, yüksək keyfiyyətli proqram məhsulu təqdim etmək üçün proqram təminatının testləşmə mərhələsindən keçirildiyini, istifadəçilərin tələblərinə uyğunluğunun yoxlanıldığını və bundan sonra istismara buraxıldığını nəzərə çatdırıb. Əlavə edib ki, səhvlərin vaxtında aşkarlanması proqram təminatının işlənilməsinə çəkilən xərcləri də əhəmiyyətli dərəcədə azaldır. Ümumiyyətlə, testləşmə yalnız səhvlərin mövcudluğunu deyil, proqramın düzgün işləyib-işləmədiyini yoxlamaq üçün həyata keçirilir. Bu baxımdan proqram təminatının testləşməsi mühüm elmi-tədqiqat sahəsi hesab edilir.

“Son illərdə proqram təminatının test edilməsi prosesində onun etibarlılığının qiymətləndirilməsi üçün müxtəlif etibarlılıq modelləri işlənib hazırlanmışdır. Müvafiq sahədə əhəmiyyətli irəliləyişlər əldə edilsə də, heç bir model bütün test şəraitlərində proqram təminatının səhvlərinin dəqiq sayını proqnozlaşdıra bilmir. Müasir proqram təminatları çoxsaylı funksiyalara malik olur və müxtəlif ölçülərdə işlənib hazırlanır ki, bu da onların etibarlılığının qiymətləndirilməsini daha da mürəkkəbləşdirir”, – deyə məruzəçi bildirib.

N.Məlikova, həmçinin proqram təminatında səhvlərin sayını proqnozlaşdıran və proqram təminatının etibarlılığını qiymətləndirən “Recurrent neural network” (RNN), yeni test toplularının avtomatik hazırlanması və ya artıq yaradılmış test toplularının örtüyünün təkmilləşdirilməsi üçün tətbiq olunan “NeuroEvolution of Augmenting Topology” (NEAT) alqoritmi, testləşməyə sərf olunan zaman və xərcin azaldılması üçün istifadə edilən, qarışqalar, arılar, quşlar, balıqlar kimi müxtəlif heyvan və həşərat sürülərinin davranışını modelləşdirən (sürü intellektinə əsaslanan) müxtəlif alqoritmlər, “Copilot” süni intellekt alətinin tətbiqi haqqında ətraflı məlumat verib.

Tədqiqatçı çoxsaylı metod və modellərin mövcud olmasına baxmayaraq, proqram təminatında olan səhvləri 100 % aradan qaldırmağın mümkün olmadığını qeyd edib. Bu səbəbdən süni intellekt texnologiyalarına əsaslanan müasir avtomatlaşdırılmış metodların araşdırılması və yeni modellərin təklif edilməsinin mühüm aktual problemlərdən olduğunu vurğulayıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Şöbənin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, institutun baş elmi işçisi v.i.e., texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, institutun baş mütəxəssisi Tamilla Bayramova və digərləri müzakirələrdə iştirak edərək, mövzunun aktuallığını önə çəkiblər, tədqiqatçıya müvafiq sahə üzrə dərin elmi araşdırmaların aparılması ilə bağlı təklif və tövsiyələr veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.