Təhsil sisteminin modernləşdirilməsi, təhsil alanların intellektual səviyyəsinin, həyati bacarıqlarının təkmilləşdirilməsi, informasiya texnologiyalarının sürətli inkişafı, onlardan tədris məqsədli istifadə üçün yeni imkanların yaranması müasir dövrdə böyük aktuallıq kəsb edir.
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin “İntellektual oyunlardan istifadə informatika təlimi keyfiyyətini yüksəltməyin vasitəsi kimi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminarında məlumat verilib.
Tədqiqat işini institutun dissertantı Bahar İsmayılova təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırıb. Dissertasiya işinin strukturu haqqında məlumat verən məruzəçi bildirib ki, tədqiqat işi giriş, 2 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
O, dissertasiya işinin məqsədinin təhsilin informasiyalaşdırılması kontekstində ümumtəhsil məktəblərində informatika fənninin tədrisi keyfiyyətinin yüksəldilməsinə tədrisyönümlü intellektual oyunlardan, krossvorddan istifadənin effektiv təsirinin əsaslandırılmasından, onların dərs prosesinə, sinifdənxaric, məktəbdənkənar fəaliyyətə tətbiqi texnologiyasının, metodikasının, modelinin işlənməsindən ibarət olduğunu diqqətə çatdırıb.
Sonra tədqiqatın metodiki yeniliyi haqqında məlumat verən B.İsmayılova informatikanın tədrisi keyfiyyətinin intellektual oyunlar vasitəsilə yüksəldilməsi üçün yeni yanaşma - metodika, texnologiya, model işləndiyini, təklif edilmiş metodika, model əsasında şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün iyerarxik kriteriyalar sisteminin hazırlandığını vurğulayıb.
“Dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün ümumtəhsil məktəblərində informatika fənninin tədrisi vəziyyətinin araşdırılması və poblemlərin müəyyən edilməsi, informatika fənninin intellektual oyunlar vasitəsilə tədrisinin pedaqoji-psixoloji aspektlərinin araşdırılması, informatikanın tədrisi keyfiyyətinin intellektual oyunlar vasitəsi ilə yüksəldilməsi üçün metodikanın, texnologiyanın, modelin işlənməsi və s. məsələlərə baxılmışdır”, - deyə məruzəçi əlavə edib.
B.İsmayılova seminarda Gilford modeli, intellektin ölçülməsi, insan fəaliyyətinin növlərindən də bəhs edib, məşhur psixoloq, tədqiqatçı və pedaqoqların oyun fəaliyyətinin vacibliyi haqqında fikirlərini diqqətə çatdırıb. Əlavə edib ki, bu oyunlar didaktik, intellektual, işgüzar, kompüter, idman, hərbi və rollu olmaqla təsnif edilir. İntellektual oyunların funksiyalarına isə diaqnostik qiymətləndirmə, millətlərarası ünsiyyət, sosiallaşma, psixotreninq və s. daxildir.
Tədqiqatçı bir sıra kompüter oyunları, onların yaranma tarixindən də söz açaraq bildirib ki, bu oyunlar əyləncə, ictimai təhsil, proqnozlaşdırma, ictimai təsir və s. kimi ehtiyaclardan yaranmışdır.
Məruzəçi intellektual oyunların bir növü olan kommersial populyar tədrisyönümlü oyunlar, onların yaradıcısı və tətbiq sahəsindən bəhs edib. Vurğulayıb ki, 15 ildən çoxdur ki, tədrisyönümlü oyunlar üzrə beynəlxalq konfranslar, kompüter oyunları üzrə hər il dünya çempionatı keçirilir, layihə və koqnutiv tədqiqatlar hazırlanır. İntellektual oyun nəzəriyyəsi kompleks-inteqrativ elm sahəsidir, intellektual, sosial-psixoloji, professional inkişaf üçün ən güclü vasitədir.
Daha sonra o, məktəb informatika kursunun xüsusiyyətləri, ümumtəhsil məktəblərində informatika fənninin tədrisinin aktual problemlərindən danışıb: “Bu problemlərə müəllimlərdə oyun fəaliyyətinin planlaşdırılması və tədris prosesinə inteqrasiya bacarığının zəif olması, oyun texnologiyalarından istifadə metodikasının olmaması, dərsdə daha çox oyunlara həvəs, öyrənmə motivasiyasının, terminləri oxuyub-anlama, analiz, sintez bacarıqlarıının qənaətbəxş olmaması, müxtəlif siniflər üzrə tədrisyönümlü intellektual oyunlara aid metodik, didaktik vəsaitlərin azlığı və s. daxildir”.
Ümumtəhsil məktəblərində informatika fənninin tədrisinin aktual problemləri, informatika fənninin tədrisində yaranan çətinliklər və onların səbəbləri, xarici ölkələrdə informatika fənninin tədrisi, təlim prosesinin keyfiyyət meyarları, şagirdlərin krossvordla işləmə səriştəsinin qiymətləndirilməsi, onun tətbiqi ilə keçilən dərslərdə metodologiya və qiymətləndirmə meyarlarından danışan B.İsmayılova pedaqoji-psixoloji eksperiment və onun mərhələləri - müəyyənləşdirici, öyrədici və yoxlayıcı mərhələlərini diqqətə çatdırıb.
Sonda B.İsmayılova ümumtəhsil məktəblərində informatika fənninin tədrisi ilə bağlı problemlərin müəyyən edildiyini, informatika fənninin intellektual oyunlar vasitəsilə tədrisinin pedaqoji-psixoloji aspektlərinin araşdırıldığını, informatikanın tədrisi keyfiyyətinin intellektual oyunlar vasitəsi ilə yüksəldilməsi üçün yeni yanaşma - metodika, texnologiya, model işləndiyini, təklif olunmuş metodikanın səmərəliliyinin və tətbiqi imkanlarının yoxlanılması üçün pedaqoji-psixoloji eksperiment aparıldığını və nəticələrin təhlil olunduğunu qeyd edib.
Sonra dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
İnstitutun baş elmi işçi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova dissertasiya işinin elmi-metodiki yeniliyindən danışıb, tədqiqat çərçivəsində bir sıra praktiki əhəmiyyətli problemlərin həllinə nail olunduğunu vurğulayıb. O, insanların İQ göstəricisinə görə təsnifatı, intellekt yaşı və intellektual oyunların inkişaf tarixi ilə bağlı araşdırmaların dərinləşdirilməsinin məqsədəuyğun olduğunu deyib, eləcə də dissertasiya işinin strukturuna dair təklif və tövsiyələrini səsləndirib.
Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov tədqiqat işi ilə əlaqədar fikirlərini bölüşərək mövzunun aktuallığından bəhs edib, işin strukturu ilə bağlı irad və tövsiyələrini irəli sürüb.
Şöbə seminarında çıxış edən pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Əhmədov dissertasiya işi çərçivəsində qarşıya qoyulmuş problemlərin həlli istiqamətində əsaslı tədqiqatların aparıldığını bildirib. “Əldə olunan nəticələr praktikada öz əksini tapmalı, təhsil müəssisələrində sınaqdan keçirilməli və müvafiq istiqamətdə tədqiqatlar daha da genişləndirilməlidir”, - deyən məruzəçi dissertasiya işinin sistemləşdirilməsinin də zəruri olduğunu söyləyib.
İnstitutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova çıxış edərək məruzə ilə bağlı irad, təklif və tövsiyələrini səsləndirib. O, tədqiqat zamanı qarşıya aktual məsələlərin qoyulduğunu, dissertasiya işinin həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.