AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 2 saylı şöbənin cari il üzrə hesabatı dinlənildi.
Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, beynəlxalq konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlərdən danışdı.
Y.İmamverdiyev öncə “E-dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metodların və modellərin işlənməsi” istiqamətində aparılmış elmi-tədqiqat işlərini diqqətə çatdırdı. Bu istiqamətdə şöbədə e-dövlətin informasiya təhlükəsizliyinin situasiyalar üzrə və strateji idarəedilməsi, informasiya təhlükəsizliyi üzrə monitorinq və koordinasiyası, bulud texnologiyalarının təhlükəsizliyi, fərdi məlumatlar seqmentinin təhlükəsiz və effektiv idarəedilməsi problemlərinin tədqiq olunduğunu söylədi. Qeyd etdi ki, şöbədə elektron dövlətin informasiya təhlükəsizliyinin idarəedilməsi, proqram təminatı boşluqlarının verilmiş zaman müddətində proqnozlaşdırılması, informasiya təhlükəsizliyinin geniş miqyaslı monitorinqi, şəbəkələrin onlayn monitorinqinin optimallaşdırılması, ocümlədən buludların dinamik federallaşması üçün iyerarxik risk qiymətləndirilməsi sisteminin yaradılması, bulud infrastrukturunda reallaşa bilən bəzi hücumların aşkarlanması, şəxsin səsə görə tanınması üçün bir sıra metod və modellər təklif edilmiş, tədqiqatların nəticələri nüfuzlu elmi jurnallarda çap olunmuşdur.
Y.İmamverdiyev, həmçinin elmi-innovasiya işləri üzrə AzScienceCERT çərçivəsində görülmüş işlər haqqında məlumat verdi, informasiya təhlükəsizliyi insidentlərinin idarə olunması, istifadəçilərin informasiya təhlükəsizliyi sahəsində maarifləndirilməsi üzrə görülmüş işlərdən danışdı. Bildirdi ki, AzScienceCERT-in beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi üzrə müəyyən işlər görülmüşdür və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üzrə bir sıra təkliflər işlənmişdir.
Məruzəçi aparılan elmi-tədqiqat və elmi-innovasiya işləri üzrə konfranslarda məruzələr edildiyini, problemlər ətrafında şöbədaxili seminarların keçirildiyini, beynəlxalq elmi-tədqiqat əlaqələrinin qurulduğunu söylədi, istedadlı gənc kadrların işə cəlb edilməsi ilə əlaqədar görülmüş işləri diqqətə çatdırdı.
Məruzə ətrafında aparılmış müzakirələrdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev təklif və tövsiyələrini səsləndirdilər. Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.