İnstitutda elektron tibb məsələlərinə həsr olunmuş elmi seminar keçirildi

25 Noyabr 2014 - 10:15 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Rasim Əliquliyev seminarın elektron-tibb məsələlərinə həsr olunduğunu bildirdi. "Elektron tibb problemləri İnformasiya Texnologiyaları İnstitutunun prioritet elmi istiqamətlərindən birinə çevrilməlidir" deyə bildirən alim bugünkü məruzəni ölkəmizdə e-tibb sahəsinə ilk elmi yanaşma kimi qiymətləndirdi, elektron tibb problemlərinin öyrənilməsi ilə bağlı elmi araşdırmaların aparılmasının vacibliyini vurğuladı.

R.Əliquliyev bildirdi ki, "Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əhalinin sağlamlığının monitorinqi üzrə müxtəlif tibbi elektron registrlər, vətəndaşların “elektron sağlamlıq kartı” sistemi və vahid səhiyyə informasiya sisteminin yaradılması bəyan edilmişdir. Həmçinin AMEA rəhbərliyi e-tibb problemlərinin elmi əsaslarının öyrənilməsini Azərbaycan elmi qarşısına vəzifə kimi qoymuşdur: "Bizim məqsədimiz elmi qurum olaraq cəmiyyət qarşısında bu istiqamətdə təbliğat işi aparmaq, elektron tibblə bağlı əldə olunacaq elmi nəticələri respublikanın bütün ali təhsil və elmi müəssisələrinə çatdırmaq, gənc kadrları bu araşdırmaların aparılmasında iştiraka cəlb etməkdir".

Alim qeyd etdi ki, elektron tibb problemləri üzrə dərin və müfəssəl araşdırma ölkəmizdə bu sahənin inkişafı yönündə mühüm nailiyyətlərin əldə olunmasına təkan verəcək. Elektron tibb dünyanın ən perspektivli sahələrindən biridir və informasiya cəmiyyətinin aparıcı ölkələrinin ən böyük nailiyyətləri məhz bu sahəyə aiddir.

Sonra texnika elmləri doktoru, professor Məsumə Məmmədova "Elektron-tibb: məqsədi, mahiyyəti, müasir vəziyyəti, elmi problemləri, perspektivləri" adlı məruzəsini təqdim etdi. Bildirdi ki, müasir dövrdə informasiya texnologiyalarının ən az tətbiq olunan sahələrindən biri də tibbdir. Lakin dünyada gedən qloballaşma prosesi, müasir texnologiyaların sürətli inkişafı və s.  tibbdə informasiya texnologiyalarının tətbiqini qaçılmaz etmişdir. Elektron tibb – informasiya-kommunikasiya texnologiyaları (İKT) və tibb sahəsində xidmət göstərilmə prosesinin bütün iştirakçılarının marağı çərçivəsində informasiyanın mübadiləsi üzrə xidmətlərin təşkili və göstərilməsi üçün vasitələr kompleksidir.

E-tibbin meydana gəlməsini təyin edən faktorlardan danışan məruzəçi xəstəliklərin diaqnostikası və müalicəsi üçün yüksək texnoloji avadanlıqların geniş istifadəsi fonunda pasientin müalicəsi gedişində formalaşan informasiyanın toplanması, saxlanılması və emalı texnologiyalarının  cüzi şəkildə dəyişdiyini diqqətə çatdırdı. Bildirdi ki, demoqrafik proseslər - inkişaf etmiş ölkələrdə doğumun aşağı düşməsi, qocalma və yaşlı əhali faizinin artması, inkişaf etməkdə olan dünyada – gənc əhalinin sürətlə artması da mühüm faktorlardandır. Dövlətin (səhiyənin) məqsədi isə ondan ibarətdir ki, cəmiyyətin heç bir hissəsi tibbi xidmətdən kənarda qalmasın.

Qeyd etdi ki, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti, səhiyyə sisteminin göstərdiyi xidmətin əlyetərliyi, əhalinin öz sağlamlığı haqqında məlumatlandırılmasının artırılması və s. elektron səhiyyənin əsas məqsədlərindəndir.

Elektron tibbin yaradılması bir sıra əsas tətbiqi istiqamətlər üzrə əhəmiyyətli nəticələrin əldə olunmasını nəzərdə tutur ki, buraya elektron tibb kartlarının (ETK) tətbiqi, qeydiyyatın aparılması işinin avtomatlaşdırılması, sənədləşmənin, arxivləşdirmənin  elektron formada aparılması və s. daxildir.

E-tibb sahəsində beynəlxalq təcrübədən danışan məruzəçi qeyd etdi ki, bu sahədə vahid dünya təcrübəsi mövcud deyil: "İnkişaf etmiş ölkələrdə dövlət e-səhiyyənin yaradılmasının müxtəlif modelləri mövcuddur ki, onlar da ölkədə səhiyənin maliyələşdirilməsi və təşkili prinsiplərindən asılıdır". Bildirdi ki, ABŞ, Kanada, Norveç, Finlandiya və s. e-tibb sahəsində mühüm nailiyyətlər əldə edən ölkələrdəndir. O, e-tibbin müxtəlif modellərindən söz açaraq, onların mahiyyəti, mənfi və müsbət cəhətləri haqqında məlumat verdi.

Məruzəsini Azərbaycanda e-səhiyyənin inkişafı ilə bağlı məlumatlarla davam etdirən M.Məmmədova 2010-cu ilin may ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin yaradıldığını nəzərə çatdırdı.

Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi, tibbi müayinə kartının onlayn sifarişi, daxili istehsal məhsularına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciət və sənədlərin qəbulu,profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi və s. nazirliyin təqdim etdiyi elektron xidmətlərdir.

Prof. M.Məmmədova e-tibb sahəsində elmi dəstək tələb edən problemlərdən də danışdı. Onun sözlərinə görə, böyük həcmli verilənlər (Big Data) əsasında səhiyyə üçün yeni texnologiyalar, tibbi və bioloji təhsilin diaqnostika, tele-konsultasiya, virtual anatomik stollar və 3D təlim vasitələri ilə təminatı, tibbi məlumatların təhlükəsizliyi, elektron səhiyyənin proqram-texniki vasitələrlə təminatı və s. e-tibb elminin problemlərindəndir.

Məruzəçi, həmçinin MDB dövlətlərində e-səhiyyə, teletibb, Azəbaycanda e-səhiyyənin perspektivləri, bu sahədə elmi konfranslar və onların  istiqamətləri, elmi jurnallar və s. barədə ətraflı məlumatları diqqətə çatdırdı.

Sonda çıxış ətrafında geniş fikir mübadiləsi aparıldı. Məruzə ilə bağlı silsilə məqalələrin, icmal, o cümlədən ekspress-informasiyanın hazırlanması və onların müvafiq elmi müəssisələrdə təbliğ olunması tövsiyə olundu. Bildirildi ki, elektron tibbin formalaşması və inkişafına dair dövlət proqramının hazırlanması, konseptual baxış və elmi dəstəyin formalaşması müasir elmimizin tələblərindəndir. İnformasiya texnologiyaları sahəsində mühüm layihələr həyata keçirən və böyük elmi nailiyyətləri olan bir qurum kimi bizim institut da elektron tibbin inkişafına öz töhvələrini verməlidir.

Tədbirin sonunda institutun şöbə müdiri Şakir Mehdiyev 3D-printerlər, bu qurğuların iş prinsiplərinə dair görüntüləri, şöbə müdiri Anar Səmidov isə Adobe MAX, Tachpadlar və s. kimi yeni texnologiyaları əks etdirən maraqlı videoçarxları təqdim etdi. Qeyd edək ki, bu kimi məruzələrin hazırlanmasında əsas məqsəd institut əməkdaşlarını informasiya-kommunikasiya texnologiyaları sahəsində dünya üzrə əldə olunmuş ən son nailiyyətlərlə tanış etmək və elmi seminarların səmərəliyini daha da artırmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.