AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan iclasın sədri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova gündəlikdə duran məsələ haqqında məlumat verdi. Seminarın institutun dissertantı İsmayıl Sadıqovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.
Sonra dissertant İ.Sadıqov “Statistik təhlillər əsasında Azərbaycan dilində mətnlərin oxunabilirliyinin qiymətləndirilməsi metodları və alqoritmlərinin işlənməsi” adlı dissertasiya işini təqdim edərək onun giriş, 4 fəsil, nəticə, 120 adda ədəbiyyat siyahısı və bir əlavədən ibarət olduğunu bildirdi. Qeyd etdi ki, mövzu üzrə 8 elmi məqalə, 1 ekspress-informasiya çap edilmiş, 1 tətbiqi proqram və 1 veb-sayt hazırlanmışdır.
Məruzəçi işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. Bildirdi ki, dissertasiya işində mətnlərin mürəkkəbliyinin qiymətləndirilməsi üçün riyazi modellərin qurulmasının zəruriliyinin əsaslandırılması və mövcud qiymətləndirmə düsturlarının Azərbaycan dilinin özəllikləri nəzərə alınmaqla uyğunlaşdırılması, Azərbaycan dilindəki mətnlərin mürəkkəbliyinin qiymətləndirilməsi üçün avtomatlaşdırılmış texnologiyaların işlənib hazırlanması, bəzi dünya ədəbiyyatı nümunələrinin orijinalının və onların Azərbaycan dilinə tərcümələrinin oxunabilirliyinin müqayisəsi, eləcə də hazırlanmış metodika əsasında məktəb dərsliklərinin mürəkkəbliyinin və şagirdlərin yaş səviyyəsinə uyğunluğunun qiymətləndirilməsi kimi məsələlər qoyulmuşdur.
İ.Sadıqov dissertasiya işinin əsas məqsədinin Azərbaycan dilində olan mətnlərin mürəkkəblik dərəcəsini qiymətləndirmək üçün riyazi modellərin (oxunabilirlik düsturlarının) və avtomatlaşdırma vasitələrinin (müvafiq proqram təminatının) hazırlanması, eyni zamanda, hazırlanan riyazi və informasiya modelləri əsasında Azərbaycanın ümumtəhsil məktəblərində istifadədə olan dərsliklərdəki mətnlərin şagirdlərin yaş səviyyəsinə uyğunluğunun obyektiv qiymətləndirilməsi olduğunu nəzərə çatdırdı.
İddiaçı dissertasiya işində əldə olunmuş nəticələri təqdim edərək bildirdi ki, tədqiqat işində ingilis dilindəki mətnlər üçün olan ən məşhur oxunabilirlik düsturlarından dördü – “Fleş”in oxuma asanlığı, “Fleş-Kinkeyd”in təhsil səviyyəsi, “Deyl-Çell”in yeni oxunabilirlik və “Speş”in oxunabilirlik düsturları Azərbaycan dili mətnləri üçün modifikasiya edilmiş, bu düsturlar müxtəlif mətnlər üçün sınaqdan keçirilmiş və onların düzgünlüyü təcrübədə öz təsdiqini tapmışdır. Eyni zamanda, xüsusi metodika işlənib tətbiq edilərək, ilk dəfə olaraq Azərbaycan dilinin əsas lüğət fondunu təşkil edən və ibtidai sinif şagirdlərinin əksəriyyətinin anladığı 1000 və 3000 sözdən ibarət siyahılar hazırlanmışdır. Bundan başqa, Azərbaycan dili mətnlərinin statistik göstəricilərinin hesablaması prosesinin avtomatlaşdırılması üçün müvafiq proqram təminatı hazırlanmış və Azərbaycan dili mətnlərinin statistik göstəricilərinin və oxunabilirliyinin hesablanması üçün hər kəsin istifadəsinə açıq olan veb-sayt (www.oxunabilir.az) yaradılmışdır.
İ.Sadıqov, həmçinin tədqiqat işində Azərbaycanın ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərin ilk dəfə olaraq statistik təhlilinin aparıldığını, eyni zamanda, Azərbaycan dili mətnləri üçün modifikasiya edilmiş “Fleş”in oxuma asanlığı və “Fleş-Kinkeyd”in təhsil səviyyəsi düsturları əsasında Azərbaycanın ümumtəhsil məktəblərində hazırda istifadə olunan dərsliklərin oxunabilirlik səviyyələrinin hesablandığını qeyd etdi.
İddiaçı dissertasiya işinə dair çoxsaylı sualları cavablandırdı. Müzakirələrdə professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova iştirak edərək sual və təkliflərini səsləndirdilər.
Daha sonra dissertasiya işi üzrə elmi rəhbər AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, mövzunun aktual məsələlərə həsr olunduğunu bildirdi. Alim dissertasiya işinin Azərbaycan dilindəki mətnlərin mürəkkəblik səviyyəsinin qiymətləndirilməsinə dair ilk elmi iş olduğunu qeyd etdi.
“Bu tədqiqat yeni bir elmi istiqamətin başlanğıcıdır”, – deyə bildirən akademik son illər ölkədə linqvistik informatika və kompüter dilçiliyi ilə bağlı çoxsaylı araşdırmaların aparıldığını, dissertasiya işlərinin hazırlandığını diqqətə çatdırdı.
R.Əliquliyev dissertasiya işi çərçivəsində hazırlanmış www.oxunabilir.az veb-saytının ölkəmizdə dərslik və dərs vəsaitlərinin hazırlanmasında müəlliflər, nəşriyyat rəhbərləri və redaktorlar, tədris vəsaitlərinin qiymətləndirilməsində iştirak edən ekspert qruplarının üzvləri, veb-sayt yaradıcıları, kütləvi informasiya vasitələrinin rəhbərləri və ümumiyyətlə, mətnlərlə işləyən hər kəs üçün zəruri bir mənbə olduğunu vurğuladı.
Akademik tədqiqat işində tədris materiallarının, müxtəlif mətnlərin oxunabilirliyinin avtomatik qiymətləndirilməsi ilə bağlı əldə olunan elmi nəticələrin praktikada uğurla tətbiq olunduğunu qeyd etdi.
Elmi rəhbər, həmçinin oxunabilirliyə mane olan faktorlar arasında morfoloji, sintaktik, semantik, terminoloji və semiotik amillərin dissertasiya işində təqdim olunmasının vacibliyini vurğuladı, təklif və tövsiyələrini səsləndirdi.
R.Əliquliyev elmi işin ölkəyə yeni bir texnologiyanın gətirilməsi baxımından əhəmiyyətini önə çəkərək, iddiaçının dissertasiya işinin müdafiəyə tövsiyə olunduğunu söylədi.
Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev çıxış edərək, dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildirdilər. Alimlər tədqiqatın AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.
Daha sonra səsvermə keçirildi və dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi qərara alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.