23 iyun 2021-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda ED 1.35 Dissertasiya şurasının onlayn iclası keçirildi.
Dissertasiya şurasının sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev iclasın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün Zərifə Cəbrayılovanın “İnformasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasının elmi-metodoloji əsaslarının işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu söylədi.
Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov iddiaçı Z.Cəbrayılovanın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.
Sonra texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova dissertasiya işini təqdim edərək işin giriş, 5 fəsil, nəticə, 321 adda ədəbiyyat siyahısı və əlavələrdən ibarət olduğunu, dissertasiyanın əsas məzmununun 50 şəkil və 96 cədvəl daxil olmaqla 404 səhifədə şərh edildiyini söylədi.
İddiaçı mövzunun aktuallığı, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında məlumat verdi.
Alim dissertasiya işinin məqsədinin elektron dövlətin insan resurslarının idarə olunması infrastrukturunda qərarların qəbulunun intellektual dəstəklənməsi üçün model, metod və instrumental vasitələrin işlənilməsindən ibarət olduğunu dedi.
O bildirdi ki, işin aktuallığı informasiya cəmiyyətinin formalaşması, ölkə əhalisinin rifahına və firavanlığına xidmət edən milli elektron-dövlətin insan resurslarının idarə olunması (İRİO) infrastrukturunun yaranması, İRİO-nun çoxsəviyyəli modelinin meydana gəlməsi və Sənaye 4.0 şəraitində süni intellekt model və metodlarının tətbiqinə diqqətin artması ilə bağlıdır. Buna görə də ölkənin sosial-iqtisadi, kadr və demoqrafik siyasətini formalaşdıran qərarların dəstəklənməsi üçün demoqrafik faktorların rolu, analizi, proqnozlaşdırılması və intellektual demoqrafik proqnoz sisteminin işlənməsi, əmək bazarının (ƏB) proqnozlaşdırılması və planlaşdırılması, effektivliyinin qiymətləndirilməsi, yoxsulluğun azaldılması sistemində aztəminatlı ailələrin gəlirlərinin qiymətləndirilməsi metodikalarının işlənməsi, tibbi seqmentdə kadr təminatı ilə bağlı vəziyyətin analizi, insan resurslarının inkişafına təsir tendensiyalarının təyini və bu seqmentdə tələb və təklifin uyğunlaşdırılmasının mümkün ssenarilər üzrə qərar qəbulu metodlarının işlənməsi, təşkilatda personalın idarə olunması ilə bağlı qərarların qəbulunun intellektual dəstəklənməsi üçün qeyri-səlis riyazi aparata istinad etməklə model və metodların, instrumental vasitələrin işlənilməsinin aktual məsələlər olduğunu bildirdi.
Müdafiəyə çıxarılan əsas müddəaları diqqətə çatdıran iddiaçı informasiya cəmiyyəti şəraitində İRİO-nın elmi-nəzəri aspektlərinin işlənildiyini, müxtəlif idarəetmə səviyyələrində İRİO qərarlarının qəbulunun dəstəklənməsi məsələlərinin identifikasiya olunduğunu, informasiya cəmiyyəti şəraitində İRİO-nın elmi-nəzəri aspektlərinin işlənildiyini, dövlətin insan resursları və sosial-iqtisadi siyasətini formalaşdıran qərarların qəbulunun dəstəklənməsində demoqrafiq faktorların proqnozlaşdırılması modeli, metodu və sisteminin işlənildiyini, yoxsulluğun azaldılması və perspektiv məşğulluq siyasətinin formalaşması üçün qərarların qəbulunun dəstəklənməsi məsələlərinin modellərinin, həll metod və alqoritmlərinin təklif olunduğunu,tibbi seqmentdə insan resurslarının formalaşması, istifadəsi və inkişafı ilə bağlı vəziyyətin təhlil olunduğunu, tibb mütəxəssislərinə olan tələb və təklifin uyğunlaşdırılmasının çoxssenarili həll variantlarına uyğun qərar qəbulu metodları və alqoritmlərinin işlənildiyini, təşkilatda intellektual dəstək tələb edən İRİO məsələlərinin ümumiləşdirilmiş qiymətləndirmə modeli, çoxkriteriyalı qərar qəbulu metodları, alqoritmləri və instrumental vasitələrinin işlənildiyini, İRİO qərarlarının qəbulunun intellektual dəstəklənməsi üçün ilkin informasiyanın emalı üsullarının təklif olunduğunu bildirdi.
Əldə edilmiş elmi yeniliklər və onların elmi-praktiki əhəmiyyətindən söz açan iddiaçı, dissertasiya işi çərçivəsində informasiya cəmiyyəti şəraitində iyerarxik idarəetmə səviyyələri üzrə İRİO qərarlarının qəbulunun dəstəklənməsi məsələlərinin müəyyənləşdirildiyini və onların modelləşdirilməsi üçün qeyri-səlis riyazi aparatın istifadəsinin zəruriliyinin əsaslandırıldığını, zəif strukturlu, çətin formalizə olunan məsələlərin həlli üçün qərarların qəbul olunmasının riyazi əsaslarının inkişaf etdirildiyini, nəticələrin konkret obyektdə və empirik eksperimentlərdə tətbiq edilməklə sınaqdan keçirildiyini, əsas nəticələrin Azərbaycan Milli Elmlər Akademiyasının fundamental tədqiqatları çərçivəsində“İnformasiya texnologiyalarının nəzəri və texniki problemləri”mövzusunda elmi-tədqiqat işlərinin yerinə yetirilməsində əldə olunduğunu və AMEA-nın Rəyasət Heyəti və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərəfindən mühüm nəticə kimi tanındığını diqqətə çatdırdı.
O, qoyulmuş məsələlərin həlli üçün qeyri-səlis çoxluqlar nəzəriyyəsi, qərarların qəbul olunması nəzəriyyəsi, qeyri-səlis zaman sıraları, çoxkriteriyalı seçim və ranqlaşdırma metodları, iyerarxik analiz metodu, situasiyaların analizi, qeyri-səlis obrazların tanınması metodlarının istifadə edildiyini bildirdi.
Alimin sözlərinə görə, dissertasiya işində alınmış nəticələr İRİO qərarlarının qəbulunun intellektual dəstəklənməsi sistemlərinin yaradılması və tətbiqinə yönəldilmişdir: “Təklif olunan metod və alqoritmlər müvafiq hesablamalara və fərdi kompüter bazasında reallaşan İRİO qərarlarının qəbulunun intellektual dəstəklənməsi sistemlərinin sintezi prosedurları səviyyəsinə, ölkə miqyasında insan resurslarının iyerarxik səviyyələr üzrə idarə olunması üçün instrumental vasitələrin, tətbiqi proqram dəstlərinin işlənilməsi və tətbiqinə gətirilmişdir”.
Sonra Z.Cəbrayılova dissertasiya işi üzrə nəşr olunmuş elmi əsərlərin siyahısını diqqətə çatdırdı. Dissertasiyanın nəticələri üzrə 38 elmi iş, o cümlədən 3 kitab, nüfuzlu elmi-praktiki jurnallarda 23 məqalə, beynəlxalq və respublika səviyyəli konfranslarda 12 məruzənin çap olunduğunu bildirdi.
Rəsmi opponentlər AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika elmləri doktoru, professor Bayram İbrahimov, texnika elmləri doktoru, professor Cavanşir Məmmədov, texnika elmləri doktoru, dosent Mehriban Fəttahova öz çıxışlarında dissertasiya işinin əhəmiyyətini önə çəkdilər. Əldə olunan elmi yeniliklərin tamamilə orijinal olduğunu, kompleks məsələlərin uğurla həll edildiyini vurğulayaraq iddiaçının “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsini almağa layiq olduğunu söylədilər, eləcə də irad və tövsiyələrini nəzərə çatdırdılar.
İddiaçı irad, rəy və təkliflərə öz münasibətini bildirdi.
Daha sonra F.Yusifov dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi, qeyd olunan iradları diqqətə çatdırdı.
Müzakirələrdə iştirak edən akademik Əli Abbasov, akademik Fikrət Əliyev, texnika elmlər doktoru, professor İqbal Babayev, texnika elmləri doktoru, professor Nadir Ağayev, texnika elmləri doktoru, professor Ələkbər Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdilər.
Qeyd olundu ki, informasiya texnologiyaları sahəsində mühüm yenilik olan bu dissertasiya işində infomasiya cəmiyyətində insan resurslarının idarə olunması modelləri təklif olunmuş, Lütfi Zadənin qeyri-səlis nəzəriyyəsi, riyazi aparatlar və məntiqi modelləşdirmədən uğurla istifadə edilmişdir. İRİO-nun iyerarxik idarəetmə səviyyələri: makro, mezo və mikrosəviyyələr üzrə qarşıya qoyulmuş bütün məsələlər öz həllini tapmışdır.
Bildirildi ki, informasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasının elmi-metodoloji əsaslarının işlənməsi mövzusunda dissertasiya işi sistemli analiz, idarəetmə və avtomatika sahəsində böyük aktuallığa və əhəmiyyətə malikdir.
Hər zaman zəhmətkeşliyi və elmə böyük marağı ilə seçilən Z.Cəbrayılovanın müəllifi olduğu elmi məqalələrin nüfuzlu beynəlxalq jurnallarda çap olunması dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini bir daha sübut edir.
İnsan resurslarının idarə olunmasının informasiya cəmiyyətinin gələcək inkişafının tələbinə yönəldiyini nəzərə alaraq insan resurslarının intellektual idarəetməsini nəzərdə tutan dissertasiya işi həm dövlət, həm də cəmiyyət üçün son dərəcə əhəmiyyətlidir.
Dissertasiya işinə dair elmi məsləhətçi – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək, dissertasiya işində qarşıya qoyulan aktual məsələlərin praktiki əhəmiyyətə malik olduğunu bildirdi. Demoqrafik proseslərin qeyri-müəyyən xarakter daşıdığını və ölkədə baş verən sosial-siyasi hadisələrdən asılı olduğunu qeyd edən alim bununla əlaqədar olaraq, rəhbərlik etdiyi 15 saylı şöbədə hələ illər öncə müvafiq istiqamətdə yeni metodların işlənilməsinə başlanıldığını söylədi. Beləliklə, institutun elmi istiqamətləri sırasına sosioinformasiya texnologiyaları problemlərinin əlavə edildiyini və bu illər ərzində sosial sahədə bir sıra praktiki əhəmiyyətli problemlərin həllinə nail olunduğunu vurğuladı.
M.Məmmədova işçi qüvvəsinin idarə olunmasının əvvəllər kadrların idarə olunması konsepsiyası, daha sonra isə personalın idarə olunması ilə məhdudlaşdığını diqqətə çatdırdı. Qeyd etdi ki, informasiya texnologiyaları inkişaf etdikcə informasiya cəmiyyəti şəraitində artıq insanın fiziki deyil, intellektual əməyinə xüsusi diqqət yetirilməsinə başlanılmışdır. Məhz 1970-ci illərin ortalarından etibarən, “insan resursları” termini ortaya çıxmışdır. Artıq insanın həm intellektual potensialı, həm də şəxsi və “yumşaq” keyfiyyətləri (komandada işləmək, öyrənmək və öyrətmək bacarığı və s.) kadr seçimində mühüm rol oynamağa başlamışdır.
“Biz şahidi oluruq ki, əmək bazarında insanların bilik və bacarıqlarına olan tələblər hər bir texnoloji mühitdə dəyişməyə başlamışdır. Bu o deməkdir ki, insan resurslarının qiymətləndirilməsində yeni metodlar işlənilməlidir”, – deyə bildirən alim, tədqiqat işinin yüksək səviyyədə yerinə yetirildiyini qeyd etdi, onun gələcəkdə də davam etdirilməsi zərurəti ilə bağlı tövsiyələrini səsləndirdi.
Sonra çıxış edən İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev sivilizasiyanın inkişafında insan resurslarının ən qiymətli resurs olduğunu bildirdi. Qeyd etdi ki, bu gün inkişaf etmiş ölkələrin iqtisadi və intellektual potensialı təbii resurslarla deyil, məhz keyfiyyətli insan resurslarının formalaşması ilə müəyyənləşir. Cəmiyyətdə innovativ mühitin formalaşması, qabaqcıl texnologiyaların tətbiqi, iqtisadiyyatın inkişafı, sosial rifahın yüksəldilməsi və s. kimi məsələlərlə yanaşı, yüksək keyfiyyətli insan resurslarının formalaşdırılması dövlət siyasətinin ən mühüm prioritetlərindəndir. Bu səbəbdən institutda da bu kimi problemlərlə bağlı müxtəlif istiqamətlər üzrə əsaslı tədqiqatlar aparılır.
Alim, iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu və elmi yeniliyə malik olduğunu bildirdi. Dissertasiya işində elmtutumlu araşdırmaların aparıldığını, beynəlxalq təcrübənin öyrənildiyini, mühüm elmi nəticələrin əldə olunduğunu, problemin həlli üçün yeni yanaşmaların ortaya qoyulduğunu nəzərə çatdırdı. Alim gərgin əməyin nəticəsi olan tədqiqat işini yüksək qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq dissertasiyalarının tələblərinə tam cavab verdiyini söylədi.
Akademik R.Əliquliyev Zərifə Cəbrayılovanın nəcib insani keyfiyyətlərə sahib olduğunu, Azərbaycan xanımları sırasında belə yüksək intellektə malik bir alimin yetişməsindən məmnunluğunu dilə gətirdi. Alim onun yalnız elmi tədqiqatçı deyil, həm də institutun Qadınlar Şurasının sədri, AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının elmi katibi vəzifələrini də layiqincə yerinə yetirdiyini nəzərə çatdırdı. Zərifə Cəbrayılovaya möhkəm can sağlığı, gələcək fəaliyyətində uğurlar arzuladı.
İddiaçının yekun sözləri dinlənildikdən sonra AAK-ın rəsmi saytında “Şəxsi kabinet”ə daxil olmaqla gizli elektron səsvermə keçirildi.
Səsvermənin nəticələrinə əsasən, Z.Cəbrayılovaya texnika elmləri doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.