“Development of an algorithm using the AHP method for selecting software according to its functionality” (Funksionallığın meyarlarına görə proqram təminatının seçilməsi üçün AHP metodunun tətbiqi ilə alqoritmin işlənilməsi) adlı məqalə nüfuzlu “Soft Computing” jurnalında çap olunub.
Tədqiqat işində proqram təminatının funksionallığını qiymətləndirmək üçün Analitik İyerarxiya Prosesi (Analytic Hierarchy Process, AHP) metodundan istifadə etməklə alqoritm işlənmişdir. Proqram təminatının funksionallığının xarakteristikalarına AHP-nin tətbiqi ilk işlərdən sayılır. Analitik iyerarxiya prosesi – vahid qərar vermənin strukturlaşdırılmış texnikasıdır. Nəyin düzgün olub-olmadığı sualına cavab vermir, lakin qərar verən şəxsin seçdiyi variantlardan hansının onun ehtiyaclarına uyğun olduğunu və problemi başa düşməsini qiymətləndirməyə imkan verir.
Burada iki varianta baxılmışdır: 1-ci variantda funksionallığın 3 meyarından və 5 alternativdən istifadə edilərək cüt-cüt müqayisə aparılmış, nəticədə hansı meyarın daha üstün olması müəyyən edilmişdir. 2-ci variantda isə 5 proqram təminatı, funksionallığın 5 meyarından və 5 alternativdən istifadə edilimişdir. Sonra hansı meyarın daha üstün olması müəyyən edilmiş və onların qiymətinə uyğun ən yaxşı proqram təminatı seçilmişdir.
Proqram təminatının funksionallığının 5 meyarı və 5 alternativə görə AHP vasitəsilə cüt-cüt müqayisəsi və qiymətləndirilməsi bu sahədə ilk işlərdən biridir. Aparılan təcrübələr və alınmış nəticələr göstərir ki, bu da proqramın dəqiq və düzgün işləməsinə səbəb olur. Digər tədqiqat işlərində proqram təminatının maksimum 3 meyarından istifadə edilmişdir.
Məqalənin müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovadır.
Qeyd edək ki, “Springer Nature” tərəfindən nəşr olunan və 2.784 impakt faktoruna malik “Soft Computing” jurnalı “Web of Science”, “DBLP”, “EBSCO Academic Search”, “EBSCO Engineering Source“, “Google Scholar”, “SCOPUS”, “INSPEC”, “Institute of Scientific and Technical Information of China” kimi beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.